Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:39

Türkmənistan prezidenti müxalifət partiyası yaratmağa çağırdı


Prezident Berdıməhəmmədov hamını təəccübləndirib. O fevralın 18-də ölkədə müxalifət partiyalarının yaradılmasını təklif edib.

Müstəqil olandan bəri Türkmənistanda yalnız bir partiya var. O da keçmiş Kommunist Partiyası əsasında yaradılan Demokrat Partiyası.

Bu, hakim partiyadır. Yaradıcısı keçmiş türkmən prezidenti, özünə “türkmənbaşı” deyən Saparmurad Niyazov olub.

YA HƏBSDƏ, YA DA MÜHACİRƏTDƏ

Müxalifət fəallarının əksəriyyəti ya həbsdədir, ya da Avstriyada, İsveçdə, Rusiyada mühacirətdə.

Bu gün Türkmənistanda “Milli bayraq günüdür”.

Bu ərəfədə - prezident Berdıməhəmmədovun hökumətin geniş iclasındakı çıxışında dedikləri:

"Mən xüsusi vurğulamaq istəyirəm ki, bizim hökumət əsl demokratiya prinsiplərini inkişaf etdirəcək, təkmilləşdirəcək.

Bu mövqedən çıxış edərək bəyan edirəm ki, əgər kiminsə yeni siyasi partiya yaratmaq təşəbbüsü ilə çıxış etmək arzusu varsa, belə bir partiya ölkəmizin Konstitusiyasına uyğun olaraq bu il qeydiyyata alına bilər. Bu, aqrar partiyası, yaxud başqa yönümlü partiya ola bilər”.

Berdıməhəmmədov ölkədə müxalifət partiyalarının yaradılmasına ehtiyac olduğunu desə də, təfərrüatına varmayıb.

“AĞZIBİRLİK” NƏ DEYİR?

Aşqabadda bir bina...
Amma Türkmənistanda mövcud olan yeganə müxalif siyasi qrupun – hələ 1989-cu ildə yaradılmış, amma fəaliyyəti elə də hiss edilməyən “Ağzıbirlik” Xalq Hərəkatının rəhbəri Nurberdı Nurmammedov prezidentin bu çıxışını alqışlayıb.

"Bu ilk addımdır. Amma bu bəyanatın həyata keçməsi üçün bəzi tədbirlər görülməlidir.

İndi Türkmənistanda siyasi partiyaların yaradılması üçün hüquqi baza yoxdur.

2003-cü ildə siyasi partiya və ictimai təşkilatlar haqda qanun qəbul edilib, amma orada deyilir ki, belə təşkilatların qeydiyyatı üçün xüsusi qanun qəbul olunmalıdır. Amma indiyəcən belə bir qanun qəbul edilməyib”.
“Ağzıbirlik” qrupu 1990-cı ildə ictimai təşkilat kimi qeydiyyata alınsa da, üç ay sonra qeydiyyatı ləığv edilib.

Nurmammedov deyib ki, prezidentin çıxışından sonra yenidən Ədliyyə Nazirliyinə müraciət edəcək.

O deyir ki, nə qədər ki, ölkədə söz azadlığına, toplaşmaq azadlığına qadağalar var, müxalifət partiyalarının yaradılması formal olacaq.

YALNIZ KƏNDDƏN DANIŞAN PARTİYA?

Azadlıq Radiosunun türkmən xidmətinin əməkdaşı Yovşan Annaqurban deyir ki, Berdıməhəmmədovun bəyanatında “aqrar partiyası” sözünün işlədilməsi təsadüfi olmaya bilər.

Y. Annaqurbanın fikrincə, hələ Niyazov vaxtilə ölkədə aqrar partiyaya ehtiyac olduğunu demişdi.

"Çünki SSRİ dağılanda onunla birlikdə kolxoz və sovxolzar da məhv olmuşdu, onların yerində yaradılan assosiasiyalar isə uğursuzluğa düçar oldu. Keçmiş kolxozçular işsiz qaldı.

Yəqin indi də söhbət ilk növbədə daha çox kənd təsərrüfatı məsələləri haqda danışacaq, siyasi proseslərə qarışmayacaq bir partiyadan gedir. Təbii ki həmin partiya hakimiyyətin nəzarətində olacaq".

Amma Azadlıq Radiosunun türkmən xidmətinin əməkdaşı düşünür ki, ola bilər ki, prezidentin bəyanatı çoxpartiyalı sistemə keçid istiqamətdə ilk addımdır və gələcəkdə bunun davamını görmək mümkün olacaq.

2006-cı ildə hakimiyyətə gələndə Berdıməhəmmədov ölkədə islahatlar aparacağını söz vermişdi.

Bu yaxınlarda türkmənbaşının qızıl heykəli Aşğabaddan götürülüb. Elə fevralın 19-u da onun ad günüdür, nəinki ad günüdür, 70 illiyidir. Amma bununla bağlı Türkmənistanda hər hansı böyük təntənəli tədbir keçirilmir.

Amma bəzi müşahidəçilər Berdıməhhəmdovun islahatlarının kosmetik oldunu, sadəcə Niyazovun şəxsiyyətinə pərəstişin Berdıməhəmmədov kultu ilə əvəzləndiyini deyir.
XS
SM
MD
LG