Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:47

Prokurorluq və polis toqquşma ilə bağlı rəsmi məlumat açıqladı


Fevralın 13-də bir qrup dindar ilə polis arasında baş vermiş toqquşma ilə bağlı cinayət işi qaldırılıb.

Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğunun birgə məlumatında bildirilir ki, fevralın 13-də saat 15.00 radələrində Yasamal rayonu, Murtuza Muxtarov və Salatın Əsgərova küçələrinin kəsişdiyi ünvanda yerləşən Hacı Sultanəli məscidindən ibadətdən çıxan 60-70 nəfərlik bir qrup Hüsü Hacıyev küçəsi ilə Şəhidlər Xiyabanı istiqamətində qanunsuz yürüş etməyə cəhd göstərib.


Yasamal rayon Polis İdarəsinin post patrul xidməti bölüyünün əməkdaşları yürüşçülərə yol verdikləri hərəkətlərin qanunsuz olmasını bildiriblər. Ancaq onlar polisin tələbinə tabe olmayıblar. N. Nərimanov küçəsində nəqliyyatın fəaliyyətinə mane olublar, Yasamal və Səbail rayon polis idarələri əməkdaşlarını daşla və əllərində olan şüarların ağac hissəsi ilə vurublar.

Nəticədə 5 nəfər polis əməkdaşı - Sərvər Hüseynov, Teymur Şirinov, Elşən Abbasov, Ramil Əhmədli, Ceyhun Yusifov və yürüş iştirakçılarından bir neçəsi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı fevralın 13-də Yasamal rayon prokurorluğu Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq törədilməsi) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işinə başlayıb.

Hadisənin fəal iştirakçılarından olan 4 nəfər şübhəli şəxs kimi saxlanıb. 7 nəfər haqqında inzibati həbs seçilib. 5 nəfər inzibati qaydada cərimələnib, 2 nəfərə xəbərdarlıq edilib.

Məlumatda bildirilir ki, cinayətin baş vermə səbəbi müəyyənləşdirilir. Hadisəni törədənlərin dairəsi dəqiqləşdirilməklə istintaqa cəlb edilmələri istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

XS
SM
MD
LG