Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:31

«40 il əvvəl məcbur qalıb keşişlikdən imtina etdim»


Andres Herkel və Cozef Debano Qrek
Andres Herkel və Cozef Debano Qrek
«MƏNƏ VAXT VERİN!»

- Həmməruzəçi təyin olunanda Sizin ünvanınıza belə tənqidlər səsləndi ki, Siz indiyə qədər AŞPA-nın mədəniyyət, gənclər və elm komitələrinin üzvü olmusunuz və monitorinq təcrübəniz azdır. Necədir münasibətiniz bu fikrə?

- Mənim 42 il parlament təcrübəm var. Bunun 15 ili Avropa Şurasının Parlament Assambleyasının payına düşür. Düzdür, indiyə qədər başqa komitələrdə olmuşam. Amma siz bilirsiz ki, həmməruzəçilər beş ildən bir dəyişməlidirlər. Məncə, öz işimin öhdəsindən gələcəyəm. Mən ölkəmdə nazir olmuşam və təcrübəyə malikəm. Sadəcə, mənə vaxt verin, olarmı?! Bu səfərimdə araşdırmalar apardım, adamlarla söhbət etdim, əlimdən gələni etdim. Mənə vaxt verin.

DOSYE
  • Cozef Debano Qrek 2009-cu ilin noyabrın 18-də AŞ PA Monitorinq Komitəsinin iclasında Azərbaycan üzrə həmməruzəçi təyin olunub. 70 yaşı var. 50-ci illərdə Malta Əmək Partiyasının əsasını qoyanlardan olub. Uzun illər bu partiyanın rəhbərliyində təmsil olunub. 1983-cü ildə Maltada İnvestisiya naziri, 1996-cı ildə Nəqliyyat və Limanlar naziri işləyib. 2003-cü ildən 2008-ci ilə qədər Malta Beynəlxalq Aeroportunda və Dövlət Təhlükəsizlik Nazirliyində «kölgə naziri» kimi fəaliyyət göstərib. «Kölgə nazirliyi» müxalifət üzvlərinin də təmsil olunduğu alternativ nazirlikdir və həqiqi nazirliyin tənqidi ilə məşğul olur.
«KEŞİŞLİKDƏN İMTİNA ETDİM»

- Cənab Qrek, indi həmməruzəçilikdən başqa hansı işlə məşğulsunuz?

- Heç bir işlə. Ancaq Avropa Şurası üçün işləyirəm. Vaxtilə ən müxtəlif vəzifələrdə işləmişəm. Riyaziyyat dərsi, ingilis dili dərsi demişəm. Nazir olmuşam. Hətta keşiş olmuşam.

- Keşişmi?

- 1962-ci ildə mən azadlıq mübarizəsinə qoşulanda kilsə bizə qarşı idi. Kilsə ilə mövqeyim üst-üstə düşmədi. Ona görə də kilsəni tərk etməli oldum. Bütün bunlar mənim ölkəmin tarixidir. O vaxtlar mənim ölkəmdə demokratiya yox idi, sosialistlərə səs verənləri kilsəyə yaxın buraxmırdılar. Odur ki, kilsəni tərk etməli oldum.

- Bəs Azərbaycanda bugünkü demokratiyanın vəziyyətini necə qiymətləndirirsiniz? Azərbaycan hökuməti Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri nə dərəcədə həvəslə icra edir?

- Bu, Azərbaycana ilk səfərim idi. Müşahidələrimi apardım, informasiya topladım, bu məlumatları analiz edəndən sonra nəticələri bu ilin iyununda Parlament Assambleyasına təqdim edəcəyik.

«AZƏRBAYCAN MÜXALİFƏTİ BİRLƏŞMƏLİDİR»

- Amma hər halda bir həftədir ki, Azərbaycandasınız. Yəqin ki, hansısa nəticələriniz artıq var...


- Bir şeyi bilirəm ki, müxalifət parçalanıb. Mən onlara dedim ki, istəyirsinizsə, müxalifət güclənsin, birləşin. Bəli, fikirlər, yanaşmalar fərqli ola bilər, amma parçalanmış müxalifət heç nə deməkdir. Bu, mənim fikrimdir. Məni ciddi narahat edən məsələlərdən biri də siyasi məhbuslardır. O cümlədən, həbsdəki iki bloqqerlər. Bir vaxtlar özüm də siyasi məhbus həyatı yaşamışam. Öz ölkəmi-Maltanı Böyük Britaniyanın müstəmləkəçiliyindən azad etmək üçün mübarizə aparmışam. Odur ki, mən başa düşürəm ki, siyasi məhbuslar nə çəkirlər. Azərbaycan haqda hələlik deyə biləcəklərim bu qədər. Qalan məsələləri məlumatları analiz edəndən sonra açıqlamaq olar.
XS
SM
MD
LG