Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:17

Fotoqrafın şəkillərinə baxanda məmurlar böhtan, həmkarları senzura görür


Fotoqraf və rejissor Umida Əhmədova məhkəmə qarşısında
Fotoqraf və rejissor Umida Əhmədova məhkəmə qarşısında
Bir fotoqraf ölkəsinə necə böhtan ata bilər? Özbəkistanda bu həftə Sovet senzurasına dönüşü xatırladan bu sualı cavablandırmağa çalışıblar.

«Qəmli üz ifadələri, təzim edilmiş başlar, nimdaş paltarlarda uşaq rəsmləri, dilənən yaşlılar».

Prokurorluğun dəvət etdiyi ekspertlər belə nəticəyə gəlib ki, bu şəkillər Özbəkistanı ləkələyir:

«Özbəkistanla tanışlığı olmayan əcnəbi şəkillərə baxınca bu ölkədə insanların orta əsrlərdə yaşadıqlarını düşünə bilər»

MƏHKƏMƏ SALONUNDA AMNİSTİYA ALDI

Fevralın 10-da məhkəmə fotoqraf və rejissor Umida Əhmədovanı özbəkləri şərləməkdə və təhqir etməkdə təqsirli bilib. Qərar region ziyalılarının qəzəbinə səbəb olub. Hökm 3 ilə qədər həbs cəzasını nəzərdə tutsa da, Özbəkistanın müstəqilliyinin 18-ci ildönümü ilə əlaqədar amnistiyaya düşüb. Hökmdən sonra Umida deyib ki, salonundan sərbəst buraxılsa da, özünü təhqir olunmuş hiss edir, ittiham onu sarsıdıb:

«Birdən-birə deyə bilmərəm ki, yaxşıyam, amma narahatlığım azalıb. Həbsə getmək qorxusu vardı. Ancaq düzünü deyim, özümü təhqir edilmiş hiss edirəm. Hələ də anlaya bilmirəm ki, necə oldu ki, yaradıcı işim məni məhkəmə zalına gətirdi».

Özbək fotoqraf hesab edir ki, məhkəmə çəkişməsindən sonra gələcəkdə Özbəkistanda şəkillərini nəşr etdirə bilməyəcək. O, apelyasiya şikayəti vermək niyyətindədir.

«BAKİRƏLİYİN YÜKÜ» «İDEOLOGİYAYA UYĞUN GƏLMİR»

Nyu York Times qəzeti yazır ki, Özbəkistan rəhbərliyi keçmişdə də siyasi mövzulara toxunanları bu cür məhkəməyə cəlb edib. Məsələn, xalq artisti Dadaxon Həsənov yüzlərlə adamın öldürüldüyü Əndican hadisələrinə aid mahnı yazdığına görə məhkəməyə çıxarılmışdı. Ancaq Umida Əhmədovanın işində siyasi çalarlar olmayıb.

2007-ci ildə onun «Qadın və kişi: sübhdən qüruba kimi» kitabı, ötən il isə «Bakirəliyin yükü» adlı sənədli filmi nümayiş olunub. Hər iki layihəyə Daşkənddəki İsveç Səfirliyi dəstək verib.

Hökumət ekspertləri hesab edir ki, bakirəliyin yoxlanması ənənəsini göstərən film «ideologiyaya uyğun gəlmir» və «gənc nəslin mədəni dəyərləri qəbuluna ciddi problem yaradır». İttiham tərəfi bildirib ki, Əhmədova bilərəkdən özbək kəndlərindəki həyatı xoşagəlməz şəkildə göstərib. Məsələn, şəkillərdən birində palçığın içində uzanan oğlan təsviri var.

FOTOQRAFLARDAN ETİRAZ SƏRGİSİ

Umidaya qarşı ittiham tanınmış fotoqrafların narazılığı ilə qarşılanıb, etiraz olaraq Minsk və Nijni Novqorodda onun şəkillərinin sərgisini təşkil ediblər. Ferghana.ru saytının rəhbəri Danil Kislov hesab edir ki, fotoqrafın amnistiya olunması ictimaiyyətin xidmətidir.

Fotoqrafın özbək həmkarları isə hadisələri sükutla qarşılayıb. Daşkənddə yaşayan və tez-tez xaricdə sərgilərini keçirən Vyaçeslav Axunov deyir ki, Özbəkistanda yaradıcı şəxslər öz işlərini nümayiş etmək və satmaq üçün hökumətdən çox asılıdır.
«Hökumət çəhrayı yanaqlı üz, gözəl sima göstərmək istəyir, guya başçılar elə yaxşı idarə edir ki, heç bir hadisə baş verməyəcək. Yaradıcı adamların 99 faizi problemli məsələlərə cəlb edilməkdən qorxur».
XS
SM
MD
LG