Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:21

Herta Müllerin "PASSPORT"u: Diktaturanın "bac aldığı" namus



"DÜNYA NƏDƏN YAZIR" SİLSİLƏSİNDƏN

...Dəyirmançı Vindiş günləri, ayları, illəri sayır. Hər gün dəyirmana gedən yolda – düz “müharibə memorialı”nın yanında velosipedinin təkəri eyni çuxura düşür, hər gün dəyirmanın qapısını açanda qıfıldan eyni şaqqıltı gəlir...

Ətalət, perspektivsiz həyat...

Dəyirmançı baş götürüb Çauşesku diktaturasından qaçmaq qərarı verib, artıq 221 gün sayıb...

“Passport” povestində təsvir etdiyi bu mənzərə Nobel mükafatlı alman yazıçısı Herta Müllerə elə “doğma”dır ki...

Onun özü də əslən Rumıniyadandır və sosialist düşərgəsinin “can verən vaxtı” nəhayət ki Almaniyaya mühacirət edə bilib.

Dəyirmançı Vindiş də milliyyətcə almandır.

Müharibədən sonra Qərbi Almaniya sürətlə inkişaf edir, ora köçənlərin ağ günə çıxması haqda söhbətlər rumıniyalı almanlarının “ağlını başından çıxarır”, danışırlar ki, “orda azadlıq var, pensiyalar yaxşıdır, lüt qadınlarla dolu jurnallar satılır”...

Kommunist Rumıniyasında isə... gəlib dəyirmançı Vindişin həyətindəki toyuq-cücəni sayırlar, “artıq olanlar”ı müsadirə edirlər, “cəmi bir uşağınız var, bu qədər toyuğu neyləyirsiz” deyirlər...

VƏTƏNİN ATASI

Dəyirmançinin qızı Amalia uşaq bağçasında tərbiyəçidir, uşaqlara izah edir ki:

“Hər bir uşağın ata-anası var. Yaşadığımız evdəki ata bizim atamız olduğu kimi yoldaş Nikolae Çauşesku da bizim Vətənin atasıdır. Deməli, Yoldaş Nikolae Çauşesku bütün uşaqların atasıdır...”

Amma baş götürüb ölkədən qaçmaq asan deyil. Hətta pulun olsa da.

Diktaturanın hər bir insanın qarşısında qoyduğu dilemma var: Ya mən dediyim kimi yaşa, ya da getmək istəyirsənsə... haqqı var...

“Kal gavalılar diyarı” əsərində də Herta Müller diktatura rejimində yaşayan insanların xoş güzərana qovuşmaq istəyindən yazır.

Bunun üçün bircə yol var: şər simvolu olan diktaturanın “vintciyi” ol. Kənddən paytaxta gələn Lola adlı kasıb qız da dərhal Kommunist Partiyasına keçir!

Amma həm də əlavə pul qazanıb “abırlı palto” və “kalqotka” geyinmək üçün gecələr işdən qayıdan yorğun kişiləri tramvayda “qarmağa keçirib” kimsəsiz parka çəkir... Bir gün kimsə onu satır.

Kommunist Lola karyerasının məhv olacağını anlayır və “Mən gələcəkdə övladlarımın qırmızı ayaqlı qoyun otarmasına razı ola bilmərəm” – deyib özünü asır...

“Passport”da da oxşar dilemmanı görürük.

BAZAR GÜNÜ MİLİSİONERLƏ GÖRÜŞ

Hər bir almanın Rumıniyadan Almaniaya mühacirət etməsi üçün almalı olduğu paspport üçün iki arayış tələb olunur – biri milisionerdən, biri də keşişdən.

Dəyirmançı daim ağzından şnaps iyi gələn milisionerin evinə elə hey çuval-çuval un daşıyır.

Amma bu rüşvətlər bəs eləmir, milisoner işi yubatmaqda davam edir.

Kənddə yaşayanların hamısı “haqq”ın nə olduğunu bilir, bunu dəyirman gözətçisi də zarfata salıb dəyirmançıya xatırladır.

“Milisioner mühacirətə getmək istəyən qadınları poçt idarəsinin döşəməsindəki döşəkdə gözləyir... Keşişin isə kilsədə - cübbələrin saxlandığı otaqda dəmir çarpayısı var...

Gözətçi gülür və dəyirmançıya deyir ki, “Sənin arvadın onlar üçün çox qocadır, amma sənin qızının da növbəsi çatacaq”.

Vindiş hirsindən dəyirmanın qapısını təpiyilə açıb deyir. “Bacarmazlar. Onlar məndən un çuvalı qopara bilərlər, amma qızımı görməyəcəklər”.

Amma passportu almağın başqa yolu da yoxdur. İş uzanır...

Bir bazar günü Amalianı mühacirətə gedənlərin hamısı kimi milisionerin yanına müsahibəyə dəvət edirlər...

HERTA MÜLLERİN TƏRSLİYİ

Herta Müller Nobel Mükafatının təqdimat mərasimində. Stokholm, 10 dekabr 2009
Vindiş tərsliyindən əl çəkmir, amma hətta arvadı da onu məzəmmət edir, “Sən öz un çuvallarınla uzağa gedə bilməyəcəksən” deyir...

Yenə də dəyirmançının velosipedinin təkəri “müharibə memorialı”nın yanında eyni çuxura düşür, hər gün dəyirmanın qapısı açılanda eyni şaqqıltı eşidilir...

Və nəhayət günlərin bir günü Amalia da “müsahibəyə” gedir və “boynunda dişlək izi” qayıdır. Vindiş daha evdən bayıra çımamağa, kilsəyə, dəyirmana getməməyə qərar verir...

İndi yol açıqdı, passportunu götür, yeni həyata qovuş...

Rumıniyada Çauşesku rejiminin çökməsindən 20 il keçir, amma Herta Müller hələ də diktaturanın insan ləyaqətini necə alçaltmasından yazır...

Ona Nobel mükafatı veriləndə də “kor tutduğunu buraxmayan kimi” dünya ictimaiyyətini Çinə, Rusiyaya, İrana qarşı sərt olmağa çağırmışdı. Bəlkə haqlı deyil?

Həmçinin oxu

Herta Müller Nobel mühazirəsində sual verdi: ƏL DƏSMALIN VARMI?
XS
SM
MD
LG