Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:17

Diasporla Ermənistanın arası bərk dəyib


Prezident Serj Sarkisyan Ermənistan diasporunun gənc üzvləri ilə rəqs edir, 30 iyul 2009
Prezident Serj Sarkisyan Ermənistan diasporunun gənc üzvləri ilə rəqs edir, 30 iyul 2009
Diaspor erməniləri ilə Ermənistanın arası dəyib və çatlar dərinləşir.

Özü diaspordan olan və hazırda Ermənistanda yaşayan yazıçı Perj Zeytuntsianın fikrincə, diaspor soyqırımını daha çox fikirləşir, nəinki Ermənistanın gələcəyini.

Yazıçı deyir ki, diaspor qrupları Ermənistan prezidentinə təzyiq eləməlidirlər ki, insan haqlarının vəziyyəti yaxşılaşsın, qanunlara hörmət qoyulsun, seçkilər demokratik olsun.

MÜXALİFƏT DÖYÜLƏNDƏ DİASPOR SUSUR

«Transition Online» məcmuəsi yazır ki, 2004-cü ildə müxalifət nümayişləri elektroşokla, gözyaşardıcı qaz qumbaraları ilə dağıdılanda, 2008-ci ildə Serj Sarkisyan prezident seçiləndən sonra toqquşmalarda 10 adam öləndə, 100 müxalifətçi həbs olunanda diaspor neytral bəyanatlar verərək hamını birliyə çağırırdı. Ancaq eyni vaxtda diaspor yeni prezidentlə işləməyə hazır olduğunu bildirirdi.

Müxalifət lideri Ter-Petrosyan küçə nümayişləri zamanı məhz buna işarə edərək bəyan etdi ki, Yerevan küçələrində axıdılan qana görə məsuliyyətin bir hissəsini diaspor təşkilatları daşıyır.

«Transition Online» maraqlanıb ki, diaspor niyə Ermənistan rəhbərliyinə təzyiq etmək istəmir ki, Ermənistan demokratik olsun.

Adının çəkilməsini istəməyən bir siyasətçi deyir ki, Amerikadakı Erməni Milli Komitəsi kimi təşkilatların «Daşnaksütun»la əlaqələri var. Daşnaklar isə bu yaxınlara kimi hökumətdə rol oynayırdılar.

ERMƏNİSTAN HƏQİQİ DEMOKRATİK OLSA, DİASPORDAN AYRILACAQ

Erməni mədəniyyəti və milli mənliyi üzrə mühazirələr oxuyan yazıçı Hraç Bayadyan isə deyir ki, əgər Ermənistan Avropaya doğrudan da ciddi yaxınlaşsa və həqiqətən demokratik olsa, soyqırımı ittihamına bu qədər əhəmiyyət verən diaspor ilə münasibətlər daha da soyuyacaq.

Yerevanda müxalifət nümayişlərinin dağıdılmasına susan diaspor Türkiyə ilə protokolların imzalanmasına tənqid tufanı ilə reaksiya verdi.

Diasporun Ermənistandakı təmsilçisi hesab olunan «Daşnaksütün» küçə nümayişlərinə, aclıq aksiyalarına başladı.

Kaliforniyada yaşayan lobbiçi və xeyriyyəçi Harut Sasunyan deyir ki, Ermənistan hökuməti protokolları imzalayanda diasporla məsləhətləşməyə bir dəfə də olsun cəhd etmədi. Halbuki, protokollar panerməni məsələlərinə aiddir.

Ermənistanın müxalifətçi Sosial Demokrat Partiyasının Amerika bölməsinin rəhbəri Hambik Sarafyan deyir ki, protokollar Ermənistanı diaspordan ayıra, arada etimadsızlıq səddi yarada bilər.

Los Anceles şəhərindən olan şərhçi Xaçaturyan tələb edir ki, Ermənistan rəhbərliyi ya dişlərini göstərsin ya da kənara çəkilsin.

DİASPOR PULU AZALDIR

Diasporun soyuq münasibəti artıq maddi cəhətdən də özünü göstərməyə başayıb. Kaliforniyada Bütün Ermənilərin Fondu adlanan qurum 2009-cu ilin noyabrında televiziyada təşkil olunan ənənəvi kömək aksiyasında Amerikadakı ermənilərdən cəmi 16 milyon dollar yığdı.

Bu, 2008-ci ildəki aksiyada yığılandan iki dəfə az idi.

12 saatlıq telemarafonda yığılan pul daha az olardı, əgər tez-tez elan olunmasaydı ki, siyasi mübahisələr Dağlıq Qarabağ əhalisinə kömək etməyə mane olmamalıdır.
XS
SM
MD
LG