Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:24

“Avropa Şurası neft işlətmir”


Avropa Şurasının baş katibi Thorbyorn Yaqlandın Azadlıq Radiosuna eksklüziv müsahibəsi

- Cənab Yaqland, Azərbaycanda insan haqlarının vəziyyətini ümumən necə qiymətləndirərdiniz, bu sahədə sadəcə müəyyən problemlərin olduğunu düşünürsüz, yoxsa hesab edirsiz ki, ciddi narahatlığa əsas var?

- Bizi narahat edən müəyyən hallar var və vəziyyəti yaxından izləyirik. Bunlardan biri də iki bloqçuya qarşı məhkəmədir. Bu məsələni biz Azərbaycan hakimiyyəti qarşısında da qaldırmışıq.

- Bloqçularla yanaşı iki müxalifyönlü qəzet redaktoru da həbsdədir. Avropa Şurasının onların azadlığa çıxması üçün Azərbaycan hökumətinə yetərincə təzyiq göstərmədiyi ilə bağlı müxalifət dairələrindən səslənən tənqidlərə nə cavab verərdiniz?

- Biz təzyiq göstərməklə məşğul deyilik. Avropa Şurası insan haqları ilə bağlı vəziyyəti müşahidə edən bir təşkilatdır. Biz xüsusi halları seçir və onlarla bağlı məsələləri qaldırırıq. Məsələn. bloqçuların və jurnalistlərin həbsi ilə bağlı məsələləri qaldırmışıq və bu işi diqqətdə saxlamaqda davam edirik.

- Sizin təşkilatı tənqid edənlər arasında hətta Avropa Şurasını “insan haqlarını neftə qurban verməkdə” ittiham eləyənlər də var...

- (gülür). Bu tamamilə yanlış yanaşmadır. Avropa Şurası neftdən asılı deyil, neft işlətmir.

- Amma razılaşmayan ola ola bilər ki. Avropa ölkələri işlədir, məsələn, Azərbaycan neftinin ən böyük alıcısı İtaliyadır.

- Bu yalnız ayrı-ayrı Avropa ölkələridir. Avropa Şurası insan haqları ilə bağlı məsələlərdə iqtisadiyyat, enerji və geostrateji baxımdan qərar vermir. Amma biz həm də insan haqları ilə bağlı bütün problemləri bir anda həll etməyə qadir olan rıçaqlara malik deyilik. O ki qaldı İtaliyaya, bu ölkənin hökumətinin burada Azərbaycanla bağlı qərarlara hansısa formada təsir etməsini kimsə müşahidə etməyib.

- Azərbaycanda artıq bir şəxsin - arzuladığı qədər prezident seçilmək imkanı var. Bu hal Avropa Şurasının prinsiplərinə uyğun sayıla bilərmi?

- Mən bu məsələyə müdaxilə edə bilmərəm. Bizim bir şəxsin neçə dəfə və nə qədər müddətə prezident seçilməsi ilə bağlı xüsusi qaydalarımız yoxdur. Əsas olan seçkilərin azad və ədalətli keçirilməsidir. Bu daha vacib məsələdir. Bilirsiniz ki, ATƏT və Avropa Şurasının müşahidə missiyaları var və biz Azərbaycanda seçkilərin necə keçirildiyini bilirik.

- Sizcə, Azərbaycanda seçkilərin ədalətli keçirilməsini söyləmək olarmı?

- Mən bu məsələ ilə bağlı beynəlxalq təşkilatların hesabatlarına baxmalıyam.

- Məsələn, Azərbaycan müxalifəti iddia edir ki, son bələdiyyə seçkiləri saxtalaşdırılıb. Sizin bu məsələylə bağlı mövqeyiniz necədir?

- Dediyim kimi bu məsələ ilə bağlı müşahidəçilərimizin hesabatlarına baxmalıyam. Biz seçkiləri yaxından izləyirik.

- Bu yaxınlarda Naxçıvanın Bənənyar kəndində dindarlarla polis arasında baş vermiş toqquşma haqqında məlumatınız varmı?

- Əlbəttə. bu barədə məlumatım var. Onu da bilirəm ki, diplomatik heyət ərazidən çıxarılıb. Mən buna çox təəssüflənirəm. Bu tip insidentlər barədə mənə daim məlumat verilir. Azərbaycanda insan haqları ilə bağlı digər hallarla yanaşı bu da bizi narahat edir.

- Türkiyədən olan nümayəndə - Mövlud Çavuşoğlu bu günlərdə Avropa Şurası Parlament Assambleyasının prezidenti seçildi. Azərbaycan müxalifəti onu “iqtidarın dostu” adlandırır. Sizcə, bu seçim assambleyada Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı müzakirələrin gedişinə hansısa formada təsir edə bilərmi?

AŞ-nin baş katibi T.Yaqland M.Çavuşoğlunu assambleyanın prezidenti seçilməsi münasibətilə təbrik edir.

- Mənim üçün bunu demək çətindir. Amma onu deyə bilərəm ki, Avropa Şurasının bütün qurumlarının, o cümlədən assambleyanın, komitələrin, baş katibin insan haqları ilə bağlı eyni standart və qaydalara əsasən işləmək öhdəliyi var və bizim hər birimiz həmin öhdəliklərə əsasən fəaliyyət göstərməliyik. Kimin hansı ölkədən. Türkiyədən, yaxud Norveçdən gəlməsinin heç bir fərqi yoxdur. Onlar eyni qaydalarla işləməlidirlər. Mən assambleyanın özünə ilk dəfə olaraq Türkiyədən prezident seçməsindən məmnunam. Bu, tarixi hadisədir. Mən əminəm ki, yeni prezident Avropa Şurasında bizim hamımızın əldə rəhbər tutduğu ideya və dəyərlər əsasında fəaliyyət göstərəcək.

- Avropa Şurasında aparmaq istədiyiniz islahatlar haqqında da məlumat verməyinizi xahiş edərdik.

- Mən Avropa Şurasında geniş islahatlar aparılması planı ilə çıxış etmişəm. Bu plan Avropa Şurasının qitədə insan haqlarının qorunması sahəsində daha məqsədyönlü və güclü olmasına yönəlib. Biz katiblikdə islahat aparmaq istəyirik. Katiblik hər bir ölkədə baş verənlər haqda daha məlumatlı ola biləcək. Bu imkan verəcək ki, ölkələr daxilində insan haqlarının pozulması ilə bağlı məlumatları daha səmərəli şəkildə toplansın və lazım olan kimi fəaliyyətə keçilsin.
XS
SM
MD
LG