Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:36

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi


Azərbaycan Respublikasının Cinayət Məcəlləsi

(Bu Məcəllə Azərbaycan Respublikasının 30 dekabr 1999-cu il tarixli 787-IQ nömrəli Qanunu ilə təsdiq edilib).

Otuz üçüncü fəsil. Korrupsiya cinayətləri və dövlət hakimiyyəti, dövlət qulluğu mənafeyi, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında qulluq mənafeyi əleyhinə olan cinayətlər.

Maddə 308. Vəzifə səlahiyyətlərindən sui-istifadə
308.1. Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda –

- şərti maliyyə vahidinin min mislindən iki min mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

308.2. Bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda –

- üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd:
1. Bu fəslin maddələrində vəzifəli şəxslər dedikdə daimi, müvəqqəti olaraq və ya xüsusi səlahiyyət üzrə hakimiyyət nümayəndəsi funksiyalarını həyata keçirən, yaxud dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər, beynəlxalq təşkilatların nümayəndələri, habelə «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun məqsədi üçün vəzifəli şəxs hesab edilən digər şəxslər başa düşülür.

2. Vəzifəli şəxslər sırasına daxil olmayan dövlət qulluqçuları və yerli özünüidarə orqanlarının, habelə kommersiya və qeyri-kommersiya təşkilatlarının qulluqçuları müvafiq maddələrlə xüsusi olaraq nəzərdə tutulmuş hallarda bu fəslin maddələri ilə cinayət məsuliyyəti daşıyırlar.

Maddə 309. Vəzifə səlahiyyətlərini aşma
309.1. Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda –

- şərti maliyyə vahidi məbləğinin min mislindən iki min mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

309.2. Bu Məcəllənin 309.1-ci maddəsində nəzərdə tutulmuş əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda –

- üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 310. Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə
Özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə -

- şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək miqdarda cərimə və ya iki yüz saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 311. Rüşvət alma (passiv rüşvətxorluq)
311.1. Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması –

- üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

311.2. Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma

- üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

311.3. Bu Məcəllənin 311.1 və ya 311.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər:

311.3.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən;

3.11.3.2. təkrar törədildikdə;

311.3.3. külli miqdarda törədildikdə;

311.3.4. hədə-qorxu tətbiq olunmaqla törədildikdə

- əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Bu məcəllənin 311.3.3-cü maddəsində «külli miqdar» dedikdə, şərti maliyyə vahidi məbləğinin beş min mislindən artıq olan məbləğ başa düşülür.

Maddə 312. Rüşvət vermə (aktiv rüşvətxorluq)
312.1. Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt verilməsi —

- şərti maliyyə vahidinin min mislindən iki min mislinədək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

312.2. Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə—

- şərti maliyyə vahidi məbləğinin iki min mislindən dörd min mislinədək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: Rüşvət verən şəxs vəzifəli şəxs tərəfindən tətbiq edilən hədə-qorxu nəticəsində rüşvət verdikdə və ya rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdikdə cinayət məsuliyyətindən azad edilir.

Maddə 312-1. Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)
312-1.1. Şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək, vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə özü və yaxud üçüncü şəxslər üçün maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması —

- şərti maliyyə vahidinin üç min mislindən beş min mislinədək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan mərhum etmə ilə cəzalandırılır.

312-1.2. Şəxsə öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək, vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək üçün maddi və sair nemətin, imtiyazın və ya güzəştin verilməsi —

- şərti maliyyə vahidinin min mislindən iki min mislinədək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Maddə 313. Vəzifə saxtakarlığı
Vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs, eləcə də vəzifəli şəxs olmayan dövlət qulluqçusu və ya yerli özünüidarə orqanı qulluqçusu tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə -

- şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, əmlakı müsadirə olunmaqla iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Maddə 314. Səhlənkarlıq
314.1. Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda—

- şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən min mislinədək miqdarda cərimə və ya iki yüz otuz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


314.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda—

- beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 314-1. Dövlətin müstəsna mülkiyyətində olan və özgəninkiləşdirilməsi qadağan edilən torpaq sahələrinə dair qanunsuz qərar qəbul etmə
Vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan və özgəninkiləşdirilməsi qanunla qadağan edilən torpaq sahələrinin bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya onlara icarəyə verilməsi haqqında qərar qəbul etmə -

- üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Maddə 314-2.Müəyyən edilmiş qaydaları pozmaqla mühafizə zonalarında torpaq sahələri ayırma, tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə
314-2.1.Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla vəzifəli şəxs tərəfindən magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarında torpaq sahələri ayırma, tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə—

- şərti maliyyə vahidinin iki min mislindən üç min mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

314-2.2.Bu Məcəllənin 314-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda—

- üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
XS
SM
MD
LG