Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:32

Uzeyir Bəy Hacıbəyli mətbuatın vəziyyəti haqqında


Uzeyir Bəy Hacıbəyli "RUSİYADA MƏTBUAT"

Rusiyada hürriyyəti-mətbuat qatıq eyməsinin ağzı kimi getdikcə daralır.

Qəzet yazıçıları daha bilmirlər ki, nə yazsınlar, yəni nə tövr yazsınlar ki, nə qəzetləri bağlansın, nə iştraf versinlər, nə də ki, gedib qazamatda yatsınlar.

Bu binəvlaar gündüz axşama kimi qələm əllərində, qabaqlarında bir parça kağız fikirləri əvvəlcə özləri öz senzorları əlinə verib, bir-bir keçirirlər və bunların hamısını xilafi-senzur bilib, nihadi-qəlbdən dərin bir ah çəkməkdən başqa heç bir çarə görmürlər!

Yazıq mühərrirlər.

Bu bədbəxt müsəlman mühərrirləri ki, bir deyil, iki, üç, dörd, beş senzor qabağında pasovat eləməyə məcburdular!

Binəva mühərrir qələmi ələ götürüb deyir: «Qoy siyasi bir məsələdən yazım». Bir qədər yazır... sonra yazdığını oxuyub, öz-özünü məzəmmət eləyir ki, nə qayırdığındır, rəhmətliyin oğlu, arvad-uşağından əl çəkməmisən, ha!

Götürüb cırır, deyir, nə eləmək, qoy aləmi-islam dövlətlərindən yazım.

Yazır, bir də görür ki, xeyr, sultanı, İran padşahını, hamısını bir-biri ilə qatışdırıbdır ki, sən öləsən, köhnəpərəst müsəlmanlar oxusalar, elə çığırarlar ki, onun səsini Peterburqda da, İstambulda da və hələ desən Tehranda da eşidərlər…

Görür ki, bu məqalə də baş tutmadı, götürür atır kənara.

Deyir canım qoy, öz məişətimizdəncə yazım… Yazır: «İdareyi-ruhaniyyələrimizin pozğunluğu…»

Dayanır. Görür ki, mətləbin dalısı çox xatalıdır. Bir ah çəkib yazır:

«Arvad məsələsi» və haman saat üstündən bir qələm çəkib yazır: «Qoçubazlıq».

Və tez onun da üstündən bir çəikb yazır: «Murdar hərəkətlərimiz».

Və tez onun da üstündən bir qələm çəkib dayanır və görür ki, daha öldürsən də başına özgə fikir girmir.

Mühərrir qələmi yerə qoyur və kağızları da zibil səbətinə töküb, durur ayağa və bir-iki dəfə ora-bura gəzişib deyir:

- Bir dəli şeytan deyir, get, sövdagər ol!

Həmçinin oxu

Üzeyir bəy Hacıbəyli: «Biz ilə yevropalıların təfavütü»

Üzeyir bəy HACIBƏYLİ "Bir «başıqapazlı»nın söylənməyi"
XS
SM
MD
LG