Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:41

«Onun arabası var...»


Vergilər Nazirliyi
Vergilər Nazirliyi
«Nazirlər bahalı maşında gəzirlər, yaxşı eləyirlər. Ölkənin prestijidir. Azərbaycanın pulu var, alırlar. Amma bir pensiyaçılara da baxsınlar. Özlərinə bahalı maşınlar alanda, bizi də yada salsınlar», - yolu hər gün eyni ünvanda yerləşən bir neçə dövlət qurumunun qarşısından keçən təqaüdçü şərqşünas Cəfər Səfərov deyir.

Onu da əlavə edir ki, nəfsi toxdu, 1973-cü ildən aldığı maşını sürür, nazirlərin mindiyi bahalı avtomobillərə göz dikmir. Ancaq hərdən fikirləşir ki, nə olaydı, bu təmtəraqlı, komfortlu maşınlarda gəzən nazirlərlə camaatın da güzəranı tutuşaydı.

İŞƏ 100 MİNLİK BMW-YLƏ, SƏFƏRƏ 130 MİNLİK MERCEDESLƏ GEDƏN NAZİRLƏR


Azərbaycan nazirləri komfortu, dəbdəbəni sevir. Bunu ən azı onların mindiyi maşınların qiymətindən görmək olar. Nazirlər, komitə sədrləri «Mercedes S-klass», maşın həvəskarlarının «semyorka» dediyi «BMW-745» markalı maşında gəzir. Məsələn, Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun xidmətində hər iki markadan olan avtomobil durur. Maşın bazarına bələd olanlar bilirlər ki, «Mercedes S-klass»ın qiyməti 130-140 min, «BMW-745»kisə 100 min dollar civarındadır.

Elə Nəqliyyat naziri Ziya Məmmədov da, Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov da bu iki brenddən istifadə edir. Daxili İşlər naziri Ramil Usubov isə bu markalarla yanaşı hərdən JEEP-ə də minir.

Spiker Oqtay Əsədov, baş nazir Artur Rasizadə, nazirlər Misir Mərdanov, Fazil Məmmədov, Oqtay Şirəliyev «BMW-745»ə, Zakir Qaralov, Səfər Əbiyev isə «Mercedes S-klass»a minir.

Ekologiya Nazirliyi
Jurnalist Zamin Hacı deyir ki, təqaüdçülərin təqaüdünü və ya həkimlərin, müəllimlərin maaşının artırmaqdan söhbət gedəndə hökumət 1 milyonluq məcburi köçkünü olduğunu bəhanə eləyir:

«Amma nazirlərə maşın almaq lazım olanda, bu heç yada düşmür. Harda bahalısı var, onun üstünə əl qoyurlar. Ucuz maşına minəndə yəqin nazirlərin zəri tökülür».

YARIM MİLYARD DOLLARLIQ MAŞIN ALINIB

Yüksək vəzifəli şəxslərin nəqliyyat komfortunun qayğısını isə elə dövlət özü çəkir: hər il büdcədən nəqliyyat vasitələrinin alınmasına milyonlarla manat ayrılır. Məsələn, son 6 ildə dövlət büdcəsi hesabına avtomobillərin alınması üçün 300 milyon dollardan çox vəsait xərclənib. Amma bu heç də hamısı deyil. Bu sahədə araşdırma aparan «Turan» informasiya Agentliyinin eksperti Anar Xanbəyli deyir ki, xidməti avtomobillər təkcə büdcədən ayrılmış vəsaitlə yox, həm də büdcədən kənar, yəni qazanılan pullarla alınır.

Bəzi ekspertlər hesab edirlər ki, büdcə təşkilatlarının avtomobil parkının yenilənməsinə son altı ildə büdcədən kənar vəsaitlə birgə 500 milyon dollardan çox vəsait xərclənib. «Turan» İnformasiya Agentliyinin eksperti Anar Xanbəyli deyir ki, bu vəsait dövlət büdcəsinin sosial yönümlü ayırmalarından dəfələrlə çoxdur:

«Bu rəqəm 150 min yoxsul ailəyə dövlət tərəfindən ayrılan ünvanlı sosial yardımın illik büdcəsinə, ölkə xəstəxanalarına il ərzində ayrılan büdcəyə bərabər, bədən tərbiyəsi, mədəniyyətin, elmin inkişafına ayrılan vəsaitdən isə dəfələrlə çoxdur».

Yeri gəlmişkən, bir neçə ilin timsalında bəzi dövlət büdcəsi ayırmalarındakı fərqə baxaq:
Məbləğ mln. manatla göstərilib.

İllər

20052006 2007
1 Nəqliyyat vasitələrinin alınması 50.158.7 86.4
2 Dərman vasitələri. Sarğı materiallarının alınması 16.7 29.359.5
3 Elmi-tədqiqat xərcləri 0.872 1.2 1.3
4 Təqaüdlər 42.374.5 20
5 Ünvanlı sosial yardım 00 56.2
6 Tələbələrə təqaüd 9.3 16 25

Qarabağ əlillərinin maşınla təmin olunmasına isə təxminən yarım milyon manatdan çox vəsait xərclənib. Onlara son illərə qədər Rusiya istehsalı «Oka» maşını verilirdi. Hələ 850 Qarabağ əlili növbə gözləyir.

Nazirlər Kabinetinin «Ali və yerli dövlət hakimiyyəti və idarəetmə orqanlarının ştat və xidməti minik avtomobillərinin sayının müəyyən edilməsi» haqqında 1994-cü il tarixli 12 saylı qərarına əlavə edilmiş cədvəldən aydın olur ki, büdcə təşkilatlarına ümumilikdə 360-dan çox xidməti maşından istifadəyə icazə var. Həmin cədvəldə Prezident Aparatı, Milli Məclis, güc strukturları və sonradan təsis edilən dövlət qurumları yoxdur. Ona görə də ümumilikdə ölkədə nə qədər xidməti maşının olmasını dəqiqləşdirə bilmədik.

«XİDMƏTİ MAŞINLARIN ŞƏKLİNİ ÇƏKMƏK OLMAZ»


Təəssüf ki, rəsmi statistika yalnız şəxsi avtomobillər və bir də ölkədəki minik maşınlarının sayını göstərir, amma dövlət qurumlarının balansında olan avtomobillərin sayını açıqlamır. Maliyyə Nazirliyi də bu rəqəmi ictimaiyyətlə paylaşmaq istəmir. Hər halda, göndərdiyimiz rəsmi məktuba iyirmi gün ərzində cavab ala bilmədik.

Maşın parkı barədə danışmaq deyəsən əksər dövlət qurumlarının xoşuna gəlmir. Hətta onların bəziləri maşınlarının şəklinin çəkilməsini də istəmir. Məsələn, Dövlət Gömrük Komitəsinin qabağındakı dayanacaqdakı maşınların şəklini çəkmək istəyəndə mühafizəçi nəinki çəkiliş aparmağa, hətta komitənin qabağında dayanmağa da icazə vermədi.

HƏR NAZİRLİYƏ AYRICA SƏRƏNCAM


Qeyri-rəsmi rəqəmlərə görə, 2004-2008-ci illərdə xidməti avtomobillərin sayı artıb. Xidməti avtomobillərin limitləri barədə hökumət on beş il əvvəl bir qərar qəbul eləyib, amma nazirliklər üçün xidməti maşın limiti hansı əsaslarla müəyyənləşir, bu sualın cavabını tapmaq mümkün deyil. Nazirlər Kabineti isə suallarımızı cavabsız buraxdı. «Turan» İnformasiya Agentliyinin eksperti Anar Xanbəyli deyir ki, hökumət nazirliklərə və dövlət komitələrinə avtomobil ayrılmasına ayrı-ayrılıqda sərəncam verir:

Rabitə Nazirliyi
«2003-cü ildə dövlət başçısı 948 nömrəli Fərmanı ilə yalnız dövlət qulluqçuları üçün xidməti nəqliyyat və ya müvafiq kompensasiya verilən vəzifələrin siyahısını, kompensasiyaların miqdarını və verilmə qaydalarının hazırlanmasını Nazirlər Kabinetinə tapşırsa da, hələlik hökumət heç bir iş görməyib. Hazırda, dövlət orqanları üçün xidməti minik avtomobillərin limiti Nazirlər Kabinetinin ayrı-ayrı sərəncamları ilə müəyyən edilir. Adi halda bu o deməkdir ki, məsələn Fövqəladə Hallar Nazirliyi əlavə 50 işçisini maşınla təmin etmək istəyirsə, bununla bağlı Nazirlər Kabinetinə müraciət edir və müvafiq icazə alaraq xidməti avtomobillər parkını genişləndirir. Nəticədə, sözügedən limit durmadan böyüyür. Beş il qabaq dövlət sektorunda çalışan 79 nəfərə 1 xidməti avtomobil düşürdüsə, 2008-ci ilin nəticələrinə görə, artıq 40 nəfərə 1 avtomobil düşür».

İqtisadçı Azər Mehtiyev isə limitlə bağlı qanunvericilik bazasının olmamasını hüquqi nihilizm adlandırır.

«Bu, idarəetmədə qarmaqarışlıq yaratmağın ən yaxşı üsullarından biridir. Korrupsiya üçün geniş imkan açır. Hər bir nazirlik haqqında fərdi sərəncamların verilməsi daha çox manevr imkanları yaradır. «Yuxarı»ların yanında hansı nazirliyin hörməti, çəkisi varsa, onun təminatı daha yüksək olur».

HƏR İL ARTAN BÜDCƏ

Durmadan böyüyən limit xərcləri də durmadan böyüdür. Əgər 2004-cü ildə avtomobillərin alınmasına dövlət büdcəsindən təxminən 20 milyon manat ayrılmışdısa, üç il sonra bu rəqəm pik həddə – 86 milyon manata çatmışdı. Yeri gəlmişkən, bəzi iqtisadçı ekspertlər 2007-ni Azərbaycanda «neft bumu» ili kimi xarakterizə edirlər. Həmin ildə ölkəyə külli-miqdarda neft pulları axırdı və büdcənin bu xərci də digər xərclər kimi artmışdı.

P.S. Sizcə məmurların bahalı maşınları onların işinə müsbət təsir göstərir? Şərhinizi yazın

ARDI BURADA
XS
SM
MD
LG