Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:18

Böhranın yaratdığı böhran


Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yazıçılara cavab verib
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yazıçılara cavab verib
AKADEMİKİ DANIŞMAĞA NƏ VADAR EDİB?

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yazıçılara cavab verib. O, AzərTAc rəsmi informasiya agentliyinə müsahibəsində bildirib ki, ictimai və humanitar elmlərə dair məqaləsində ədəbiyyatla bağlı cəmi bir abzas yazsa da, bu, daha çox müzakirəyə səbəb olub.

Ramiz Mehdiyev məqaləsində Azərbaycana səs salası ədəbiyyatın olmadığını yazıb. Müsahibəsində isə bu fikrə aydınlıq gətirmək istəyib və deyib ki, əslində ədəbi proseslərdə daha çox əvvəllər ad-san qazanmışların əsərləri görünür, nəinki 25-30 yaşlı yazıçıların.

Ramiz Mehdiyevin məqaləsi kimi bu müsahibəsi də birmənalı qarşılanmayıb. Akademiki danışmağa nə vadar edib?

Ümumiyyətlə, ilk dəfədir ki, Ramiz Mehdiyev fikrinə göstərilən reaksiyalara yumşaq tonda cavab verir və dediklərinə haqq qazandırmaq istəyir. Əvvəllər müşahidə olunmayan bu cəhdin səbəbi nədir?

YAZIÇILARA DAHA NÜFUZLUDUR?

Bununla bağlı müşahidəçilərin müxtəlif versiyaları var. Hətta sonuncu məqaləni təhlil edən bəzi ekspertlər bunun hakimiyyət eşalonundan uzaqlaşdırılmaq ehtimalı olan Mehdiyevin əleyhinə işləyəcəyini söyləmişdilər.

İctimai elmlər sahəsindəki problemdən bəhs edən tənqidi yazıya alternativ münasibət alimlərdən yox, yazıçılardan gəldi.
Şahvələd Çobanoğlu
Elə Prezident Adminstrasiyasının rəhbəri də bu zümrəyə cavab verir. Yeri gəlmişkən, 1999-cu ildə İstanbul zirvə toplantısı ərəfəsində bir neçə yazıçı o vaxtkı prezident Heydər Əliyevə müraciət ünvanlamışdılar ki, onlar Dağlıq Qarabağın taleyindən narahatçılıq keçirirlər və cavab istəyirlər. Prezident onları dərhal qəbul eləmişdi. Ramiz Mehdiyevin də yazıçılara yumşaq tonda cavab verməsini bu zümrənin ictimaiyyətdə daha nüfuzlu olması ilə izah eləyənlər var.

Amma jurnalist Şahvələd Çobanoğlu bu arqumentlə razılaşmır, deyir ki, ilk baxışdan Ramiz Mehdiyevin geri çəkildiyi görünsə də, müsahibəni diqqətlə oxumaq kifayət edir ki, bunun əksini görəsən:

- Ramiz Mehdiyev etirazlara etirazla cavab verib. Əksinə, öz fikirlərini bir daha təsdiqləyib.

BÖHRANIN YARATDIĞI BÖHRAN

Şahvələd Çobanoğlunun fikrincə, ölkə ictimai elmlərində böhran yaşandığını hakimiyyət də görür və Prezident Adminstrasiyasının rəhbəri də bu boşluğu doldurmaq istəyib, amma qaş düzəltdiyi yerdə göz çıxarıb.

- Ramiz Mehdiyev ölkədəki ictimai-siyasi sahədəki böhranı məqalələriylə pərdələmək istəyirdi. Sonuncu məqaləsi isə yeni bir böhran yaratdı. Mən bunu böhranın yaratdığı böhran adlandırardım

Şair Rasim Qaraca isə Ramiz Mehdiyevin məqaləsindəki və müsahibəsindəki fikirlərin Yazıçılar Birliyinin sədri Anara ünvanlandığını güman edir. Amma deyir ki, tərəflər bir-birləriylə diplomatik dildə danışdıqlarından bir şey anlamaq olmur:

Rasim Qaraca
- Belə görünür ki, Ramiz Mehdiyev Anar Rzayevin və ətrafının təpkilərinə görə geri çəkildi, amma bu inandırıcı görünmür. Ona görə də deyirəm ki, Mehdiyevin dediyini sonradan niyə təkzib etməsini anlaya bilmirəm.

YAZIÇILAR YOZDULAR

Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu isə hesab eləyir ki, Ramiz Mehdiyevi danışmağa məcbur edən səbəb onun məqaləsindəki fikirlərin düzgün yozulmaması olub:

- Birmənalı qarşılanmadı bu fikirlər. Yazıçılar yozdular. Ona görə Ramiz Mehdiyev müsahibəsində bir daha vurğuladı ki, əvvəlki fikirlərinin mayasında mənəviyyatımız durur. Hər halda Ramiz Mehdiyevin ifadələri də, ona verilən reaksiyalar da işin xeyrinədir. Yəni, ayıq-sayıq olmalıyıq, ədəbiyyatımızın sabahından da arxayın olmalıyıq.

Yeri gəlmişkən, Ramiz Mehdiyev müsahibəsində bildirib ki, istedadlı adamlar imtiyazlar ummamalıdır. Məsələn, yazarlar prezident təqaüdü alır. Bu imtiyaz məsələsi bunlara işarə deyil? Ədalət Əsgəroğlu inanmır ki, «imtiyaz» deyəndə bu məsələlər nəzərdə tutulur. Onun fikrincə, elə yazıçı dövlətdən ummalıdır.

Jurnalist Şahvələd Çobanoğlu isə deyir ki, sözügedən məqalə də, ona reaksiyaların müqabilində verilən müsahibə də hansısa prosesin başlanğıcıdır. Onun fikrincə, bu yazılar hələ bir çox addımların atılacağını göstərir.
XS
SM
MD
LG