Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 06:27

Ramiz Mehdiyevin AzərTAc-ın müxbiri ilə söhbəti


AZƏRBAYCAN OXUCUSU YAZIÇILARIMIZDAN ƏDƏBİ HADİSƏYƏ BƏRABƏR ƏSƏRLƏR GÖZLƏYİR

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin AzərTAc-ın müxbiri ilə söhbəti

- Ramiz müəllim, noyabrın 21-də Dövlət İdarəçilik Akademiyasında keçirilən məlum müşavirədə Sizin çıxışınız çox aktual bir mövzuya həsr olunmuşdu. Həmin çıxışınızda və eləcə də dekabrın 8-də “Azərbaycan” qəzetində dərc olunmuş “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” adlı məqalənizdə ictimai-siyasi və humanitar elmlərin ölkəmizdə vəziyyəti nəzərdən keçirilmiş, bütövlükdə Azərbaycan elminin bu gün öz üzərinə düşən vəzifəni nə dərəcədə yerinə yetirməsi və bunun lazımi səviyyədə olub-olmaması ilə bağlı mühüm problematik məsələlər qaldırılmışdır. Siz xüsusi vurğulamışdınız ki, bu gün dünyada “Azərbaycan modeli” kimi bir anlayış formalaşmaqdadır və dövlətimiz də, onun rəhbəri də bunu müsbət inkişaf yolu olaraq təqdim edir. Sual edirsiniz ki, həmin modelin “işləməsi” üçün ictimai-siyasi elmlər nə edib və “Azərbaycan modeli”nin elmi ümumiləşdirilməsi üçün indiyədək hansı işlər görüblər? Bir də, sizcə, “Azərbaycan modeli” ilə müasir elmimiz və ədəbiyyatımız arasında, doğrudanmı, böyük məsafə vardır? Çıxışınızda Siz həm də ədəbiyyat, dil və azərbaycançılıq məfkurəsi məsələlərinə toxunmuşdunuz. Ədəbi proseslə bağlı maraqlı və hətta bir qədər tənqidi fikirlər söyləmişdiniz. Lakin alimlərə nisbətən ədəbiyyat adamları buna daha çevik reaksiya verdilər. Hər gün yeni-yeni təəssüratların şahidiyik. Xüsusən bəzi yazıçıların reaksiyası diqqəti daha çox cəlb etdi. Sizcə, bu reaksiya söylədiklərinizlə nə dərəcədə adekvat sayıla bilər?

- Bir sualda siz bir çox məqamlara toxundunuz. Mən də çalışaram ki, onları cavabsız qoymayım.
Əvvəla deyim ki, mənim çıxışımı və məqaləmi ittiham kimi qəbul edənlər ciddi yanılırlar. Əslində həmin çıxışda və məqalədə əsasən ictimai elmlər sahəsində vəziyyət və bəzi problemlər öz əksini tapmışdır. Mətbuatda və internet səhifələrində dərc olunmuş rəylərin əksəriyyəti göstərir ki, məqalədə qaldırılmış problemlər insanlarımızı dərindən düşündürür. Onu da qeyd edim ki, ictimai elmlərin nümayəndələri məqalədəki müddəaları düzgün sayır və qəbul edirlər. Bunu isə həmin elmin kifayət qədər obyektiv nümayəndələrinin bu sahədəki vəziyyəti düzgün təhlil etmək bacarıqlarının göstəricisi kimi qiymətləndirmək mümkündür.

Məqalədə milli ədəbiyyatımız haqqında da yüksək həssaslıqla fikir söylənib. Lakin nədənsə məqalənin bu hissəsi müəyyən ajiotaj yaradıb. Bədxahların, araqarışdıran intriqabazların və dəyərli yazıçıları addımbaşı qaralayanların əllərinə fürsət düşüb. Onlar çalışırlar ki, ədiblərimizin yaradıcılığı üzərindən qara xətt çəkərək özlərinin çirkin niyyətlərini həyata keçirsinlər. Bu qaragüruhçular hiyləgərliklərini işə salaraq belə bir rəy yaratmağa çalışırlar ki, guya hakimiyyətlə Yazıçılar Birliyi arasında soyuqluq yaranıb və yaşlı yazıçılara münasibət dəyişib.

Düşünürəm ki, bu, çox əbəs işdir. Yaxşı görünür ki, kim millətə xidmət göstərir və kim dağıdıcılıq fəaliyyəti ilə məşğul olur. Anar doğru yazır ki, “bəzi qəzetlər yazıçıları zəhərləməklə məşğuldur”. Onu da düzgün deyir ki, “son məqalənin böyük hissəsi elmə aiddir, ona görə bir şey deyə bilmərəm. Yalnız bir abzas yazıçılar haqqındadır və nədənsə hamı onu bayraq edib”.

Mən istər görüşdəki çıxışımda, istərsə də işıq üzü görən məqaləmdə nailiyyətlərimizi hər hansı şəkildə inkar etmək fikrindən uzağam. Axı məqalədə, əslində bizim gələcək inkişafımızla bilavasitə bağlı məsələlərin müzakirəsi aparılır. Burada çağırış və dəvət də vardır. Amma ittiham və inkar yoxdur. Məqsəd kimisə nədəsə günahlandırmaq da deyildir. Məqsədimiz yalnız gündən-günə artan mənəviyyat problemlərinə bir yerdə cavab tapmaqdan ibarətdir.
Bir daha vurğulamaq istəyirəm ki, mən tərəf-müqabil idim. Bunu ancaq bu cür qəbul etmək lazımdır. Mən bu gün geniş ictimaiyyətimizi düşündürən ciddi məsələlər barədə bizim alimlərlə, yazıçılarla bir yerdə fikir mübadiləsi aparmaq arzusunda idim.

Mən “son illər cəmiyyətimizdə böyük maraq doğuran, yaxud ictimaiyyətin diqqət mərkəzində olan bir əsər yaranıbmı” deyə sual vermişdim. Hörmətli akademik Bəkir Nəbiyev bu suala cavab olaraq müşavirədə bir nəfər yazıçının – Kamal Abdullanın adını çəkə bilmiş və onun bir neçə ölkədə çap olunaraq, rəsmən Nobel mükafatına təqdimolma qeydiyyatından keçmiş “Yarımçıq əlyazma” romanını qeyd etmişdi. Bu, artıq dialoq idi, amma bir yox, daha bir neçə yazıçının da adı çəkilə bilərdi. Çünki söhbət istisnalardan getmir. Böyük ədəbiyyatı istisnalar təşkil etməməlidir. Məsələ ondadır ki, indi antiədəbiyyatın kəmiyyət göstəricisi, təəssüf ki, əsl ədəbiyyatı qat-qat üstələmişdir. Söhbət ədəbiyyatımızın sabahından gedir. Ədəbiyyatımızın bugününün təhlilini aparmalı və onun gələcəyini düşünməliyik.

Azərbaycan oxucusu indi ədəbiyyatımızda 25-30 yaş arasında olan gənc istedadların maraqlı əsərlərini görmək istəyir. Hazırda ad-san sahibi olan ədiblərimiz də 1960-cı illərin ortalarında, elə həmin yaşlarda ikən ədəbiyyata gəliblər.

Azərbaycan ədəbiyyatının çox zəngin tarixi vardır. Nadir xalq tapıla bilər ki, onun bizim qədər nəhəng ədəbi irsi, bizim qədər görkəmli yazıçısı və şairi olsun. XX əsrdə yazıb-yaradan Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Yusif Vəzir Çəmənzəminli, Hüseyn Cavid, Cəfər Cabbarlı, Məmməd Səid Ordubadi, Mirzə İbrahimov, Süleyman Rəhimov, Mehdi Hüseyn, Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza və digərləri kimi söz sənəti korifeylərimiz Azərbaycan xalqının böyük iftixarıdır. Onlar xalqa öz sənətləri ilə borclarını veriblər.

Böyük ədiblərimizin dəyərli əsərləri nəhəng sələflər və zəngin ənənələr olmadan, boş yerdə yarana bilməzdi. Bizim müasir ədəbiyyatımızın tanınmış nümayəndələri də öz yaxın sələflərindən geri qalmamalıdırlar. Azərbaycan oxucusu yazıçılarımızdan ədəbi hadisəyə bərabər əsərlər gözləyir. Bu günün vəzifələri dünən olduğundan çox fərqlidir.

XIX-XX əsrlərin modernist dəyişiklikləri artıq arxada qalıb. Müasir dövrün beynəlxalq münasibətlər sistemi, maliyyə-iqtisadi, müdafiə, humanitar və digər sistemlər modern adlanan dövrün nəticəsi olaraq qiymətləndirilir. Keçmişdə nizamlanmış strukturları müasir demokratiya və universal iqtisadiyyat əvəz edibdir. Dünyada baş verən maliyyə və iqtisadi böhran isə bir tərəfdən modernist dünyanın qalıqlarının dağılmasının, digər tərəfdən də postmodernizmin önə çıxmasının təzahürüdür. Artıq müasir dünyamız, Azərbaycan da daxil olmaqla, postmodern epoxasını yaşamağa başlayıb. İyirmi ilə yaxındır ki, bu proses get-gedə vüsət almaqdadır. Bizim ictimai və humanitar elmlərimiz də, ədəbi mühitimiz də postmodern epoxasının çağırışlarına cavab verməyə qadir olmalıdır. İş ondadır ki, insanlar və dövlətlər arasında yeni münasibətlər bərqərar olur, dəyərlər sistemi dəyişir, yeni prioritetlər müəyyənləşir, yeni düşüncə mədəniyyəti formalaşır. Biz həmin proseslərdən geri qalmamalıyıq. Məqalədəki suallara da məhz bu aspektdən yanaşmaq gərəkdir.

Heç kim demir ki, bu gün əsər yazılmır. Əsərlər yazılır və onların içərisində seçilənləri də az deyildir. Amma qələmə alınan əsərlərin əksəriyyəti, qeyd etdiyim kimi, cəmiyyətin müasir intellektual-mənəvi tələblərinə cavab verə bilməyən və öz-özünə qapanaraq ədəbiyyat sahəsindən kənara çıxmağı bacarmayan əsərlərdir. Məsələ bax bundadır.

Bizim bəzi yazıçılar mənim söylədiklərimə münasibətdə dərhal özlərinə müdafiə mövqeyi tutmağa tələsdilər. Güman edirəm ki, bu, artıq iş idi. Halbuki mənim hələ cavabını gözləyən kifayət qədər suallarım qalıbdır. Misal üçün, məni ziyalı kimi daim bir məsələ düşündürür: 1987-ci ildən etibarən biz Dağlıq Qarabağ dərdi, Qanlı Yanvar faciəsi, Xocalı soyqırımı ilə, qaçqın-köçkünlük kimi böyük bir humanitar fəlakətlə üzləşmişik. Yaradıcı ziyalılar bu ağır günlərin həyəcanını hansı bədii əsərlərdə lazımınca əks etdiriblər? Mən ayrı-ayrı məqalə və çıxışları yox, dərin təfəkkürlə yaradılan elmi və bədii əsərləri nəzərdə tuturam. Yaxud 1994-cü və 1995-ci illərin dövlət çevrilişi cəhdləri, həmin dövrdə cərəyan edən mürəkkəb daxili prosesləri və dövlətimizə qarşı xaricdən göstərilən təzyiqləri götürək. Hansı kitabda, hansı əsərdə bu məqamlar dolğun elmi və bədii əksini tapıb? Yaxşı, bəs bütün bu işləri kimlər görməlidir? Bunun tək bir cavabı var: alimlərimiz və yazıçılarımız.

- Ramiz müəllim, razılaşın ki, ilk dəfə idi çıxışınızda ədəbi mühitlə bağlı tənqidi fikirlər səslənmişdir. Doğrudanmı, sizə elə gəlir ki, bu gün Azərbaycanda ədəbi mühit yox kimidir?!

- Ədəbi mühit vardır. Bunu heç kim inkar edə bilməz. Lakin indiki ədəbi mühit XXI əsrin çağırışlarına cavab verməyə hazırdırmı? O, Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin mənəvi ehtiyacını təmin etmək iqtidarındadırmı? Bu əsrdə bütün dünya miqyasında köklü və çox ciddi dəyişikliklər baş verəcəkdir. Proses artıq siyasi, iqtisadi və sosial sahədə, təbiətin ekologiyasında, insanların psixologiyasında, yeni-yeni elmi kəşflərdə və eləcə də digər aspektlərdə özünü büruzə verir. Cəmiyyətin həyatında yeni dəyərlər sistemi formalaşır, yeni prioritetlər meydana gəlir. Bizim insanlar tədricən bütün bunlara hazır olmalıdırlar. Bu vəzifənin öhdəsindən biz çox dərin düşüncənin məhsulu kimi yaranan sanballı elmi və ədəbi əsərlər vasitəsilə, həmin əsərlərin təbliği sayəsində gələ bilərik. Bax bu gün bu çatmır.

Mən yaxşı bilirəm ki, ədəbiyyat inciləri və ya böyük elmi əsərlər göstərişlə, yaxud tapşırıqla ortaya qoyulmur. Bunu sovet dövründə də bilirdim, indiki müstəqillik illərində də çox gözəl anlayıram. Belə əsərləri yazmaq üçün xüsusi qabiliyyət, böyük istedad və dərin zəka tələb olunur. Bizim insanlarımız arasında belələri, şübhəsiz ki, az deyildir. Sadəcə onlara dəstək olmaq, mənəvi dayaq olmağı bacarmaq lazımdır. Bunun üçün də müvafiq elmi və ictimai qurumlar vardır. Bax burada yaradıcı mühit olmalıdır. Əsasən də kreativ düşüncəli elmi işçilərin və yazıçıların yaradıcılıq fəaliyyətləri üçün əlverişli mühit olmalıdır. Bazar iqtisadiyyatı şəraitində dövlət elmin və ədəbiyyatın inkişafı üçün öz töhfəsini əsirgəmir. Lakin yaradıcılıq sahəsində lazımi mühit heç də göstərişlə formalaşdırıla bilməz.

Əgər düşünsək ki, ayrı-ayrı yazıçılar əsər yazırsa və bu əsərlər də çap olunursa, sonra onların təqdimatları keçirilir və barələrində hansısa qəzetdə yaxın sovet dövründəki şablonlara uyğun resenziyalar çıxırsa, deməli, gözəl ədəbi mühit və güclü ədəbi proses mövcuddur, onda biz səhv edərik. Arzusunda olduğumuz ədəbi mühit ədəbiyyatın öz daxilində yaranmalıdır. O, qıraqdan gətirilə bilməz.

Lakin bu gün az qala əli qələm tutan hər kəs utanıb çəkinmədən özünü və ya dostunu-yoldaşını asanlıqla ədəbi mühitin, prosesin üzvü kimi təqdim edə bilir. Bunun üçün bu adamın rəsmi formal atributları da var; o, Yazıçılar Birliyinin üzvüdür, hansısa ədəbi orqanın redaksiya heyətinə daxildir, müxtəlif rəyasət və idarə heyətlərinin, nə bilim, daha hansı qurumun üzvüdür və s. və i.a. Amma bu adamı bir yazıçı, dramaturq və ya şair kimi cəmiyyət tanıyıb qəbul edirmi? Bu adam mövcud ədəbi prosesə, ictimai rəyin formalaşması işinə indiyədək nə verib? Bax, bunu biz çox zaman düşünmürük, bu suala cavab axtarmırıq. Yazıçı adının bütün formal atributlarına malik olmaq çox asandır, əsl böyük yazıçı olmaq isə son dərəcə çətindir. Həqiqətən bu gün yazanlarımızın sayı çoxdur. Amma bu, hələlik kəmiyyətlə bağlı məsələdir. Kəmiyyətdən keyfiyyətə isə birbaşa keçid yoxdur. Yazıçılar Birliyinin 1500 üzvü içərisində bütün xalqın hörmət və sevgisini qazanmış neçə yazıçı var?! Hesab edirəm ki, bu sualın da cavabı üzərində düşünməyə dəyər. Ədəbi qəzetlər və jurnallara gəlincə, onlar sözün əsl mənasında ədəbi mühitin və prosesin formalaşmasının aparıcı qüvvələri olmalıdırlar. Bəs bu necə, baş verirmi? Mən arzu edərdim ki, bu gün cəmiyyətimizin hər bir üzvü ədəbi qəzeti, yaxud jurnalı aldıqdan sonra onu səbirsizliklə oxumağa tələsəydi.

- Yenə də, Ramiz müəllim, elə suallar meydana çıxır ki, onlara cavablar axtarılmalıdır... Sizcə, bu gün niyə ədəbi qəzet və jurnalları oxumurlar? Bununla bağlı fikirlərinizi bilmək bizim üçün olduqca əhəmiyyətlidir.

- Qəzet də, jurnal da oxucunu cəlb etmək üçün maraqlı olmalıdır, onun mənəvi-intellektual tələbatını ödəməyi bacarmalıdır. Çox qəribədir, sovet dövründə senzura var idi, yazıçılar onunla mübarizə şəraitində dəyərli əsərlər yazırdılar, öz mövqelərini çatdırmağa can atırdılar. Bu gün senzura yoxdur. İlk baxışdan adama elə gəlir ki, ədəbiyyatın yeni çiçəklənmə dövrü başlaya bilərdi. Lakin heç də belə olmadı. Niyəsini düşünmək gərəkdir. Ədəbi orqan siyasi orqan deyil, ondan heç kim tələb etmir ki, siyasi orqanların yazıb çap etdirdiyi materialı bir daha dərc eləsin. Ədəbi orqanın siyasəti, ilk növbədə, ədəbi mühiti formalaşdırmaq, yeni əsərlər haqqında fikirlər söyləyərək ictimai rəy yaratmağı bacarmaq, ədəbi dilin, milli mənəvi ləyaqətin keşiyində dayanmaqdır. Bu işlər görülərsə, bu elə dövlətin siyasətinin ədəbi müstəvidə həyata keçirilməsidir. Həyatın özü bədii əsərlər üçün xeyli maraqlı material verməyə qadirdir. Elə ictimaiyyəti də dərindən düşündürən problemlər az deyildir.

Ədəbi mühitə yeni qüvvələr gəlməli və bu mühit artıq qrafomanlığa yox deməyi bacarmalıdır, dilin və ədəbiyyatın saflığını qoruyaraq maraqlı, sağlam ruhlu mübahisə və polemikalara yol açmalı, novator fikirlərin təbliğinə çalışmalıdır. O zaman ədəbi nəşrləri də əldə çıraq axtararlar.

- Siz “ədəbi dilin qorunması” deyərkən başlıca olaraq hansı cəhətlərə diqqət yetirilməsini istərdiniz?

- Ulu öndərimiz Heydər Əliyev deyirdi ki, milli məfkurəmizin əsaslarından biri olan milli mənəvi dəyərlərimiz içərisində ana dilimiz – Azərbaycan dili xüsusi yer tutur. Ana dili milli ədəbi dil kimi əsrlər boyu yaranıb cilalanmış misilsiz sərvətimizdir. O, bizim varlığımız, canımız və qanımızdır. Amma gəlin baxaq. Bu gün doğma ana dilimiz – istər gündəlik danışıq dilimiz, istərsə də ədəbi dilimizin müəyyən üslubları hansı vəziyyətdədir?! Yenə də bir qədər əvvəlki məsələni yada salaq: bir halda ki ədəbiyyat bu gün geniş kütlə arasında oxunur və təqdir olunur, o zaman müxtəlif televiziya kanallarının və qəzetlərin ədəbi üslubu nə üçün belə aşağı səviyyədədir?! Əgər bütün ədəbiyyat yüksək səviyyədədirsə, başqa sözlə desək, bu sahədə hər şey qaydasındadırsa, niyə onun təlqin etdiyi mənəvi dəyərlər və keyfiyyətlər cəmiyyət içərisində geniş yayılmır?! Hamımız bilirik ki, dünyaya inteqrasiya, eyni zamanda, normal mədəni səviyyədən, yüksək mənəviyyat və zəngin əxlaq sahibi olmaqdan keçir. Biz yüksək milli dəyərlərimizi, zəngin mənəvi potensialımızı nəinki qoruyub saxlamalıyıq, həm də onları inkişaf etdirməliyik. Ədəbiyyatın bu istiqamətdə cəmiyyətə verəcəyi çox şeylər vardır. Bizim bugünkü ədəbiyyatımız cəmiyyətə hələ çox borcludur. Bunu heç kim inkar edə bilməz.

- Biz həmişə ədəbiyyatdan çox şey gözləyirik. Amma gəlin düşünək: ədəbiyyata onun biz istədiyimiz səviyyədə fəaliyyəti üçün hər şeyi veririkmi?! Dövlət dəstəyi kifayət qədər varmı?

- Bu sual ətrafında da açıq, yaxud gizli şəkildə müəyyən söhbətlər aparılır. Bəzən deyirlər ki, dövlət ədəbiyyat üçün kifayət qədər lazımi şərait yaratmır, ona lazımi şəkildə maddi yardım göstərmir, amma ondan çox şeylər tələb edir. Gəlin bir anlığa düşünək, görək hansı dövlətdə və hansı zəmanədə hökumət ədəbiyyat üçün əlahiddə xüsusi şərait yaradıb?! Əlbəttə, ilk ağla gələn cavab “sovet dövrü” və “sovet hökuməti” olacaqdır. Doğrudan, sovet ideologiyasının tələblərinə cavab verən yazıçılara böyük kömək və dəstək göstərilirdi ki, bu da məlum həqiqətdir.
Şahların Firdovsilərə, Nizamilərə göstərdikləri himayədarlıqları nəzərə almasaq, tarix boyu yalnız sovet dövrü yazıçılar üçün münbit şərait yaratmışdı. Həqiqət naminə demək lazımdır ki, dövlət elə indinin özündə, bazar iqtisadiyyatı dövründə belə o şəraitin bəzi müəyyən tərəflərini yaşadır; yazıçıları, şairləri müxtəlif mükafatlarla təltif edir, onlara prezident təqaüdü ayırır, Yazıçılar Birliyinin mətbu orqanlarını dövlət büdcəsindən maliyyələşdirir və s. Keçid dövrünün özü ilə gətirdiyi çətinliklərə baxmayaraq, kifayət qədər dəstək göstərilmişdir və yenə də göstərilir. Bu özü də müxtəlif formalarda həyata keçirilir. Kimsə deyə bilər ki, bütün bunlar yenə də “azdır”. Yaxşı, bəs daha nə edək? Bu gün kömək və dəstək var, amma sovet dövründəki kimi sərt sifariş də yoxdur axı!.. Bu günün qələm sahibinin xalq, Vətən və tarix qarşısında yeganə mənəvi-vicdani borcu yalnız əsl ədəbi əsərlər yaratmaqdan ibarətdir.
Digər tərəfdən, böyük ədəbiyyat heç zaman imtiyazlardan asılı olmayıb. Əsl ədəbiyyat böyük istedadın məhsuludur. Biz görürük ki, əlavə imtiyazlar istəyənlər həqiqi ədəbiyyatdan uzaq olanlardır. Bu gün bizə ədəbiyyatın öz təsir dairəsini gücləndirməsi və genişləndirməsi lazımdır. Heç kəs unutmamalıdır ki, yaradılan hər bir əsərin əsl qiymətini xalq verir.

- Mövcud vəziyyətdən çıxış yolu varmı? Siz hansı məqamları xüsusilə vacib sayardınız?

- Vəziyyət elə acınacaqlı da deyil ki, ondan çıxış yolu da olmasın. Biz, sadəcə olaraq, öz fikrimizi və arzularımızı dilə gətirmişik. Bu gün Azərbaycan Prezidenti hörmətli İlham Əliyevin həqiqətən nəhəng əməyi dövlət quruculuğumuzda, siyasətimizdə Heydər Əliyev kursunun saxlanması və inkişafı işinə yönəlibdir. Bu yolda elm və ədəbiyyat xadimlərimiz Azərbaycan naminə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməlidirlər.
Mən istəməzdim ki, ictimai-siyasi elmlər sahəsində müxtəlif fəxri adlara, təltiflərə layiq görülən və buna həqiqətən də layiq olan adamlar bu gün konkret fəaliyyət sahələrinin nümayəndələri tərəfindən süstlükdə, laqeydlikdə və qeyri-professionallıqda ittiham edilsinlər. Ədəbiyyatda da eləcə. Bir daha təkrar etmək istəyirəm; ədəbiyyat bu gün, təəssüf ki, yalnız ədəbiyyatçılar çərçivəsində qapanıb qalıbdır, cəmiyyətə açılmağa can atmır, ictimai həyat meydanında, necə deyərlər, gözə dəymir, görünmür. İnsanlarımızın isə yeni düşüncəyə, yeni fikir və ideyalara tələbatı çoxalıbdır. Onlar öz mənəvi-estetik aləmlərini zənginləşdirmək üçün davamlı axtarışdadırlar.

Ədəbi mühit özü özünü saflaşdıraraq, təkmilləşdirərək sözünü deməlidir. Heç bir kənar qüvvə onu dəyişdirə bilməz. O, özü özünü hərəkətə gətirməlidir. Başlıcası isə, ədəbi mühit ictimai rəyin formalaşdırılmasına xidmət göstərməlidir.

Xalqımızın gözəl dil duyumu vardır. Məhəmməd Füzulini, yaxud Hüseyn Cavidi hər hansı biri yanlış oxuyursa və ucqar dağ kəndinin bir sakini də onun səhvini düzəldirsə, burada artıq biz əsl ədəbiyyata sevgidən danışa bilərik. “Dilin keşiyində dayanmaq” bax buna deyirlər! Daha dövlət bunun üçün də “dil polisi” ayırmayacaq ki?! Cəmiyyət özü dilə həssas münasibət bildirməlidir.

Yeni yazılan diqqətəlayiq hər bir əsəri cəmiyyətin diqqətinə də məhz ədəbiyyatşünaslar, ədəbi tənqidçilər dəyərləndirib təqdim etməlidirlər. Elin gözü tərəzidir, deyirlər. Doğru sözdür. Xalqı aldatmaq olmaz. Ona zövqsüz yazılmış nəyi isə yaxşı əsər adı altında təqdim edə bilməzsən. Ədəbiyyatın borcu təmiz və dürüst dəyərləri cəmiyyətdə bərqərar etməkdir. Cəmiyyət isə öz növbəsində bu dəyərləri milli ənənəyə və təcrübəyə uyğunlaşdırır. Bunların birindən danışıb o biri barədə susmaq olmaz. Bunlar mütləq surətdə bir-biri ilə əlaqəlidir. Deməyə sözü olan yazıçını müasir cəmiyyət səbirsizliklə gözləyir.
Ədəbiyyatın öz daxili qanunauyğunluqlarına müvafiq inkişaf istiqaməti də ola bilər. Kimisi “Ədəbiyyat ədəbiyyat üçündür” və ya “bədii əsərlər yazarlar üçündür” şüarlarını da qəbul edə bilər. Kimsə bədii əsər yazmağı özünün şəxsi işi sayar və bundan xüsusi zövq alar. Olsun, bunu heç kəs qadağan edə bilməz. Çünki bu, hər bir insanın öz haqqı, öz hüququdur. Lakin unutmayaq ki, ədəbiyyatın varlığını şərtləndirən amil məhz cəmiyyətdir.
Adını çəkdiyiniz çıxışımda demişdim ki, “bu gün dünya Azərbaycanı yenidən kəşf edir”. Biz buna görə elmimizlə, ədəbiyyatımızla, bizim bir millət olaraq bütövlüyümüzü qoruyan mənəvi-əxlaqi dəyərlərimizlə fəxr etməliyik.

- Ramiz müəllim, ədəbi tənqid haqqında nə deyə bilərsiniz?

- Bilirsinizmi, bu məsələ ilə bağlı xüsusi tədqiqat aparmamışam və ona qiymət vermək fikrindən də uzağam. Ədəbi tənqidlə mətbuatdan tanışam. Onu deyə bilərəm ki, əsl söz sərrafı bədii obrazlarla gerçəkliyi məharətlə əks etdirəndir. Yazıçının istedadına və yaxud şairin qələminin qüdrətinə məhz əsərlərində ifadə etdikləri fikirlərdəki məna dərinliyinə görə qiymət vermək lazımdır. Ədəbi tənqidin başlıca vəzifəsi, zənnimcə, bundan ibarətdir.
Vaxtilə bizim Məmməd Cəfər, Mehdi Hüseyn, Qulu Xəlilov, Yaşar Qarayev kimi tənqidçilərimiz var idi və onlar ədəbi prosesə dərindən, prinsipiallıqla nüfuz edirdilər. Əsl ədəbi tənqidimiz bir məktəb kimi də onlar tərəfindən yaradılmışdır.

Bəs bu gün bizdə nələr baş verir? Gəlin gizlətməyək ki, ədəbi tənqidimiz bədii əsərin dolğun və məzmunlu təhlilinə deyil, daha çox tərifə qaçır, ən yaxşı halda uzun-uzadı şərhlər verir. Ədəbi tənqid, – təbii ki, söhbət sağlam tənqiddən gedir, – ədəbiyyatın başlıca inkişaf meyillərini görməli, ümumiyyətlə ədəbi prosesə təsir göstərməli, istiqamət verməlidir. Ədəbiyyat və ədəbi tənqid bir vasitə kimi vəhdət şəklində insanların mənəvi-estetik və ədəbi-bədii zövqünü formalaşdırmağa xidmət etməlidir. Həqiqi ədəbiyyat obyektiv gerçəkliyi əks etdirməklə yanaşı, onun estetik dərkini də təmin etməlidir. Bütün bunlar, eyni zamanda, cəmiyyətin mədəni-mənəvi tələbat və maraqları ilə qırılmaz əlaqədə olmalıdır. Əsl ədəbiyyat zamanın ruhunu, dövrün fəlsəfi-estetik ideyalarını özündə əks etdirməyi bacarmalıdır. Ədəbi tənqidin üzərinə düşən vəzifə bütün bunların gerçəkləşdirilməsi üçün ədəbi prosesə istiqamət vermək və yazıçıya, yaxud şairə həyatın yeni çağırışlarını əsl vətəndaşlıq mövqeyindən qəbul etməsində köməyini əsirgəməməkdir.

Müxbir: Təşəkkür edirəm.
XS
SM
MD
LG