Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:30

Tehranda tələbə günü toqquşmalarla müşayiət olundu


Tehran Universitetində hökumət əleyhinə nümayiş, 7 dekabr 2009
Tehran Universitetində hökumət əleyhinə nümayiş, 7 dekabr 2009
1953-cü il dekabrın 5-də İran şahı Tehranda tələbələrin etirazlarlarını dağıdanda 3 tələbə öldürülmüşdü. O gündən bu yana İranda tələbələr hər il dekabrın 5-ni, daha doğrusu, dekabrın 5-dən sonrakı ilk iş gününü tələbə günü qeyd eləyirlər. 1979-cu ildə, düz 30 il əvvəl şah rejimi devrilsə də, bu il də İran tələbələri tələbə gününü qeyd eləyəndə polislə toqquşmalı oldular. Bu dəfə Şah polisini, İslam rejiminin polisi və yarımhərbi «Bəsic» qrupu əvəzləyib.

Şahidlərin sözlərinə görə, Tehranda tələbələrlə hökumət qüvvələri arasında iğtişaşlar bazar günü gecədən başlayıb. Ancaq bu toqquşmalar haqda məlumatlar Qərb mediasında geniş işıqlandırılmayıb, sadəcə ona görə ki, İran iqtidarı Qərb jurnalistlərinə iyun seçkisindən sonra bu tip etirazları işıqlandırmağı qadağan eləyib.

«BÜTÜN KÜÇƏLƏR XÜSUSİ TƏYİNATLI POLİSLƏRLƏ DOLUDUR»

Ancaq Tehran Universitetindən AzadlıqRadiosunun İran xidmətinə zəng edən tələbələrdən biri bildirib ki, İran polisi bu səhərdən başlayaraq universitetin bütün girişlərini mühasirəyə alıb:

Tehran Universitetində hökumət əleyhinə nümayiş, 7 dekabr 2009
- Tehran Universitetindəki tələbələr Musəvini dəstəkləyən şüarlar səsləndirirlər. Universitetin ərazisinə girişin yanında, universitetin məscidinin qarşısında isə «Bəsic»li tələbələr yığılıb. Onlar da müxalifətçi tələbələrin əleyhinə şüarlar səsləndirirlər. Müxalifətçi tələbələr universitetin əsas xiyabanına toplaşırlar. Universtitetin giriş qapısındakı camaat isə İnqilab Meydanına yığışır, bütün küçələr xüsusi təyinatlı polislərlə doludur, onlar etirazçıların videolarını və şəkilərini çəkirlər.

Eyni adam polisin bir müddət sonra universitetə yaxın gəlmək istəyən insanlarla toqquşmaya girdiyini deyir:

- Polis və «Bəsic» yaraqlıları camaatı universitetə çox yaxınlaşmağa qoymurlar, hətta təsadüfi insanlara buralarda gəzməyi də qadağan edirlər. Tehran Universitetinin cənub darvazası yanındakı Cumhuri küçəsində isə artıq polislə etirazçılar arasında toqquşma başlayıb, polis gözyaşardıcı qaz qumbaraları atır, camaatı dağıdır.

ETİRAZÇILARA HÜCUM

Səhər tezdən isə Tehranın iki başqa meydanında da toqquşmalar olmuşdu. Şahidlərdən biri:

Tehran Universitetində hökumət tərəfdarları ilə əleyhdarları arasında toqquşma, 7 dekabr 2009
- Polis insanlara bir yerə yığışmağa imkan vermirdi və sonra «Bəsic»lə birlikdə Vəli Əsr meydanında etirazçılara hücum elədilər. İndi Əmir Kəbir Universitetinin yanında, mənim olduğum yerdə camaat universitetin girişinə hücum eləyib, içəri daxil olmağa çalışır.

Şahidlərin sözlərinə görə, etirazlar bazar günü gecədən başlayıb, tələbələr «Allahu Əkbər!» və «Diktatora ölüm!» şüarları səsləndiriblər və şəhərin bəzi yerlərində polislə qarşıdurmaya girməkdən çəkinməyiblər.

«İQTİDAR BİZİM QARŞIMIZDA DURUŞ GƏTİRƏ BİLMƏYƏCƏK»


İran polisi öncədən tələbə günündə istənilən icazəsiz aksiyanın dağıdılacağını bildirmişdi. Ancaq öncədən hər kəsi etirazlara çağıran islahatçıların namizədi Mir Huseyn Musəvi bildirib ki, bu gün də olmsa, sabah iqtidar onların qarşısında duruş gətirə bilməyəcək.

Müxtəlif məlumatlara görə, polis etirazların mütəşəkkilliyinin qarşısını almaq üçün həftə sonundan başlayaraq Tehrandakı internetin sürətini bir neçə dəfə aşağı salıb, müxalifət saytlarına və informasiya şəbəkələrinə girişi məhdudlaşdırıb, Tehranın mərkəzində, universitetlərin yerləşdiyi yerlərdə mobil telefon şəbəkələri də kəsilib.
XS
SM
MD
LG