Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:22

Çingiz ABDULLAYEV “Əclafların qanunu” (Romandan parçalar)


Bəzən adama elə gəlir ki, dağlarda vaxt dayana bilər.

Ötən min illər ərzində burada gözə görünəsi bir dəyişiklik olmayıb.

Əvvəlki kimi yenə də təpələrin döşündə qoyun-keçi sürüləri dolaşır, iri-iri qayalar arasında ətirli yaşıl ot axtarır.

Yenə də əvvəlki kimi günəş öz qızmar istisini yayır, sanki bu dağları və onun sakinlərini səhərdən axşamadək yandırıb-yaxmaq istəyirdi...

***

Qurban kişi kəndin qoyunlarını otarırdı, sürüsündə mindən çox qoyun, iki yüzə qədər də quzu vardı.

Allaha şükür ki, aşağıda düşmən mövqeyini ötüb keçmiş, sürüsünü yenicə başlanmış atışmadan uzaqlaşdıra bilmişdi.

Qurban kişi bilirdi ki, bu top atəşləri qoyunlara çox pis təsir edir, onların əsəblərini korlayır.

Onlar üç il əvvəl atışmaya düşəndə cəmi-cümlətanı beş qoyun itirmişdilər və Qurban kişi elə hesab etmişdi ki, xəta-bəla ötüb keçib.

Lakin payız gələndə gümanında yanıldığını başa düşdü. Sürüdən üç yüz bala gözləyirdilər, heç yarısı da alınmadı...

***

Şəhər adəti ilə götürsək, Qurban kişi çox qoca idi, yaşı yetmişi ötmüşdü.

Dağdakıların fikrincə isə yetkinlik çağında idi.

Qonşusu Piri yetmiş iki yaşında evlənmiş və onun qırx yaşlı arvadı düz doqquz aydan sonra ona bir oğul bəxş etmişdi.

Dağ yerində hər şey nisbidir...

***

Adətən Qurban kişiyə kömək edən nəvəsi idi, üç ildi ki, dalbadal babası ilə dağlara qalxırdı.

Lakin bu il nəvəsini uzaq bir dağ kəndinə göndərməli oldu.

Rayon mərkəzindən tez-tez gələn adamlar tələb edirdilər ki, Qurban kişinin nəvəsi hərbi komissarlığa getsin.

Bu da qətiyyən qocanın xoşuna gəlmirdi.

Vətəni qorumaq Qurbangilin ailəsində hər bir kişinin müqəddəs vəzifəsi idi.

Qardaşını Belorusiyada öldürmüşdülər, özü isə yapon müharibəsinin iştirakçısı idi, hətta Port-Arturacan gedib-çıxmışdı.

Lakin onun nəvəsi artıq orduda olmuş, iki illik əsgərliyini başa vurmuşdu. Əlbəttə vahid ordu və böyük bir ölkə mövcud olanda.

İndi isə onun nəvəsini balaca bir ölkənin yerli ordusuna aparmaq istəyirdilər.

Özü də elə bir vaxtda ki rayon böyüyünün oğlanları çoxdan respublikanı tərk etmiş və deyilənə görə, Türkiyədə yaşayırdılar.

Elə bir vaxtda ki prokurorun oğlu mağaza açmış və bir az əzilmiş olsa da, hər halda xarici maşında rayonun mərkəzində belədən-belə keçir, kefini sürürdü.

Belə bir şəraitdə Qurban kişi özünə görə haqlı idi. O öz nəvəsini bu avaraların əvəzinə ikinci dəfə əsgərliyə göndərmək istəmirdi.

Ona görə də ailədə bu qərara gəldilər ki, uşağı Qazaxıstanda yaşayan qohumlarının yanına yola salsınlar.

İndi Qurban kişiyə kömək edən qonşu uşağı, on beş yaşına yenicə qədəm qoymuş Əli idi...

***

Onlar artıq səhər çörəyini yemişdilər. Səssiz-səmirsiz. Adətə görə süfrə başında kəlmə də kəsməmişdilər.

Elə bu vaxt Əlinin iti baxışları qonşu dağın döşündən enən adamlara sataşdı. Bir dəstə idi, hərənin də belində iri çanta.

- Yad adama oxşayırlar, - deyə Əli gözünü çəkmədən təşvişlə dilləndi. Qurban kişi vecinə almadı. Onların kəndində çobanlar qorxu zad bilmirdilər.

Qoca çoban qorxmasa da, narahat oldu. Aşağıda dava gedirdi və gələnlər qarşı tərəfin əsgərləri ola bilərdi. Elə isə düşməndən aman gözləməyin mənası yoxdu.

- Qayalara tərəf get, qoca çoban Əliyə işarə elədi, - başıma bir iş gəlsə, sürünü özün kəndə apararsan.

Əli başını razılıqla tərpətdi, hər şeyi qabaqcadan danışmışdılar, daha burda yalançı fədakarlığa, yersiz qəhrəmanlığa heç bir ehtiyac yox idi.

Bu sürü kəndin adamları üçün çobanların həyatından qiymətli idi...

Bu yad adamlar beş nəfərdi və Qurban kişi öz köhnə tüfəngi və üç iti ilə beş avtomatın öhdəsindən heç cürə gələ bilməzdi.

O bunu bilirdi, ona görə də bir sal daşın üstündə səssizcə oturub naməlum adamların yaxınlaşmasını gözləyirdi.

Gələnlər də artıq görürdülər ki, sürü yavaş-yavaş dağların kölgəsinə çəkilir və qoca çoban sakitcə bir daşın üstündə oturub onların yaxınlaşmasını gözləyir...

Qabaqda gələn naməlum adamın qırx yaşı olardı, iri furajkasını qulaqlarınacan endirmişdi, dayanıb dərindən nəfəs aldı.

- Gün aydın, qoca, - rusca dilləndi.

- Gün aydın, - Qurban kişi cavab verdi. O, rus dilini orduda olanda yaxşı öyrənmişdi və bu dağlar qoynunda yadından çıxarmamışdı.

Furajkalı kişinin ardınca gələn iki nəfərin azərbaycanlı olması bilinirdi. Yaxınlaşdılar.

Biri alçaq boylu, diribaş gədəydi, gözləri oyur-oyur oynayır, elə hey gülürdü. O birisi orta boylu, enlikürək, qara bığlı cavandı.

- Salaməleyküm, - qara bığlı oğlan dilləndi.

- Əleyküməssalam, - Qurban kişi cavab verdi, - oturun, qonağım olun.

- Sağ ol, ata, - deyəsən, lap uzaqdan gəlirdilər, - burdan sərhədə çox var?

- Yox, bir günlük yoldur, - Qurban kişi sakitcə cavab verdi.

Dağ yerində yersiz sual vermək olmaz, o bunu yaxşı bilirdi və ona görə də soruşmadı ki, sərhəd sizin nəyinizə lazımdır.

Ancaq dəstənin axırıncı iki nəfəri qətiyyən onun xoşuna gəlmirdi!

Düzdü, onlar nəzərlərini çəkib susurdular, lakin Qurban kişi onların çaşqınlığını aydın hiss edirdi.

“Görəsən niyə belə narahatdılar”, - qoca ürəyində fikirləşdi, - “deyəsən, biri mənə tanış gəlir. Harda görmüşəm onu?”

Dəstənin böyüyü yenə rusca soruşdu:

- A kişi, bu həndəvərdə post-zad var, ya yox?

Sual verəndən sonra furajkasını götürdü, dəsmal çıxarıb daz başını silməyə başladı.

- Bilmirəm oğul, - deyə Qurban kişi çiynini atdı, - dava gedir. Bəlkə var, bəlkə yox.

Qoca dəstənin axırıncı iki nəfərindən gözünü çəkə bilmirdi. Onlar ona tərəf baxmasalar da, gözü onlardan su içmirdi.

- Yaxşı, - deyə qarabığ oğlan əlini yellədi, - sağlıqla qal, çoban, xudahafiz. Yolçu yolda gərək. Bəs nə əcəb təksən, qorxmursan?

- Mən tək deyiləm, - Qurban kişi sakitcə dilləndi və gördü ki, naməlum adamların beşi də əlüstü şəkləndi, - mənim üç dostum var. Şeytan və qardaşları.

Qoca bu sözdən sonra yekəpər qurdbasarın başını oxşadı.

Qarabığ oğlan güldü:

- Düz deyirsən, sənin əsl köməkçin bunlardır. Gedək, - deyə yoldaşlarına işarə elədi.

Birdən bayaqdan ağzına su alıb dayanmış naməlum adamlardan biri lapdan avtomatını şaqqıldadıb Qurban kişiyə tərəf döndü.

Qoca çoban o dəqiqə bu adamı xarakterik burnundan, dodaqlarından, gözlərindən tanıdı.

Onun qabağında dayanan Vazgenin oğlu Armen idi.

Qurban kişi şoğərib davadan qabaq dəfələrlə onların evində olmuşdu.

Qoca istər-istəməz dilləndi:

- Armen!

Oğlan yerindəcə donub qaldı, çobana tərəf dönməyə ürək eləmədi.

Yanındakılardan biri avtomatın çaxmağını şaqqıldatdı.

- Allah evini yıxsın, qoca, - qarabığ oğlan açıq-aydın təhdidə keçdi, nahaq sən onun adını çəkdin.

Qurban kişi ona tərəf çevrildi. Heç nə başa düşmədi. Aşağı vadidə amansız müharibə gedirdi.

Və bu davada yaxın vaxtlaracan qardaş kimi dolanan qonşular – ermənilərlə azərbaycanlılar bir-birini öldürürdülər və hər biri çalışırdı ki, qəddarlıqda, hiyləgərlikdə düşmənini ötsün.

Burda, bu uca dağlar qoynunda isə, o, birdən-birə bir dəstə adam görür və o dəstədə iki azərbaycanlı ilə erməni eyni yolun yolçusu kimi harasa gedirlər.

Yoxsa çoxdan gözlədiyimiz əmin-amanlıq başlayıb?

Bu onun sonuncu düşüncələri idi. Avtomat güllələri onun bədənini dəlik-deşik elədi və qoca çoban son nəfəsdə güllə atanın üzünə baxdı.

- Hər halda, - astaca dilləndi, - çörək itmir.

Oğlan əlini atıb qocadan yapışmaq istədi, lakin Qurban kişi artıq keçinmişdi. Şeytan qəzəblə naməlum şəxsə cumdu.

Qarabığ oğlan qolunu dartıb dəlicəsinə qışqırdı:

- Öldürün, tez olun, öldürün bu iti, yoxsa qolumu qopardacaq!

Armenin yoldaşı tapançasını çıxarıb tez yaxınlaşdı və lap yaxından Şeytanı vurdu.

Yalnız beşinci güllədən sonra it qarabığ oğlandan əl çəkdi və sürünə-sürünə gəlib öldürülmüş sahibinin ayaqları altında hərəkətsiz uzandı.

- Sarsaqlar, - deyə dazbaş kişi bağırdı, - niyə güllə atdınız? Bunsuz keçinmək olmazdımı?

- O bizim adamlarımızdan birini tanıdı, - qarabığ oğlan özünə bəraət qazandırdı.

- Elədir, - Armen onun sözünü təsdiqlədi. – O qoca atamın tanışı idi.

Onlar çobanın meyidi başında dayanmışdılar, çiyinləri bir-birinə dəyirdi. Bu arada sürü tərəfdən iki itin səsi eşidildi.

Naməlum adamların beşi də avtomatlarını işə saldı, itləri yaxınlaşmağa qoymadılar.

İtlərin ikisini də vurandan sonra yenidən qoca çobanın meyidinə baxdılar.

Qocanın üzündə qəribə bir ifadə vardı, sanki başının üstündə dayanmış quldurların – bir rusun, iki azərbaycanlı və iki erməninin beynəlxalq birliyinə gülürdü qoca.

Bu adamların beşi də çoxdan vicdanlarını itirmiş, normal insanı quldurdan ayıran səddi-sərhədi keçmişdi.

Lakin ölmüş çobanın başı üstündə dayanmış Armen nəsə narahatlıq duyurdu, sanki bu qocanın ölümü onun şəxsi taleyinə təsirsiz qalmayacaqdı.

- Meyidi neyləyək? – alçaq boylu azərbaycanlı soruşdu.

- Qoy qalsın burda, dəstənin böyüyü əlini yellədi.

- Sonra azərilər deyəcəklər ki, ermənilər onların çobanını öldürüblər, - bu dəfə Şeytanı öldürən erməni dilləndi.

- Guya ki ermənilər azərbaycanlılara güllə atmırlar, - bunu deyən Ömərdi.

- Hər halda bu qocanı öldürən sənsən, - Armen hirsləndi, - bizim boynumuza yıxma. Vartan bir ora bax, o daşların dalında kimsə gizlənib.

- Tez ora! – deyə dəstənin böyüyü əmr verdi.

Gedə-gedə cibindən tapançasını çıxaran Vartan özünü daşlığa verdi. İki güllə atdı.

Vartan daşların dalından çıxdı.

- Bir oğlan uşağıydı, - ucadan dillənib güldü, - hə, indi hesab bərabərləşdi. Birini mən öldürdüm, birini Ömər. Eybi yoxdur, qoy bundan sonra desinlər ki, ermənilər vurubdu.

Köpəy oğlu, - deyə Ömər bağırdı, - bizim uşağımızı vurdun!

- Bir də dillənsəniz, bu dəfə mən başlayacağam atmağa, - dəstə başçısı hirsləndi, tez gedək burdan. Dağdan atılan güllənin səsi çox uzağa gedir.

Yenə də bir-birinin ardınca düzülüb yola çıxdılar. Bir azdan beşi də gözdən itdi.

Qayalıqda kimsə inildəyirdi. Ağır yaralanmış Əli sağdı, naməlum adamların söhbətini başdan-ayağa eşitmişdi.

Çoxlu qan itirsə də, az qala bir gün bu yaraya dözdü, yalnız sabahısı günün axşamı qonşu kəndin çobanları gəlib çıxdılar.

Əlini tez rayon mərkəzindəki qosputala göndərdilər. Ancaq qocalar deyirlər ki, uşağın sağalmasına güman çox azdır....

"Əclafların qanunu" romadan parçalar AzadlıqRadiosunun "Oxu zalı" rubrikasında müəllifin icazəsi ilə dərc edilib.

Romanı ruscadan Əhəd Muxtar çevirib.
XS
SM
MD
LG