Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:36

Anti-Amerika hekayələri...


Müsəlman əsilli zabit – mayor Nidal Həsən Fort
Müsəlman əsilli zabit – mayor Nidal Həsən Fort
ABŞ-da yaşayan müsəlman əsilli zabit – mayor Nidal Həsən Fort Huddakı hərbi bazada atəş açıb 13 günahsız amerikalını qətlə yetirəndən sonra ABŞ-da ümumən müsəlmanlara etibar məsələsi yenidən gündəmə gəlib. Tanınmış ABŞ ərəbşünası Tomas Fridman «Vaşinqton Post»da noyabrın 28-də dərc edilmiş məqaləsində məhz bu məsələni müzakirə edir.

Müəllif yazır ki, bəlkə də mayor Nidal Həsən ruhi baxımdan balansını itirmiş adam idi (zatən 13 günahsız adamı qətlə yetirən biri barədə başqa cür düşünmək çətindir), lakin onun həyat yoluna baxanda maraqlı faktlar üzə çıxır. Məlum olur ki, Nidal «Niyə görə Terrora Qarşı Müharibə İslama Qarşı Müharibə Deməkdir» seminarında iştirak edib; Yəmən əsilli Ənvər əl-Əvlaki ilə əlaqədə olub ki, bu şəxs də Amerikaya qarşı zorakı cihad ideyalarını internetdə yayan birisi kimi tanınıb. Belə məlum olur ki, mayor Həsən Nidal da «Yayilan Hekayələrin» aktiv hərəkətə sövq etdiyi növbəti qəzəbli cihadçı olub.

«Yayılan Hekayələr» dedikdə müəllif Amerika barədə radikal islamçı hərəkatın yaydığı təbliğat xəttini nəzərdə tutur. Müəllif yazır ki, bu təbliğatın gücü o qədərdir ki, hətta ABŞ-da doğulub boya-başa çatmış, bu ölkədə təhsil almış bir adamı belə tam nəzarət altına götürə bilib.

Müəllif yazır ki, bu «yayılan hekayələr» ABŞ haqqında yarım-həqiqətlər, təbliğat və açıq yalanların qarışıq kokteylidir və məzmunu ondan ibarətdir ki, sentyabrın 11-dən sonra ABŞ ərəb-müsəlman dünyasında nəzarəti ələ keçirib. Bu xətti təbliğ edənlər arasında cihadçı internet saytları, məscid təbliğatçıları, ərəb intellektualları, satellit xəbər stansiyaları və kitablar da var ki, onların yayılmasını gizli şəkildə ərəb dövlətlərinin rejimləri müdafiə edir. Bu təbliğata görə ABŞ İslama müharibə elan edib və bu müharibə nəhəng Amerika-Səlibçi-Sionist qüvvələr tərəfindən aparılır. Məqsəd isə guya müsəlmanları baş qaldırmağa qoymamaqdır.

Müəllif təəccüb ifadə edir ki, bütün bu təbliğat onun fonunda davam edir ki, son 20 il ərzində ABŞ xarici siyasəti «Bosniyada, Darfurda, Küveytdə, Somalidə, Livanda, Kürdüstanda, zəlzələdən sonra Pakistanda, sunamidən sonra İndoneziyada, İraqda və Əfqanıstanda müsəlmanları xilas etməyə yönəlib və onları tiraniyadan azad edib».

Müəllif yazır ki, həmin bu təbliğatçılara qulaq asan heç hiss etməz ki, qətlə yetirilən müsəlmanların əksəriyyəti Pakistanda, İraqda, Əfqanıstanda və İndoneziyada cihadçıların canlı bombalarının partlayışı nəticəsində həyatlarını itirirlər. Müəllif qeyd edir ki, sentyabrın 11-dən sonra «biz ərəb-müsəlman dünyasına yumruq vuraraq bir çəkindirmə mesajı göndərdik, amma bu zərbə əsasən tiraniyanı təmsil edən Taliban və Bəəs rejiminə qarşı yönəlmişdi. Məqsəd əfqanlara və iraqlılara yardım edərək başqa siyasi sistemin qurulmasına nail olmaq idi.
İraqlı oğlan Nəcəfdə ABŞ hərbçisi ilə danışır, 14 aprel 2004
Proses ərzində biz də bəzi axmaq və pis işlər görmüşük. Lakin hər bir Əbu Qreybin müqabilində bizim əsgərlər və diplomatlar milyon yaxşılıq edib ərəblərə və müsəlmanlara imkan yaradıblar ki, müasir dünya ilə ayaqlaşsınlar və öz rəhbərlərini özləri seçsinlər», müəllif yazır.

Müəllif qeyd edir ki, cihadçıların yaydığı hekayələr yuxarıda deyilənlərin üstündən sükutla keçir.

Müəllif İordaniyalı terrorizmə qarşı mübarizə ekspertinə istinad edərək yazır ki, hələlik cihadçı təbliğatı işləyir. Bu yayılan hekayələr bütün regionun ərəb və müsəlman icmalarını bürüyüb və dünyadakı müsəlman mühacir icmalarına da təsir göstərib. Bu təbliğata görə müsəlman ölkələrinin bütün problemlərinə görə məsuliyyət ABŞ və İsrailin üzərindədir.

Fridman yazır ki, bu cür təbliğat ərəb hökumətləri üçün sərfəlidir. Aparılan təbliğatın yayıldığı əsas media vasitələri isə ərəb hökumətlərinin – İran Körfəzi ölkələrinin nəzarətindədir. «Bu onlara imkan verir ki, bütün cəmiyyətin problemlərini, niyə görə inkişafdan geri qalmaqlarının səbəbini Amerika üzərinə yıxmaqla diqqəti yayındırsınlar». Müəllif yazır ki, bu təbliğat Əl Qaidəyə də sərf edir. Sadəcə olaraq təbliğat satellitlə, yaxud internetlə yayılır, ara-sıra da qəzəbli, sosial baxımdan özünü tənha hiss edən birisi qızışıb ətrafındakılara atəş açacaq – mayor Nidal kimi.

Müəllif bir İordaniyalı dostundan da misal gətirir. Həmin şəxs deyirmiş ki, ərəb ölkələrində xeyli liberal da var və onlar da ən azı terrorçular qədər qəzəblidirlər, lakin liberallar öz cavablarını maarifləndirmə ilə verdikləri halda terrorçular ümidsizlik və çıxılmazlıq aşılayan cihadçı təbliğatının təsiri altında zorakılığı yeganə yol görürlər.

Fridman ABŞ prezidenti Obamanın müsəlman dünyasına mesaj verib bu icma ilə əlaqə qurmaq cəhdini müsbət qiymətləndirir, amma prezidentdən xahişi də var. Fridman yazır ki, prezident Obama müsəlman dünyasına müraciət edərkən bu mesajı da verməlidir:

«Fort Hudda baş verən hadisə kimi bir şey baş verəndə, dərhal deyirsiniz: «Bu İslam deyil». Mən buna inanıram. Ancaq siz həmişə İslamın nə olmadığını deməklə məşğulsunuz. Gərək bizə deyəsiniz ki, İslam nədir və göstərəsiniz ki, dinin qeyd etdiyiniz müsbət interpretasiyası məktəblərinizdə və məscidlərinizdə nə cür təbliğ olunur. Əgər bizim gördüklərimiz İslam deyilsə, niyə görə Danimarkada Məhəmməd Peyğəmbərin karikaturası çəkiləndə milyonlarla müsəlman küçələrə tökülüb etiraz edir, amma müsəlman terrorçular başqa müsəlmanları, Allahın yaratdığı real insanları bomba partlayışları ilə öldürəndə bir nəfər də küçələrə çıxıb etiraz etmir? Siz gərək bunu bizə və həm də özünüzə başa salasınız».
XS
SM
MD
LG