Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:49

Sən demə, Leonardo da Vinçinin anası Azərbaycanlı imiş


Bu həftə Azərbaycanın mədəniyyət, incəsənət aləminə nadir töhfə ola biləcək bir hadisə baş verib. Uzun illər sonra məlum olub ki, sən demə, dünya şöhrətli rəssam Leonardo da Vinçinin anası Azərbaycanlı imiş. Bu barədə İtaliya tarixçisi Lui Bafa Perrinin tədqiqatına istinadən AzərTAc məlumat yayıb. Məlumatda deyilir:

“İtaliya tarixçisi Lui Bafa Perri böyük rəssam Leonardo da Vinçinin mənşəyi ilə bağlı çoxillik tədqiqatlardan sonra sensasiyalı nəticəyə gəlib. Sən demə, böyük Leonardo da Vinçinin anası Azərbaycandan olan müsəlman qadın imiş. Onu Apennin yarımadasına kölə kimi gətiriblər. Bunu uzun illər ərzində da Vinçilərin şəcərəsini tərtib edən Siciliya tarixçisi Lui Bafa Perri müəyyənləşdirib.

Bu, böyük rəssamın mənşəyinə dair nəzəriyyələrdən biridir. Onun anası haqqında az şey məlumdur. Leonardonun Şərq kökləri barədə versiya bir neçə il əvvəl, alimlər onun rəsmlərində barmaq izləri aşkar edəndən sonra ortaya çıxıb. İzlərin analizi göstərib ki, Leonardonun sol şəhadət barmağının ortasındakı nişanə şərqlilərin 60 faizində vardır. Lui Baf Perri daha uzağa gedərək belə bir fərziyyə irəli sürüb ki, rəssamın anası azərbaycanlı olub”.

“Dağlıq Qarabağ – bu günün Şlezviq-Qolşteyn məsələsidir”

Bu həftə ən çox müzakirə olunan məsələlərdən biri də Azərbaycan və Ermənistan prezidentlərinin Dağlı Qarabağ münaqişəsinin tənzimlənməsinə dair keçirdikləri növbəti görüş oldu. Məsələ ilə bağlı Böyük Britaniyada nəşr edilən Daily Telegraph qəzeti də “Qafqazda təhlükə” sərlövhəli məqalə dərc etdi. Məqalədən kiçik bir hissəni diqqətinizə çatdırırıq:

“Lord Palmerston XIX əsrdə deyib ki, bütün Avropada Şlezviq-Qolşteyn məsələsini üç nəfər başa düşürdü: onlardan biri ölüb, ikincisi dəlixanadadır, üçüncü adamın kim olduğunu isə o, özü də unudub”.

Qəzetin yazdığına görə, “Dağlıq Qarabağ – bu günün Şlezviq-Qolşteyn məsələsidir. Dağlıq Qarabağ münaqişəsini də Avropada çox az adam başa düşür və xatırlayır, amma bu o demək deyil ki, onun barəsində diplomatlar unudub”.

“Göyçay torpağı nədir ki, ona 70 min verib bələdiyyə sədri seçiləsən”

Dekabrın 23-ə, yəni ölkədə bələdiyyə seçkilərinə az vaxt qaldıqca daha çox məsələlərin üstü açılır. Məsələn, bu həftə də məlum oldu ki, sən demə, hər kəndin bələdiyyə sədri olmağın öz qiyməti varmış.

Yeni Azərbaycan Partiyasından olan və namizədliklərinin qanunsuz olaraq qeydə alınmadığını iddia edən bir qrup Göyçay rayon sakini Bakıda mətbuat konfransı keçirdi. Narazılar dedilər ki, hazırda fəaliyyət göstərən bələdiyyə sədri artıq hər şeyin pulla həll olunduğunu heç kimdən gizlətmir. Söhbət isə nə az, nə çox düz 70 min manatdan gedir.

Dairə Seçki Komissiyasının sədri Eldəniz Həmidov isə məsələyə münasibət bildirərkən AzadlıqRadiosuna deyib ki, heç belə yüksək qiymət paytaxt Bakıda yoxdur. O ki, qaldı Göyçay rayonunun hansısa kənd bələdiyyəsi ola. Elə YAP Göyçay rayon təşkilatının aparat rəhbəri Cavid Rəhimov da açıqlamasında rüşvət məsələsinin yanlış olduğunu yox, məhz qiymətin şişirdildiyini deyib: “Həmin adamın 70 mini olsaydı gedib bələdiyyə sədri niyə olurdu ki? Bura Bakı deyil ki, yaxud icra hakimiyyəti postu deyil ki… Göyçay Nabran deyil, Qax deyil ki, Göyçayın torpağı nədir ki, ona 70 min verib bələdiyyə sədri seçiləsən”.

Dördü bir arada - icra nümayəndəliyi, YAP, baytarlıq məntəqəsi və feldşer-mama məntəqəsi

Lent.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda yeni kənd mərkəzi istifadəyə verilib. Bu kənd mərkəzində isə diqqəti ən çox çəkən onun rəngarəngliyidir. Belə ki, 2 mərtəbədən ibarət mərkəzdə “nə desən var” desək yanılmarıq.

Məlumata görə, binanın birinci mərtəbəsində baytarlıq məntəqəsi və kitabxana yerləşir. Digər mərtəbədə kənd icra nümayəndəliyi, Yeni Azərbaycan Partiyasının kənd ərazisində ilk təşkilatı üçün inzibati otaqlar istifadəyə verilib. Binanın bir hissəsində isə feldşer-mama məntəqəsi yaradılıb və lazımi avadanlıqla təchiz edilib.

Toydu qonşu məhlədə

Və nəhayət bu həftə bir şad xəbər də aldıq. Düzdür bu xəbərin birbaşa bizə aidiyyatı olmasa da, düşündük ki, məşhurlar haqda danışmaq həmişə yerinə düşər. Belə ki, dünyanın birinci dərəcəli terrorçusu Usama ben Laden yenidən evlənib. Yayılan məlumatlara görə, terrorçunun ailə qurduğu qadın olduqca varlıdır və Ben Laden məhz onun sayəsində gizlənə bilir.

Bu arada, Pakistanın Kəşfiyyat Bürosu Usama ben Ladenin hazırda ölkə ərazisində gizləndiyini bildirir.
XS
SM
MD
LG