Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 09:16

«BAYRAĞA NƏ OLMUŞDU Kİ?»


Ötən həftə Türkiyə ilə Azərbaycan arasında Türkiyə mətbuatının «bayraq krizi» adlandırdığı siyasi qalmaqal başa çatdı. Oktyabrın 27-si gecə saatlarında Bakı şəhər İcra Hakimiyyəti Şəhidlər Xiyabanından çıxarılan Türkiyə bayraqlarını yerinə asdı.

Məsələyə ən maraqlı münasibət YAP icra katibinin müavini Mübariz Qurbanlıdan gəldi:

«Bayrağa nə deyim, bayrağa nə olmuşdu ki?.. Bakı şəhər İcra Hakimiyyəti izahat verdi ki, Şəhidlər Xiyabanında təmir-tikinti işləriylə əlaqədar bayraqlar götürülüb, indi isə qaytarılıb yerinə qoyulub».

Jurnalistlərin «Axı Şəhidlər Xiyabanında heç bir təmir getmir, bayraqların götürülməsinin əsl səbəbi nə ola bilər» sualına Qurbanlı belə cavab verib:

«Mən Bakı şəhər İcra Hakimiyyətinin əvəzinə heç nə deyə bilmərəm. Bəlkə təmir gedir. Axı mən oranı görmürəm».

«BAYRAQLAR YUYULUB»

Rəsmi Bakının «bayraq krizi»ni çözməsinə ən böyük töhfəni isə Azərbaycanın İstanbul konsulu Səyyad Aran verdi. Bayraqlar yerinə asılmazdan az öncə Aran dedi ki, Türkiyə bayraqları yuyulmaq üçün çıxarılıb. Ancaq Səyyad Aran yuyulan bayraqların niyə leysan yağan gün yerinə asılmasının səbəblərini açıqlamayaraq Türkiyə və Azərbaycan ictimaiyyətinin gözünü yolda qoydu.

AZƏRBAYCAN ARILARINA TÖHFƏ

Ötən həftə baş nazir Artur Rəsizadənin çoxdan görünməyən imzası axır ki, göründü. Bu dəfə baş nazir Azərbaycan arıçılarını sevindirdi. Rəsizadə arıçılıqla bağlı normativ və hüquq aktlarını təsdiq etdi. Yeni qaydalara görə, səhiyyə, təhsil, mədəniyyət müəssisələrinin yaxınlığında, ümumi yaşayış yerlərində və parklarda arıxanalar yerləşdirmək olmaz.

«TÜRKİYƏ RUSİYANIN BACISIDIR»

Rusiyanın ən qalmaqallı siyasətçilərindən Vladimir Jirinovski Türkiyə Cümhuriyyətinin yaranmasının 86-cı ildönümü ilə bağlı Moskvada keçirilən tədbirdə Türkiyəyə sevgisini elə türk dilində bildirib. Özü də nəzmlə:

«Nə sağçıyız, nə solçu,
futbolçuyuz, futbolçu.
Seve bilmez kimse seni,
Rusya olmadığı zaman.
Kimse seve bilmez seni
Benim sevdiyim kadar.
Sen olmasaydın
Hayat neye yarardı ki?
Ne mutlu Türkiye ve Rusyaya».

Siyasətçi bayram günündə o qədər lirik tonlara köklənib ki, şeirin ardından verdiyi siyasi bəyanatı da obrazlı alınıb:

«Türkiyə həmişə Qərbə baxır. Ancaq Qərbin Türkiyəyə faydası olmaz. Türkiyə Rusiyanın bacısı kimidir. Aramızdakı əlaqələr daha geniş olmalıdır. Qaz bizdə, boru xətti sizdə. Bu çox yaxşıdır».

İSMAYILLI MEŞƏSİNDƏ YAPON BAĞI

Azərbaycan prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva ilə oktyabrın 29-da İsmayıllıya gedib.

«AzərTAC»ın səfər xəbərində yazılıb:

«İlk olaraq İlham Əliyev Heydər Əliyevin abidəsini ziyarət edib. Sonra Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Daha sonra Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkının yenidənqurma işləri ilə tanış olub. Parkın ərazisində Azərbaycanda ilk olaraq 1500 kvadratmetr sahədə yapon mütəxəssisləri tərəfindən «Yapon bağı» salınıb. Prezident və xanımı yapon bağını gəzdilər. Yaponiyanın Azərbaycandakı səfiri Masamitsu Oki yapon bağı haqqında, eləcə də burada əkilmiş sakura ağacları haqqında məlumat vermişdir.

Daha sonra İlham Əliyev parkdakı idman-əyləncə klubu ilə tanış oldu. Burada bilyard və tennis stolları quraşdırılmışdır. Dövlət başçısı bilyard oynadı. İlham Əliyev mədəniyyət və istirahət parkında digər əyləncə qurğularına da baxdı. Daha sonra dövlət başçısı görkəmli oftalmoloq Zərifə Əliyeva adına parkdakı yenidənqurma işləri ilə tanış olub».
XS
SM
MD
LG