Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 16:43

Haraştinin iki arzusundan biri Azərbaycanla bağlıdır


«Qurbanları təkidlə, tez-tez, açıq şəkildə xatırlayın»
«Qurbanları təkidlə, tez-tez, açıq şəkildə xatırlayın»
Beynəlxalq təşkilat nümayəndələri arasında söz azadlığı məsələsində barışmaz mövqeyi ilə yadda qalan Miklos Haraşti vaxtilə özü sosialist rejiminin hökm sürdüyü Macarıstanda söz azadlığı uğrunda mübarizə aparıb. 2004-cü ildən ATƏT-in Media Azadlığı üzrə xüsusi nümayəndəsi təyin olunmuş Mikloş Haraştinin tərcümeyi-halında diktatura ilə mübarizə də var, «samizdat» nəşrinə başçılıq etmək təcrübəsi, müxalifət hərəkatının liderliyi də. Macar parlamentinin üzvü olmuş Haraştinin 1994-cü ildən bəri işi demokratikləşmə və insan haqları ilə bağlı olub. 2010-cu ilin martında Mikloş Haraşti ATƏT-dəki vəzifəsini tərk edəcək. Deyir, son dörd ay ərzində nail olmaq istədiyi iki əsas arzusu var. Biri Azərbaycanla bağlıdır. Mikloş Haraşti ilə müsahibəni təqdim edirik:

«AZƏRBAYCANDAKI VƏZİYYƏT XÜSUSİLƏ AĞIRDIR»

- Üç Qafqaz ölkəsindəki vəziyyəti təsvir etsəydiniz əsas hansı məqamları qeyd edərdiniz?

- Faktiki plüralizm digər iki ölkəylə müqayisədə əlbəttə ki, Gürcüstanda daha yüksəkdir. Amma hər üç ölkənin plüralizmlə, xüsusilə də medianın kimin mülkiyyətində olmasının şəffaflığı ilə bağlı problemi var. Bu sahədə şəffaflıq plüralizmin əsas şərtidir. Qanuna görə, şirkətlər yeddi arxa dönəninə qədər, yəni sahiblik zəncirinin sonunadək məlumatları açıqlamalıdırlar. Amma bu, üç ölkədən heç birində baş vermir. Buna görə də, mən inanıram ki, mülkiyyət şəffaflığı təmin edilməyənə qədər plüralizmin təmin olunduğuna əminlik olmayacaq. Bu, həm də ictimaiyyətin hökumətə etimadını azaldır. Çünki kommunist ölkələrində ictimaiyyətdə ənənəvi olaraq inanc var ki, pulu kim verirsə, musiqini də o sifariş verir. Bu hiss o vaxta kimi mövcud olacaq ki, KİV-lərin sahibliyi ilə bağlı aydınlıq mövcud olmasın.

İkinci əsas məsələ jurnalistlərin təhdidlərə məruz qalmasıdır. Bu sahədə, məncə Azərbaycandakı vəziyyət xüsusilə ağırdır.

Azərbaycan təkcə Cənubi Qafqazda yox, bütün ATƏT coğrafiyasında jurnalistləri ən çox həbs edən ölkədir.

Hətta əgər diffamasiya – böhtana görə insanların həbs olunmasına son qoyulsa belə, onların başqa bəhanələrlə həbsinə də son qoyulmalıdır. Və ən vacibi, həbsdə olan jurnalistlər dərhal azad olunmalıdır!

İki baş redaktor jurnalistikaya aidiyyatı olmayan ittihamlarla həbsdədr. İki gənc bloqçunun həbsi Azərbaycanda həbslərin medianı nəzarətdə saxlama vasitəsi olduğu barədə təəssüratı daha da gücləndirdi. Bununla belə, mən inanıram ki, diffamasiyanın Cinayət Məcəlləsindən çıxarılmasından sonra Cənubi Qafqaz jurnalistlər üçün zindansız zonaya çevrilə bilər. Amma əlbəttə ki, başqa vacib addımlar da atılmalı olacaq. Gürcüstan artıq diffamasiyanı cinayət hesab etmir, Ermənistanda jurnalistlərin həbsə salınması artıq çoxdan kitablardan yığışdırılıb. Buna görə də ümidlər Azərbaycanda diffamasiyanın Cinayət Məcəlləsindən çıxarılmasınadır.

Bir məsələni də qeyd etməsəm, ədalətsizlik olar. Gürcüstanda media sahibliyi ilə bağlı şəffaflıq hələ də təmin olunmasa belə, hökumətin əsas siyasəti monopoliya yaratmaq deyil. Bu baxımdan biz Gürcüstanda müxalifət kanalı «Maestro»ya lisenziya verilməsini alqışlayırıq. Eyni zamanda, parlament və başqa müzakirələri Amerikanın «C-Span» kanalında olduğu kimi yayacaq ikinci ictimai kanalın yaradılması ilə bağlı xəbərləri alqışlayırıq. Biz bütün telekanallarda müxtəlif tərəflərin iştirakını təmin edən tok-şouların olmasını alqışlayırıq. Onlar müxalifəti də dəvət edirlər, hətta müxalifət bəzən imtina edir verilişlərə gəlməkdən. Bu siyasət davam etdirilməlidir.

«BU, MƏNİM AMBİSİYAMDIR»

- Siz martda vəzifəni tərk edirsiniz. Bundan əvvəl nəyə nail olmaq istərdiniz?

- Azərbaycanda diffamasiyaya görə cinayət məsuliyətinin ləğvi. Bu, mənim ambisiyamdır. Mən ümid edirəm ki, hökumət bu ambisiyanı yerinə yetirməkdə mənə kömək edəcək. Mən həmçinin qoyub getdiyim irsi davam etdirəcək bir davamçımın olmasını istərdim.

«DEMOKRATİYANI YAYMAQ AYIB BİR İŞƏ ÇEVRİLİB»

- ATƏT-in sizin başçılıq etdiyiniz qanadı vəziyyətə açıq qiymət verməsi ilə başqa təşkilatlardan fərqlənir. Digər təşkilatlar problemlər barədə açıq danışmaqdansa səssiz diplomatiyanı üstün tutduqlarını deyirlər. Siz başqa beynəlxalq təşkilatlardan və xüsusilə də ATƏT-in başqa strukturlarından nə gözləyirsiniz? Vəziyyəti düzəltmək üçün onlar nə edə bilərlər?

- Mən deyərdim ki, bütün dünya üzrə beynəlxalq təşkilatların haqsızlıq qurbanlarını müdafiəsi işinə sadiqliyi ilə əlaqədar bir çatışmazlıq var. Demokratiyanı yaymaq son illərdə bəzən müharibə ilə müşayiət olunduğuna görə ayıb bir işə çevrilib. Bir çox adamlar üçün anlamaq çətindir ki, bəzən hətta zorakılıq belə, dinc şəkildə insan haqları və demokratikləşmədən yararlanmaq üçün şəraitin yaradılmasına xidmət edə bilər. İnsan haqlarının yayılması və demokratikləşmə heç bir halda pis iş sayıla bilməz. Xüsusilə də haqsızlıq qurbanlarının müdafiəsi. Mən bunun üçün darıxmışam. Bu, minimum həddir. Mən bütün beynəlxalq təşkilatlara deyərdim: Qurbanları təkidlə, tez-tez, açıq şəkildə xatırlayın. Bu, onlara kömək edir, onlara arxa olur, onlara yalnız olmadıqlarını, beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiklərini hiss etdirir və eyni zamanda bu rəhbərliklə də münasibətlərin davam etməsinə mane olmur. Geosiyasi, hərbi, enerji əməkdaşlığı, mühüm olan münasibətlər davam edir. Eyni zamanda özünü demokratiya nümayəndəsi adlandıranlar tamamilə konkret və ictimaiyyət üçün açıq mövqe sərgiləyə bilərlər ki, tərəfdaş ölkə öz hüquqlarından yararlanmaq istəyənləri həbs etməsin. Beynəlxalq təşkilatlarda bir anlaşılmazlıq var ki, görəsən, haqsızlıq qurbanlarının adlarının çəkilməsi xarici əlaqələrdəki nəzakət qaydalarına zidd olar, ya yox. Amma məncə bu adlar çəkilməlidir. Bu, həmin o minimum həddir ki, onu keçmək olmaz. Bu, mənim minimum trövsiyəmdir. Əlbəttə, daha irəli getmək olar. Şərt deyil ki, ölkədəki rejimə siyasi adlar qoyulsun. Şərt deyil ki, özünün demokratiya olduğuna inananları diktatura adlandırasınız. Şərt deyil ki, söyüş söyəsiniz. Amma siz yeganə günahı öz haqlarından yararlanmaq olan insanların həbsə düşməsinə imkan verməməlisiniz. Bu, sadəcə müdafiədir. Məncə, xaricdən sizin verə biləcəyiniz dəstək elə bu ola bilər.

«İKİ İLDİR Kİ, ONU GÖRMÜRƏM»

- İlham Əliyevlə görüşmüsünüzmü?

- Üç dəfə

- Nə qədər olar görüşmürsünüz?


- Məncə, iki ildir ki, onu görmürəm.

- Niyə?

- Mən ildə bir dəfə gəlirəm, son dəfə o görüşə bilmədi, dedilər imkan, vaxt yoxdur.

«O, BÖHTANA GÖRƏ CİNAYƏT MƏSULİYƏTİNİN GÖTÜRÜLMƏSİNİN VACİBLİYİNİ GÖZƏL ANLAYIR»

- Ona deyəcəyiniz varmı? Bizim vasitəmizlə çatdıra bilərsiniz.

- Məncə, o, böhtana görə cinayət məsuliyətinin götürülməsinin vacibliyini gözəl anlayır. Biz bu barədə dəfələrlə söhbət etmişik. 2005-ci ildə o özü jurnalistikanın cinayət məsuliyətinə cəlb olunmasına siyasi moratorium qoymuşdu və bir il ərzində jurnalistlərə qarşı heç bir iş qaldırılmadı. Mən ümid edirdim ki, bu nəvaxtsa qanun şəklinə də salınacaq. Bu, baş vermədi, amma mənim əlimdə sübut var ki, prezident bu məsələnin vacibliyindən və bununla bağlı gözləntilərdən xəbərdardır. Mən ona bu işdə geniş ürəkli olmağı və öz olkəsində həbsxananı mediaya nəzarət alətinə çevirməyi qadağan etməyi arzulayıram.

- Həbsdə olan jurnalistlərə və bloqçulara ürək sözünüz…

- Bu cəsur insanlar özlərini tənha hiss etməməlidirlər. Mən əminəm ki, Cənubi Qafqazda onların özlərini son vicdan məhbusları adlandıracağı gün yaxındadır.
XS
SM
MD
LG