Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 08:29

«Azərbaycan görüşə ümidsiz gedir»


İki ölkə rəhbəri arasında bu günə planlaşdırılan görüş 2009-cu il ərzində prezidentlər arasında sayca 6-cı görüşdür
İki ölkə rəhbəri arasında bu günə planlaşdırılan görüş 2009-cu il ərzində prezidentlər arasında sayca 6-cı görüşdür
BİR İLDƏ 6-CI GÖRÜŞ

Bu gün Almaniyanın Münhen şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçiriləcək. Danışıqlar Fransanın Münhendəki baş konsulunun iqamətgahında keçiriləcək.

Görüşdən iki gün əvvəl Goranboyda məcburi köçkünlərlə görüşən Azərbaycan prezidenti İlham Əliyev deyib ki, bu müzakirəyə böyük ümidlər var. Amma əgər bu dəfə də danışıqlar nəticə verməsə, Azərbaycan müzakirələri dayandıra bilər.

İlham Əliyev deyib ki, heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməsi ilə razılaşmayacaq. Azərbaycanın prezidenti vurğulayıb ki, ən sonda Qarabağa yalnız məhz Azərbaycanın daxilində muxtariyyət verilə bilər. Azərbaycan prezidenti indiki nə hərb, nə sülh vəziyyəti ilə barışmadığını da söyləyib.

Yerli politoloqlar, siyasətçilər isə 2009-cu ildə sayca 6-cı olan bu görüşdə də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində ciddi irəliləyişə nail olunacağına az ümidlidirlər.

«AZƏRBAYCAN GÖRÜŞƏ ÜMİDSIZ GEDİR»

Politoloq Rasim Musabəyov: «İlham Əliyevin son bəyanatlarından sonra bu görüşdən nəsə gözləmək olduqca çətindir. Bu bəyanatlar faktiki olaraq göstərir ki, Azərbaycan görüşə ümidsiz gedir və ictimaiyyəti mənfi proseslərin cərəyanına hazırlaşdırır. Bu görüşdən sonra Azərbaycan danışıqları dayandırdığını rəsmən élan etməyəcək. Müasir dövrdə bunu etmirlər. Ancaq real o olacaq ki, rəsmi Bakı deyəcək ki, bu danışıqlar nəticə vermir və Azərbaycan bu danışıqlardan heç bir nəticə gözləmir. Bu da o deməkdir ki, həmsədrlər gələ bilər, onları Xarici İşlər Nazirliyində qəbul edib deyə bilərlər ki, yenə də əliboş gəlmisizsə xudafiz. Sərkisyanla görüşə daha ehtiyac görülməyə bilər. Bundan sonra başqa vasitələrə əl atıla bilər – diplomatik təzyiqlər artırıla, bu məsələnin Təhlükəsizlik Şurasına qaytarılması ilə bağlı cəhdlər ola, təbliğat müharibəsi gücləndirilə, silahlanma genişləndirilə bilər. Mən heç də istisna etmirəm ki, bundan sonra sərhəd boyu onsuz da mövcud olan atəşkəsin pozulması daha da çoxalsın, daha da təhlükəli olsun. Sülh yoxdursa, hərb yolu həmişə gündəlikdədir və getdikcə ehtimalı artır. Ancaq mən düşünmürəm ki, Münhen görüşündən sonra bilavasitə hərbi münaqişə alovlansın».

«ERMƏNİSTAN MÜSTƏQİL OYUNÇU DEYİL»

Politoloq Vəfa Quluzadə: «Əgər bu görüş də əvvəlki görüşlər kimi düzənlənibsə, hər hansı nəticə gözləməyə dəyməz. Məsələ ondan ibarətdir ki, Ermənistan müstəqil oyunçu deyil. Ortada Rusiya var. Əgər Rusiya özünün saxta mövqeyində qalırsa ki, bizim Ermənistana heç bir təsirimiz yoxdur, siz Ermçənistanla hansı razılığa gəlsəz biz onu dəstəkləyəcəyik, onda heç bir şey baş verməyəcək. Bir variantda odur ki, Azərbaycanla Rusiya arasında gizli bir razılaşma ola bilər. Yəni Rusiya Azərbaycanın bir neçə rayonu azat etməsinə göz yumsun, əvəzində isə Azərbaycandan lazımi güzəştlərə nail olsun. Rusiyanın istəyi məlumdur – Azərbaycan Ermənistan kimi öz sərhədlərini qorumağı ona icazə versin və s. Ona görə də görüşün bitməsini gözləmək lazımdır, yalnız bundan sonra məlum olacaq ki, məsələ nə yerdədir. Ola da bilsin ki, Ermənistan müəyyən güzəştlərə gedəcək və Rusiya artıq buna yaşıl işıq yandırıb. Çünki Rusiya başa düşür ki, Amerika Cənubi Qafqazda gücünü tam bərqərar etmək istəyir. Əgər Qarabağ məsələsində Rusiya Azərbaycana kömək etməsə, sözsüz ki, Amerika buna nail olacaq. Bircə onu deyə bilərəm ki, müharibəni Rusiyanın icazəsi olmadan başlamaq mümkün deyil».

«YAXŞI HEÇ NƏ GÖZLƏMİRƏM»

Azəraycan Xlaq Cəbhəsi Partiyasının sədri Əli Kərimli: «Mən bu görüşdən yaxşı heç nə gözləmirəm, çünki necə ki, əvvəllər Heydər Əliyevlə Koçaryanın görüşləri statistikaya çevrilmişdi, indi də İlham Əliyevlə Sərkisyanın görüşləri statistikaya çevrilir. Bu görüşlər heç bir nəticə verməyib, indi də hansısa nəticə verəcəyini gözləmirəm. Sadəcə, təəcüblü odur ki, hər dəfə bu cür görüşlərdən Azərbaycanda ictimai rəyi aldatmaq, manipulyasiya etmək üçün istifadə edirlər. Ziddiyyətli bəyanatların da hamısı birbaşa ölkə başçısının özü tərəfindən verilir. Bir neçə ay əvvəl bu danışıqlarda əhəmiyyətli razılaşmaların olduğu barədə bəyanatları da İlham Əliyev özü vermişdi, indi də bu danışıqların heç bir nəticə vermədiyini deyən də ölkə başçısıdır. Ona görə də hesab edirəm ki, bu görüşlər əsasən ona görə keçirilir ki, həm İlham Əliyev, həm də Sarkisyan öz xalqlarına mesaj versinlər ki, guya onlar ciddi şəkildə bu problemin həllinə çalışırlar, eyni zamanda beynəlxalq birlikdə də belə bir görüntü yaratmaq istəyirlər. Amma görüşlərin ən azından bu yaxında real nəticə verəcəyini mən gözləmirəm. Lazım gələrsə hərbi yolla torpaqların geri qaytarılması barədə prezidentin son bəyanatı da artıq keçilmiş mərhələdir. Bu, təzə bir xəbər deyil. Artıq neçə dəfə belə bəyanatlar verilib və onlardan imtina olunub».
XS
SM
MD
LG