Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:34

Bloqçular öz həmkarlarının həbsinə laqeyd qalmadılar...


Bu həftə bloqosferada iki ad - Emin Milli və Adnan Hacızadənin adı daha çox çəkildi
Bu həftə bloqosferada iki ad - Emin Milli və Adnan Hacızadənin adı daha çox çəkildi
Başqa cür ola da bilməzdi, bloqçular öz həmkarlarının həbsinə laqeyd qalmadılar... Bu həftə bloqosferada iki ad - Emin Milli və Adnan Hacızadənin adı daha çox çəkildi. Bütün postlarda Səbail Rayon Məhkəməsinin hökmü pisləndi, bloqçular Emin və Adnanın həbsinin demokratiyaya növbəti dəyən zərbə adlandırdılar.

Hökm
Uçan xalçalar və qırıq xətlər diyarından yazan bloqçu Emin və Adnanın son məhkəməsinin hər zamankı saatda keçirilmədiyinin səbəbsiz olmadığını yazır. Bloqçu qeyd edir ki, Azərbaycan hökuməti bir daha sübut etdi ki, hər şeyə qadirdir – «məhkəmədə təqdim olunan bütün sübutlar qəbul edilmədi. Bu göstərdi ki, hökumət beynəlxalq təşkilatların, qurumların, fərdlərin sözlərini, tələb və çağırışlarına əhəmiyyət vermir... Bu gün görürük ki, ədalət yoxdur - son hökm buna nümunədir».

***
Demokratiyaya həbs, köləliyə dəstək
«Məhkəmənin lap əvvəlindən komediyadan başqa bir şey olmadığı, prosesin necə bitəcəyi məlum idi. Bütün sübutlar bu işin qurama olduğunu göstərirdi. Polislərin belə yalan şahidlik etdiyi açıq görünürdü. Amma bizim məhkəmə ölkəmizə xas qərar çıxardı. Sübut elədi ki, bizdə demokratiyaya həbs, kölələrə isə dəstək var». Journaleast yazır ki, ittiham kürsüsündə əyləşən Emin və Adnan xoşbəxt görünürdü: «Həbsə getdikləri üçün yox. Azad olduqları üçün. Azadlıqda məhbus, kölə olmaqdansa, həbsxanada azad insan olmağı üstün tutduqları üçün».
Bloqçu deyir ki, demokratiyanı həbsxanalarda axtarın, çünki demokratiya Azərbaycanda həbsə məhkumdur. «Azadlıqda olanların da yolu oradır. Estetik demokratiyamızın qaydalarına görə».
***

Devrimsol da bloqçuların həbsindən yazıb.
«Eynullanın məhkəməsində (red- Eynulla Fətullayev) hakim ağıllı, təmkinli, intellektual birisi təsiri bağışlayırdı. Bu cür rəyin mənim sadəlövhcəsinə irəli gəldiyini və necə yanıldığımı o özü sübut etdi. Onun dilindən səslənən «8,5 il həbs cəzası» məni zəhər kimi reallığa qaytardı. İllüziyaya baxın – elə bilirdim, zahiri effektinə uyğun olaraq, bur tip adamlar qəddar və haqsız sifarişləri gözlərini yummadan yerinə yetirmək xislətindən uzaqdırlar.

Sonra misallar qar topası kimi çoxaldı. Sonuncu misal 2 bloqqerə çıxarılan hökm oldu.
Hökmü hazırlayan, sifariş verən və icra edәnlәri ictimai qınaqla qorxutmaq - əfəllikdir. Onlar üçün bu qınaq – boş bir səsdir. Onların әmәlinin cavabı da bu qınaq yox, yeni cinayət işləri olmalıdır».

Vəfa, Əli Novruzov, Şeytana simpatiyası olan bloqçular da öz gündəliklərində Emin və Adnan haqda yazıb.
***
Azərbaycan bayrağı yenidən tərsinə asıldı

Firudin Allahverdinin son postu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna müraciətdir. O, yazır ki, oktyabrın 29-da nazir Moskvada AMOR təşkilatının tədbirində iştirak edən zaman Azərbaycan bayrağı tərsinə asılıb. İndi Firudin nazirdən məsələyə aydınlıq gətirməsini istəyir.

«Azərbaycanlı tələbə gənclərlə görüşünüz keçirilən tədbir salonunda, Sizin əyləşdiyiniz masanın üzərindəki Azərbaycan Respublikasının atributu olan dövlət bayrağı tərsinə asılmışdır. Sözsüz ki, Azərbaycanın Rusiyadakı səfiri kimi Siz Dövlət atributuna bəslənən bu «münasibət»ə öz etirazınızı bildirməli və reaksiya verməli idiniz. Amma çox təəssüf ki, bu Sizin tərəfinizdən edilmədi.

Çoxları Sizdən bir səfir kimi bu məsələyə aydınlıq gətirəcəyinizi ümid edirdi. Təəssüf ki, bu ümidlər də puça çıxdı. Nəzərinizə çatdıraq ki, dövlət atributuna hörmətsizliyə biganə qalmağınızla Siz həm mədəniyyət işçisi kimi, həm də Azərbaycan Respublikasının səfiri kimi fəaliyyətinizi sual altına qoymuş oldunuz».
***

Mahir qadınlarımızı indidən alqışlayaq!

İlqar Məmmədov bloqunda bələdiyyə seçkilərində qadınların daha çox şanslı olduğunu yazır.

«Bələdiyyə seçkilərində qeydiyyat bitdi. 28515 aday 15682 yer uğrunda yarışacaq. Bir yerə 1,8 aday. Demək, çox bələdiyyədə rəqabət heç yoxdur da - yerlərin və adayların sayı az qala eyni!

Bu il qadınlar super bacarıq göstərəcək. 5900 qadın adayın ən azı 4500-ü seçiləcək. Kişilərdə seçilmə şansı 50%-dən aşağıdırsa, qadınlarda 76%-dən çox olacaq!

Gənclər haqda statistik məlumatım yoxdur, amma onların da özəl kampaniya məharəti göstərəcəkləri fərz edirəm. Yəni, aralarında seçilmə faizi yüksək olasıdır. Onlara da yerlərin 1/3 ayrılıb».
***

Dost seçəndə ehtiyatlı olun
Şahin öz postunda maraqlı şəkil yerləşdirib. Mən də bölüşmək istədim

Telmansoy yazır ki, Gəncədə əksər insanlar «donuz qripi» təhlükəsi ilə təşvişə düşüblər. Hətta apteklərdən respirator alanlar da çoxalıb».

«Demək olar ki, apteklərdə qoruyucu maskalar olan respiratorlar çətin tapılır. Amma şəhərdə maska ilə gəzənləri çox görmək mümkün deyil. Bəs maraqlıdır elə apteklərdə cəmi bir neçə respirator var idi ki, indi tapılmır ?! Başqa məqam odur ki, 20 qəpiyə olan maskalar indi 50-60 qəpiyə satılır - olan apteklərdə. Hər vəziyyətdən istifadə etməyi yaxşı bacarırıq və ya bacarırlar.”

***
Heç «donuz qripinə» də şer həsr edərlər ?

Niyə də olmasın, İfritə sevgi, məhəbbətdən, münasibətlərdən bezib indi də «donuz qripi»ni öz ilham pərisi elan edib. Bu da 3 sətirlik şeri :
Qrip keçir, quşluq qalır...
Qrip keçir, donuzluq qalır...
Yaxşı ki, eşşək qripi yoxdur, yoxsa o da keçərdi...

Lüğət:

Bloq – internetdə gündəlik. Adamlar yaşadıqlarını, düşündüklərini internet vasitəsilə digərləri ilə bölüşürlər.

Bloqosfera - bloqların açıldığı virtual məkan (Bloq sizin mənzilinizdirsə, bloqosfera da virtual məhəllələrdir).

Post – Bloqda təqdim olunan hər yeni yazı, ismarış, yaxud şəkil.

Yuzer – İnternet istifadəçiləri.

Maraqlı bloqlar haqqında bizə yazın. Bizim təqdim etdiyimiz bloqları isə burada şərh edə bilərsiniz.
XS
SM
MD
LG