Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 15:31

«Ölkənin tərəqqisi Bakıdan deyil, regionlardan başlayacaq»


«Bizim Yol»: Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimov hesab edir ki, ölkənin regionlarda işıq və qaz məsələləri müəyyən qədər həll olunub. İşsizlik isə problem olaraq qalır.

«Bəzi rayonlarda müəssisələrin açılışı ləngiyir. Əksər müəssisələrin üzərində qıfıl hələ də qalıb. Bu da işsizliyin əmələ gəlməsinə səbəb olur. Xüsusilə də, gənclər arasında. Böyük işçi potensalı xaricə axaraq, başqa ölkələrin büdcəsinin doldurulmasına xidmət edir…

…Amma plan qurulmalıdır ki, Bakı yüklənmədən xilas olsun. Gəncə, Sumqayıt inkişaf etdirilməlidir. Şəkinin böyük potensialı var. Şəkinin sosial-iqtisadi inkişafı üçün dövlət proqramı hazırlanmalıdır. Şəkinin İpək Kombinatında əvvəllər 5 min adam çalışırdısa, indi 1600 adam işləyir. Görməmək, etinasızlıq hələ problemi həll etmək deyil. Onun üzərinə getmək lazımdır. Regionlardakı problemlərin qısa müddət ərzində həllinə nail olmaq lazımdır».

«Azadlıq»: «Mən öz həbsimə fərdi faciə kimi baxmıram»

«Azadlıq» qəzetinin həbsdə olan baş redaktoru Qənimət Zahid belə deyir: «Arxasında «Azadlıq» kimi əzəmətli bir kollektivin dayandığı kəsi əzmək olmaz».

«Azərbaycanda insanların siyasi motivlərlə həbs edilməyəcəyinə zəmanət yenə də yoxdur»
Baş redaktor bununla belə, həbsxana həyatının azadlığı bir fenomen kimi onun əlindən ala bilmədiyini deyib. «Əmin olun ki, burada mənimlə heç olmasa ünsiyyətə ehtiyacı olan insanlar var. Bu, hətta ən arzuolunmaz şəraiti məmnuniyyətə çevirəcək amillərdən biridir. Başqa tərəfdən, əgər azadlıq fiziki anlayışdırsa, o halda mən müəyyən qədər məhrumiyyətlər içindəyəm deməkdir. Amma azadlığın mənəvi-psixoloji keyfiyyət olduğu hüdudsuzluqda hər kəsin təsəvvür edəcəyi qədər azadam».

«Yeni Müsavat»: Rayonlarda müxalifətçilər şərlənib tutdurulmaqla hədələnir

Daxil olan məlumatlara diqqət yetirəndə ən çox təzyiqə Müsavat Partiyasının namizədlərinin məruz qaldığı, süni problemlərin daha çox bu partiyanın üzvlərinə yaradıldığı aydın görünür. Müsavatçılara ən ciddi təzyiqlər Tərtər, Bərdə, Cəlilabad, Zaqatala və Xaçmaz rayonlarda olan bələdiyyələrə irəli sürdüyü namizədlərin əksəriyyətinə imza vərəqələri verilmir. DSK sədrləri «Bələdiyyə seçkiləri haqqında» Qanunu kobud şəkildə pozaraq imza vərəqələrini namizədlərə verməkdən imtina edir.

«Yeni Azərbaycan»: 2010-cu ilin büdcə layihəsi bütün makroiqtisadi parametrləri özündə əks etdirir

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Nazim Məmmədovun sözlərinə görə, 2010-cu ilin büdcə layihəsi bütün makroiqtisadi istiqamətləri özündə əks etdirən konseptual maliyyə sənədi sayıla bilər. Büdcə zərfində inkişaf tendensiyasının davamlılığını, sosial və investisiyayönümlü islahatların həyata keçirilməsini, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsini, enerji və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsini, sahibkarlığın inkişafını, qeyri-neft sektorunun inkişafının təşviqini, eləcə də, ölkənin müdafiə potensialının gücləndirilməsini nəzərdə tutan layihə və proqramların konkret hədəfləri müəyyənləşdirilib.
XS
SM
MD
LG