Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:38

İran uran anbarını boşaldır?


İsfahanda uranı zənginləşdirmə zavodu, 3 fevral 2007
İsfahanda uranı zənginləşdirmə zavodu, 3 fevral 2007
Qərb dövlətləri Tehrandan BMT-nin İranın nüvə proqramı ilə bağlı yeni təklifinə konkret cavab gözləyir. Tehran isə hələlik rəsmi cavab verməyib, mütəxəssislərin fikrincə, Qərbin bu planı İranın zənginləşdirilmiş uran anbarının çox hissəsinin boşalması deməkdir.

…QALIB İRAN


BMT-nin Beynəlxalq Atom Enerjisi Agentliyi keçən həftə İranın nüvə proqramı ilə bağlı yeni plan təklif edib. Təklifə görə, Tehran az dərəcədə zənginləşdirilmiş uranın 75 faizini emal üçün Rusiyaya göndərməlidir. Özü də bu qədər uranı bir dəfəyə göndərməlidir. Rusiya həmin materialı Fransaya ötürəcək, Fransa uranı nüvə yanacağına çevirib təzədən İrana qaytaracaq ki, Tehran bundan nüvə reaktorunu işlətmək üçün istifadə etsin. Nüvə reaktoru isə xərçəng xəstəliyinin müalicəsində istifadə olunan radio-izotopların istehsalı üçün nəzərdə tutulub.

Birləşmiş Ştatlar, Rusiya, Fransa artıq sənədi razılaşdırıblar, qalıb İran.

Beynəlxalq Atom Enerjisi Agentliyi təsdiqləyib ki, İran plana ilkin cavab verib, amma nə rəsmi Tehran, nə də ki, Agentlik cavabın mahiyyətini açıqlamırlar.

Bu gün Agentliyin ofisindən AzadlıqRadiosunun xəbər xidmətinə deyiblər ki, onlar bu məsələ ilə bağlı müsahibə verməyəcəklər.

Amerikanın Dövlət katibi Hillari Klinton CNN televiziyasına müsahibəsində deyib ki, Vaşinqton Tehranın cavabını gözləyir.

Amerika Dövlət Departamentinin sözçüsü Yan Kelli dünən jurnalistlərə deyib ki, İran mövqeyini aydınlaşdırmalıdır:

MAQATE müfəttişləri Tehranda, 25 oktyabr 2009
«Bizim daha geniş izahata ehtiyacımız var. Və məncə, bizim bu barədə İran tərəfdən rəsmi cavab gözləməyimiz ədalətlidir. Bizə bəzi detalları təqdim ediblər, amma hələ də iranlılarla danışıqlar aparırıq».

AVROPA BİRLİYİ İRANA MÜRACİƏT EDİB


Avropa Birliyi də İrana müraciət edib ki, nüvə proqramı ətrafında söz-söhbətə son qoysun, beynəlxalq ictimaiyyətlə əməkdaşlığa gəlsin.

Birlik bu haqda bəyanatında deyir: «Avropa Birliyi İranın nüvə proqramını inkişaf etdirməsi, Tehranını davamlı olaraq özünün beynəlxalq öhdəliklərindən imtina etməsi ətrafında dərin narahatlığını bir daha bəyan edir».

İranın hakimiyyətyönümlü «Cavan» qəzeti dünən məlumat yayıb ki, rəsmi Tehran BMT-nin planına ciddi dəyişikliklər təklif edib, bunlardan biri də az zənginləşdirilmiş uranı xaricə planda göstərildiyi kimi bir dəfəyə yox, hissə- hissə göndərsin.

«Cavan» qəzetinin yazdığına görə, İran istəyir ki, eyni vaxtda həm Qərbdən nüvə yanacağını alsın, həm də az zənginləşdirilmiş uranı xarici göndərsin. Yəni, bu iki proses sinxron mübadilə olduğuna görə eyni vaxtda baş versin.

TEHRANIN BELƏ CAVABI DEMƏK OLAR Kİ, PLANDAN İMTİNA DEMƏKDİR


«Nyu-York Times» qəzeti bu gün adı çəkilməyən bir Avropa Birliyi rəsmisinə istinadla yazır ki, İranın öz uranını xaricə göndərmək istəməməsi bu planda ən mühüm məsələdir və Tehranın belə cavabı demək olar ki, plandan imtina deməkdir.

Əgər İranın uran anbarının həcmi ilə bağlı qiymətləndirmə düzgündürsə, onda belə çıxır ki, planda təklif olunan qədər uranı xaricə göndərsə, ölkədə nüvə silahı düzəltmək üçün çox az həcmdə material qalır.

Hələlik məlum deyil ki, Qərb İranın plana belə könülsüz yanaşmasından və Qərb dövlətlərinin özünün fikir ayrılığından sonra Tehranla danışıqları davam etdirəcək, yoxsa yox.

Dünən isə Amerika Senatının komitəsi Obama hökumətinə İrana nüvə proqramı ilə bağlı sanksiya qoymağa imkan verən qanun layihəsini dəstəkləyib. Bu layihəyə görə, Amerika hökuməti İrana benzin satan şirkətləri də cərimələyə bilər. Belə bir ittihamla ki, həmin şirkətlər beynəlxalq ictimaiyyətin İranın nüvə proqramı ilə narahatlığına baxmayaraq Tehranla əməkdaşlıq edir.
XS
SM
MD
LG