Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 12:30

Sarkisyan Azərbaycan prezidentinin bəyanatlarına cavab verdi


Serj Sarkisyan Qarabağdakı hərbi təlimlərdə, 22 oktyabr 2009
Serj Sarkisyan Qarabağdakı hərbi təlimlərdə, 22 oktyabr 2009
SARKİSYAN QARABAĞA NİYƏ GETMİŞDİ?

Ermənistan prezidenti Serj Sarkisyanın saytında deyilir ki, o, oktyabrın 21-22-də Azərbaycanın işğal olunan torpaqlarında hərbi mövqelərə baş çəkib. Onun kiçikmiqyaslı hərbi təlimə baxdığı, sonra da yerli erməni rəhbərləri ilə sosial və iqtisadi inkişaf məsələlərini müzakirə etdiyi bildirilir.

Azərbaycanda isə hesab edirlər ki, Sarkisyan Qarabağda başqa şeyləri müzakirə edib.

Politoloq Arif Yunus şübhə etmir ki, Ermənistan prezidenti Türkiyə ilə protokolları müzakirə edib. O deyir ki, millətçi daşnakların təsir dairəsində olan Qarabağ erməniləri Sarkisyanın Türkiyə siyasətini milli ideologiyalarına zidd hesab edirlər:

«O, Qarabağa öz mövqeyini izah etməyə və protokollara razılıq almaq istəyir. Qarabağdakı ermənilər daşnakların təsirindədir. Onların mövqeyi Sarkisyanın xeyrinə deyil. Sarkisyan da protokollara razılıq almaq istəyirdi».

BAKI QONŞU ÖLKƏ PREZİDENTİNİN QARABAĞ SƏFƏRİNƏ NİYƏ ETİRAZ ETMƏDİ?

Azərbaycan tərəfdən hələlik Sarkisyanın Qarabağ səfərinə ciddi etirazlar yoxdur. Adətən Xankəndinə başqa dövlətlərin, o cümlədən elə Azərbaycanın vətəndaşları səfər edəndə Bakıdan etirazlar səslənir.

A.Yunus hesab edir ki, Bakının indiki susqunluğu Sarkisyanın səfərindən əvvəlcədən xəbəri olması ilə bağlıdır:

Arif Yunus
«Azərbaycandan ciddi etiraz olmaması o deməkdir ki, bu səfər əvvəlcədən planlaşdırılmışdı, bizimkilər bu səfər haqqında bilirdilər. Minsk Qrupu onlara çatdırmışdı ki, etiraz etməyin, bu, Qarabağ danışıqları ilə bağlı bir səfədir».

Azərbaycanın Xarici İşlər Nazirliyində Bakıdan etiraz olmaması fikri ilə razılaşmadılar. «Sarkisyanın bu səfərinə Bakıdan niyə bir rəsmi etiraz olmadı» sualına Nazirliyin mətbuat xidmətinin rəhbəri Elxan Poluxovun cavabı:

«Rəsmi bəyanat olmadı. Ermənistan ilk dəfə deyil ki, belə qeyri-konstruktiv addım atır. Bizim də mövqeyimiz həmişə birmənalı olub, həmişə də onu bildirmişik. Bildirmək istəyirik ki, belə addımlarla Ermənistan bölgədə onsuz da gərgin olan vəziyyətə əlavə gərginlik gətirir. Belə hərəkətlərlə Ermənistan danışıqlar prosesinə də heç də müsbət şeylər əlavə etmir».

SARKİSYAN ƏLİYEVİN BƏYANATLARINA ATMACA İLƏ CAVAB VERİR

Qarabağda yerli televiziyaya müsahibəsində Sarkisyan əsasən jurnalistin Azərbaycan prezidentinin son çıxışları barədə suallarına cavab verib. Müxbir ona deyib ki, Azərbaycan prezidenti əvvəlki müzakirələrdə Qarabağ ətrafındakı rayonların qaytarılmasının razılaşdırıldığını, indi isə Yerevanın bu məsələdən çəkildiyini bildirir. Sarkisyan bu məsələyə müəmmalı bir cavab verib:

«Məncə, azərbaycanlılar da, biz də gücümüzü danışıqların indiki mərhələsinə sərf etməliyik. Öz auditoriyamıza danışıqların əvvəlki mərhələlərindən hansısa hissəni çıxarıb təqdim etməklə məşğul olmamalıyıq».

Sarkisyan Azərbaycan ordusunun Qafqazda ən güclü olması barədə prezident İlham Əliyevin son vaxtlar dönə-dönə səsləndirdiyi fikirlərə də atmaca ilə cavab verib:

«Mən təsəvvür edə bilmirəm ki, öz ofisində rahat parketin üstündə gəzə-gəzə ordunun döyüş imkanları barədə necə danışmaq olar».
XS
SM
MD
LG