Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:45

İstefa tələb edən gənclərin aksiyası dağıdıldı


Polis aksiyanı dağıdıb, 10-dan artıq gənc saxlanıb
Polis aksiyanı dağıdıb, 10-dan artıq gənc saxlanıb
Metroda qiymətlərin artırılmasına və sosial problemlərə etiraz edən bir qrup gənc oktyabrın 13-də «Hüseyn Cavid» parkında etiraz aksiyasına cəhd göstərdi.

AXCP, ADP, Müsavat partiyalarının, eləcə də «Qırmızı Gənclərin Avanqardı - Bakı» və OL gənclər təşkilatlarının təmsilçiləri «Sosial repressiyaya son!», «Cibimizə girməyin!», «Tağı Əhmədova istefa!», «Metro xalqındır!» kimi şüarlar səsləndirdilər.

İSTEFA TƏLƏB EDƏN GƏNCLƏRİN AKSİYASI DAĞIDILDI


Polis aksiyanı dağıtdı, 11 gənc isə saxlandı. Gənclərin 5-ni Yasamal rayonu Polis İdarəsinin 26, 6-nı isə 27 saylı bölməyə apardılar.

Yasamal rayon Polis İdarəsinin rəisi Məhəbbət Hüseynov gənclərin saxlanmasını onların asayişi pozmaları ilə izah elədi:

«İctimai asayişi pozanlar var. Polis onları saxlayıb. Barələrində qanuna müvafiq tədbirlər görüləcək».

Saxlananlardan «Qırmızı Gənclərin Avanqardı - Bakı» təşkilatının üzvü Rüfət Abbasov AzadlıqRadiosuna dedi ki, 27 saylı bölmədə onlara qarşı zor işlədilib və xəsarət alanlar var:

GƏNCLƏR BÖLMƏDƏ DÖYÜLDÜLƏR

«Gətirəndə bizi təhqir etdilər, biz cavab verəndə enlikürək qolçomaqlar gəldi, döydülər bizi. Bayaqdan bir oğlan yaralıdır. Bir təcili yardım gəlmir, polis icazə vermir gəlməyə. İki təcili yardım maşını gəldi, polis buraxmır, öz vəhşiliklərini gizlətmək üçün buraxmır. Yaralı Cəmil Hacıyevdir, başqa iki nəfər də var. Sadəcə onlarda yüngül xəsarətdir…»

27-ci bölmədə olarkən gənclərə İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov da baş çəkib. O, gənclərin bəzisinin xəsarət aldığını təsdiqləsə də, kiminsə vəziyyətinin ağır olduğunu görmədiyini deyir:

«Mən onlarla görüşəndə 2 nəfərə bölmədə zor tətbiq olunduğunu, incidildiyini dedilər. Ancaq məsələni bölmənin rəisinə çatdıranda, o dedi ki, polisə müqavimət göstəriblər, özlərini bölmədə yaxşı aparmayıblar. Ona görə onlara fiziki zor göstərilib. Lakin həbs olunan gənclər özlərini müqəssir hesab etmirlər»

OMBUDSMAN APARATI İNSAN HÜQUQLARINI YOXSA POLİSİ QORUYUR?

Aksiyaçı Rüfət Abbasov isə deyir ki, bölmədə onların yanına Ombudsman Aparatından da gələn olub:

«Ombudsman Aparatından gəlmişdilər, amma dedilər ki, bir-birinizi yola verin. Sanki onlar polisin hüquqlarını qoruyurlar, bizim yox».

AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı isə AzadliqRadiosuna deyib ki, onlar bu gün aksiyanı əvvəldən metronun «Elmlər Akademiyası» stansiyasının yanında keçirməyi planlaşdırırmışlar. Lakin polis ərazini xeyli əvvəl nəzarətə götürdüyünə görə etirazlarını «Hüseyn Cavid» parkında keçirməli olublar.

Sonra gənclər məhkəməyə aparılıblar. Axşama yaxın saxlanılanların hamısı cərimə və xəbərdarlıq edilməklə məhkəmə salonundan azadlığa buraxılıblar. Yalnız 1 nəfərin - Vüsal Bacarın üzərində şəxsiyyəti təsdiq edən sənəd olmadığına görə onun məhkəməsi sabah saat 9-30-a qalıb.

Oktyabrın 1-dən metroda gediş haqqı 3 dəfə artırılaraq 15 qəpik olub.

DƏMİRYOLU TARİFLƏRİ DƏ ARTIRILA BİLƏR

Bu arada dəmiryolunda da qiymətlərin artırılması üçün Tarif Şurasına müraciət edilib.

«Azərbaycan Dəmir Yolları» QSC-dən bildiriblər ki, dəmiryolunda sərnişindaşımada orta qiymət 3 manatdır və dəmiryolu başqa nəqliyyat vasitələri ilə müqayisədə bir neçə dəfə ucuzdur.

Dəmiryolunda qiymət artımının nə qədər olacağı hələ ki bilinmir.

XS
SM
MD
LG