Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:44

Protokollar axır ki İMZALANDI


Türkiyə və Ermənistanın dövlət bayrağı
Türkiyə və Ermənistanın dövlət bayrağı

PROTOKOLLAR İMZALANDI

Sürixdə imzalanma mərasimindən sonra veriləcək açıqlama üstündə Türkiyə ilə Ermənistan təmsilçiləri arasında yaranan böhrana görə sənədlərin imzalanması üç saat ləngidi.

Türkiyə tərəfdən verilən məlumata görə, sonunda tərəflərin heç birinin açıqlama verməməsi barədə razılıq əldə olunub və bundan sonra mərasim baş tutub.

Mərasimdə yalnız bu iki ölkə arasında danışıqlara vasitəçilik edən İsveçrənin xarici işlər naziri qısa giriş nitqi söyləyərək Türkiyə və Ermənistandan olan həmkarlarını sənədləri imzalamağa dəvət etdi. Amma o, bir qədər əvvəlki fikir ayrılıqlarına heç bir sözlə toxunmadı.

Mərasimə ABŞ dövlət katibi Hillari Klinton, Fransanın xarici işlər naziri Bernar Kuşner, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Avropa İttifaqının xarici siyasət komissarı Havyer Solana, İsveçrənin xarici işlər naziri Mişelin Kalmi-Rey, Avropa Birliyinə sədrlik edən İsveçin xarici işlər naziri Karl Bildt, ATƏT və BMT-dən yüksəkvəzifəli şəxslər şahidlik ediblər.

ABŞ dövlət katibi H.Klinton universtiteti tərk edərək Ermənistanın xarici işlər naziri E.Nalbandyanla protokolların imzalanmadan sonrakı açıqlama üstündə yaranan böhranı müzakirə edir. Sürix, 10 oktyabr 200.
Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin yaradılması və münasibətlərin sıxlaşdırılmasını nəzərdə tutan bu iki protokolun əsas mahiyyəti belədir:
  • Türkiyə ilə Ermənistanın sərhədi açılır.
  • Hər iki ölkə bir-birinin sərhədini tanıyır.
  • "Erməni soyqırımı" deyilən iddiaların araşdırılması üçün tarixçilərdən ibarət birgə komissiya yaradılır.

    Azərbaycan bu iki dövlət arasında sərhədin açılmasından narahatdır. Bakıda hesab edirlər ki, Türkiyə Ermənistanla sərhədini Qarabağ torpaqlarının işğalına görə bağladığı üçün işğala son qoyulmandan sonra da açmalıdır. Prezident İlham Əliyev hesab edir ki, sərhədin açılması ilə Ermənistan Qarabağ danışıqlarında daha kəskin şərtlərlə çıxış edəcək.

    Türkiyə rəsmiləri isə dəfələrlə bildiriblər ki, Azərbaycanı Ermənistanın yanında zəiflədə biləcək heç bir addım atmayacaqlar.

    Bundan sonra Türkiyə-Ermənistan protokolları təsdiq üçün hər iki ölkədə parlamentlərin müzakirəsinə çıxarılmalıdır.

    (Protokolun imzalanmasında yaranan böhranı dəqiqə-dəqiqə oxucularımıza çatdırmışıq. Həmin hadisənin xronologiyasını aşağıda oxuya bilərsiniz.)

    PROTOKOLLAR İMZALANIR

Türkiyə və Ermənistan təmsilçiləri imzalanmadan sonra heç bir açıqlama verməyəcək. Razılaşmaya görə yalnız İsveçrənin xarici işlər naziri danışacaq və protokollar imzalanır.

NALBANDYAN MƏRASİMDƏDİRMİ?


CNN-TÜRK televiziyasının müxbiri bildirir ki, onları imza mərasiminin keçiriləcəyi mərasimə dəvət edirlər. Hələlik Ermənistanın xarici işlər naziri Eduard Nalbandyanın universitetdə olub-olmadığı məlum deyil.

3 SAATLIQ LƏNGİMƏDƏN NƏ ÇIXACAĞI BƏLLİ DEYİL


CNN-TÜRK televiziyasi Türkiyə nümayəndə heyətinə istinadla xəbər verir ki, hələ ki, tərəflər arasında açıqlama üstündə müzakirə edir. Nəticənin nə olacağı məlum deyil.


İMZALANMA GECƏ SAAT 11-Ə QALIB?

“Novosti-Armeniya” agentliyi yazır ki, protokolların imzalanma mərasimi Bakı vaxtilə saat 11-ə təyin olunub. Agentlik məlumatı Ermənistanın Xarici İşlər Nazirliyindəki mənbələrdən aldığını yazır.
Türkiyənin NTV televiziyasının da verdiyi xəbərə görə Türkiyə ilə Ermənistan arasında protokollar Bakı vaxtı ilə saat 23.00-da imzalana bilər.


ERMƏNİSTAN NÜMAYƏNDƏLƏRİ XÜSUSİ BƏYANAT VERƏ BİLƏR

Ermənitsan mediası diplomatik mənbələrə istinadla xəbər verir ki, Türkiyə tərəfi Sürixdə protokolların imzalanmasından sonra veriləcək açıqlamanın mətnində Qarabağ münaqişəsinə bir xatırlatma əlavə edib. Ermənistan nümayəndələri də buna etiraz ediblər. Erməni nümayəndə heyətinin xüsusi bəyanatla çıxışı edəcəyi istisna edilmir.

Erməni mediasının bu xəbərini Rusiyanın “İnterfaks” agentliyi yayıb.

Amma hələlik narazılığın konkret nədən baş verdiyi, mərasimdən sonra veriləcək açıqlamaya kimin nə dəyişiklik etmək istədiyi barədə dəqiq məlumat yoxdur.

Türkiyə mənbələrində də Ermənistanın həmin sənəddə nəyisə dəyişmək istədiyi haqqında məlumatlar var.


İMZALANMA MƏRASİMİ İKİ SAATDAN ÇOXDUR GECİKİR
Jurnalistləri protokolların imzalanacağı salona dəvət edirlər. Bakı vaxtilə saat 20-ə nəzərdə tutulan imzalanma mərasimi iki saatdan çoxdur gecikir.


NALBANDYAN DA UNİVERSİTETƏ QAYIDIR
Eduard Nalbandyan da sənədlərin imzalanması planlaşdırılan universitetə gəldi. İmzalanma mərasiminin indilərdə başlanacağı gözlənir. Hələlik dəqiq məlum deyil ki, imzalanmadan sonra nə açıqlama veriləcəyi üstündə razılıq olubmu.



HİLLARİ KLİNTON OTELDƏN MƏRASİM PLANLAŞDIRILAN YERƏ QAYIDIR
ABŞ dövlət katibi Hillari Klinton qaldığı oteldən ayrılıb protokolların imzalanması planlaşdırılan universitetə qayıdır. Amma onunla görüşdə olmuş Ermənistanın xarici işlər naziri Eduard Nalbandyanın hara getdiyi məlum deyil.

***

Sürixdəki türk jurnalistlər deyirlər ki, Ermənistan nümayəndələri xarici informasiya agentliklərinə "Türkiyə imzalamadan sonra veriləcək açıqlama mətnində dəyişiklik istəyir" kimi məlumatlar verirlər. Onların bildirdiklərinə görə hələlik mətndə hansı tərəfin və nə dəyişiklik etmək istədiyi məlum deyil.

***


Diplomatlarin dediyinə görə Türkiyə tərəfi ABŞ nümayəndələrinə imzalamadan sonra bir açıqlama mətni verib. Amma Erməni tərəfi bu mətni qəbul etməyib.
***

ABŞ dövlət Departamentinin sözçüsü İan Kelli: “Biz hər iki tərəfin imzalama mərasimindəki açıqlama üstündə razılığa gəlməsinə çalışırıq.”

***

Sürixdə olan müxbirlər deyirlər ki, tərəflər protokolların imzalanmasından sonra bir açıqlama verilib-verilməməsi üstündə razılığa gələ bilməyiblər. Amma hələlik məlum deyil ki, imzalanma nə qədər müddətə təxirə salınıb?

***

"Anadolu" agentliyi xəbər verir ki, imzalam mərasiminin təxirə salınmasının səbəbi hələlik məlum deyil. Türkiyənin xarici işlər naziri ilə İsveçrə xarici işlər nazirinin müzakirəsi gedir.

Qərb agentliklərinin məlumatına görə hazırda Ermənistanın xarici işlər naziri Eduard Nalbandyanla ABŞ nümayəndə heyətinin müzakirələri gedir.

***

Sürixdə Ermənistanla Türkiyə arasında münasibətlərin nizamlanmasına dair protokolların imzalanması təxirə salındı. Hələlik bunun səbəbi haqqında ətraflı məlumat yoxdur.

Mərsimin ləngiməsi zamanı xarici informasiya agentlikləri məlumat verirdi ki, imzalamadan sonra bir açıqlama verilib-verilməməsi üstündə anlaşılmazlıq var. Hətta Sürixdə olan ABŞ-ın dövlət katibi Hillari Klinton qəflətən qaldığı otelə qayıtmışdı.

***

Sürixdə Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair iki prtokolun imzalanmasına dəqiqələr qalır.

«Ermənistan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında diplomatik əlaqələrin qurulmasına dair protokol» və «Ermənistan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əlaqələrin inkişaf etdirilməsinə dair protokol» adlanan bu iki sənədi Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan və Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu imzalayacaq.

AzadliqRadiosunun erməni xidmətinin direktoru Hrayr Tamrazyan hazırda sənədlərin imzalanacağı İsveçrədədir. Tamrazyan bildirir ki, «iki ölkənin xarici işlər nazirləri tarixi sənədi universitetin tarix fakültəsində imzalayacaq».

Mərasimdə ABŞ dövlət katibi Hillari Klinton, Fransanın xarici işlər naziri Bernar Kuşner, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Avropa İttifaqının xarici siyasət komissarı Havyer Solana, İsveçrənin xarici işlər naziri Mişelin Kalmi-Rey, Avropa Birliyinə sədrlik edən İsveçin xarici işlər naziri Karl Bildt, ATƏT və BMT-dən yüksəkvəzifəli şəxslər də iştirak edəcəklər

Xarici işlər nazirlərinin imzalamasından sonra protokollar təsdiq üçün hər iki ölkənin parlamentlərinə göndəriləcək.

Ermənistan parlamentdə çoxluq təşkil edən hakim koalisiya artıq həmin sənədləri dəstəkləyəcəyini bildirib. Amma əsasən «Daşnaksutyun» partiyası və başqa müxalifət qrupları həmin sənədlərin əleyhinədirlər.

Türkiyə parlamentindən də sənədlərin asan keçməyəcəyi barədə fikirlər var. Parlamentin sədri Məhmət Əli Şahin bu yaxınlarda Bakıda olarkən Ermənistanla protokolların təsdiqlənməyəcəyini bildirmişdi.

XS
SM
MD
LG