Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 08:25

Kasyanov Xodorkovskinin 20 milyard dollara qurban getdiyini deyir


Prezident Boris Yeltsin və baş nazir Vladimir Putin Kremldə, 16 sentyabr 1999
Prezident Boris Yeltsin və baş nazir Vladimir Putin Kremldə, 16 sentyabr 1999
Rusiyanın keçmiş baş naziri, indisə müxalifətin ən öndəki liderlərindən olan Mixail Kasyanovun «Putinsiz» kitabı son vaxtlar Kreml elitası və Moskva dissidentlərinin stolüstü kitabına çevrilib.

Bunu «Exo Moskvı» radiosunun rəhbəri Aleksey Venediktov deyir. Onun bildirdiyinə görə, təkcə ölkənin birinci şəxsindən məlumatı yoxdur, amma dəqiq bilir ki, kitabı Kremldə ikinci, üçüncü şəxslər artıq oxuyublar.

Venediktov bildirir ki, o, özü də kitabdan bəzi yeni şeylər öyrənib:

«Təqaüddə olduğu vaxtlarda Boris Yeltsinin nələr etdiyini bilmək mənə çox maraqlı oldu. Kitabdakı qalan şeylər də çox maraqlıdır. Həm də məlum olur ki, təkcə Kasyanov siyasi oyunçu deyil, Yevgeni Kisilyov da siyasi oyunçu olub. Bir jurnalist, bir oyunçudansa, iki oyunçunun söhbəti olduqca maraqlıdır».

Kitab bir vaxtların tanınmış jurnalisti, karyerası Putinin zamanında öləziyən Kisilyovla Kasyanovun dialoqu şəklində çap olunub.

Kasyanov bildirib ki, Putin Boris Yeltsini ömrünün son illərində «qızıl qəfəs»də saxlayırdı. Dediyinə görə, Putin onun bütün tərəfdarları ilə əlaqəsini kəsmişdi.

Prezident Vladimir Putin və baş nazir Mixail Kasyanov, 16 iyun 2003
Kasyanov belə bir əhvalat danışıb: «2006-cı ildə 75 yaşı tamam olarkən Yeltsin qəfil öz evində bir qonaqlıq təşkil etmək istədiyini bildirdi. Amma sonra Yeltsini qonaqlığı Kremldə keçirməyə məcbur etdilər. Dəvət olunan qonaqların siyahısı da sərt nəzarətdə idi. Məni də siyahıdan çıxarmışdılar. Bundan bir qədər sonra da Yeltsin həyatdan getdi».

Kasyanov Putinin prezidentliyi dövründə Baş nazir vəzifəsində işləyib. Hakimiyyətdən gedəndən sonra müxalifətin sıralarına qoşulmuş, 2008-ci ildə «Başqa Rusiya» adlı müxalifət koalisiyası quraraq prezidentliyə namizəd olmuşdu. Həmin vaxt keçirilən mitinqlərdən birində özü şəxsən polislə döyüşmüşdü.

O, Putinin rəhbərlik etdiyi illəri «Putinizm» adlandırır, bildirir ki, onun zamanında Rusiyada bütün azadlıqlar məhv edildi:

«Ölkə öz tarixinin çox ağır dövrünə daxil oldu. Bu rəhbərlərlə, bu liderlərlə heç bir yaxşı şey gözləmək mümkün deyil. İstəsək də, istəməsək də, çox qəddar bir dövrdə yaşayırıq.
Prezident Vladimir Putin Mixail Xodorkovski ilə söhbət edir, 31 may 2001
Bəziləri bunu durğunluq dövrü kimi izah edir. Amma bu, Brejnevsayağı bir durğunluq deyil. İndi biz adamlarla daha kobud bir rəftarın şahidi oluruq».

Kasyanov həm də Mixail Xodorkovskiyə görə Putinlə fikir ayrılıqlarının yarandığını bildirir. O, vergi cinayətlərində ittiham olunan «Yukos» neft şirkətinin keçmiş rəhbəri Xodorkovskinin həbsinə açıq etiraz edib.

Kasyanov qeyd edir ki, Xodorkovski və başqa oliqarxlar 1990-cı illərdə aparılmış özəlləşdirilmənin yoxlanılmasına qarşı çıxır, bu barədə müvafiq qanunun qəbul edilməsinə çalışırdılar. Şirkətlər bunun əvəzinə pul da ödəməli idilər. Xodorkovski bildirirmiş ki, oliqarxlar özləri kim nə qədər ödəyəcəyini razılaşdırıbmış. Kimi bu işə 1.5 milyard, kimi 3, kimi də 5 milyard dollar verməli imiş. Rusiyanın zəifləmiş infrastrukturunun dirçəldilməsi planına onlar 20 milyard dollar pul toplamalı idilər. Sonradan Xodorkovski vergidən yayınma ittihamı ilə 8 il azadlıqdan məhrum edildi və bu fikir baş tutmadı.

«Məncə, Putin başa düşürdü ki, belə bir qanun iş adamları üçün bir zireh olacaqdı. Putin isə bunu istəmirdi», – deyə Kasyanov bildirir.
XS
SM
MD
LG