Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 06:28

«Diasporu birləşdirən bir dəyər var – soyqırımı, başqa heç nə».


Yerevandakı mitinqlərin əksəriyyətini 5.7 milyonluq erməni diasporunun maliyyələşdirdiyi «Daşnaksütun» partiyası təşkil edir
Yerevandakı mitinqlərin əksəriyyətini 5.7 milyonluq erməni diasporunun maliyyələşdirdiyi «Daşnaksütun» partiyası təşkil edir
Türklərə qarşı apardıqları müharibə haqda mahnılar oxuyan onlarla erməni artıq həftələrdir ki, Yerevanda Xarici İşlər Nazirliyi qarşısında aclıq aksiyalarını davam etdirirlər.

Yaxınlıqda «Daşnaksütun» partiyası da etiraz aksiyası təşkil edir. Etiraz aksiyasının iştirakçıları kimi, aclıq edənlər də Ermənistanla Türkiyənin oktyabrın 10-da imzalayacaqları sənədə etiraz edirlər. Bu protokollara əsasən, Ermənistan Türkiyənin sərhədlərini tanıyacaq, Türkiyə də Ermənistanla 1993-cü ildə bağladığı sərhədləri açacaq. Sənəddə nə Qarabağdan, nə də soyqırımı və ermənilərin Türkiyəyə olan torpaq iddialarından söz açılır.

50 yaşlarındakı Naşan Ayemyan təxminən 10 il əvvəl Yerevana Amerikadan qayıdıb. Etirazçıların əksəriyyəti da sonradan Ermənistana qayıdanlardır. Onlar iddia edirlər ki, Türkiyəylə imzalanacaq bu sənəd osmanlıların ermənilərə qarşı etdiklərini unutdurmaqdan başqa bir şey olmayacaq. Sarkisyan isə xəyanətkardır:

«O, hər kəsi inandırmağa çalışır ki, hər şey yaxşıdır. Amma biz türkləri 800 ildir tanıyırıq. Biz onların kim olduğunu bilirik. Sülh yaxşı şeydir. Amma biz kimlə sülh bağlayırıq. Əcdadlarımızı öldürən canilərlə?».

Yerevandakı mitinqlərin əksəriyyətini 5.7 milyonluq erməni diasporunun maliyyələşdirdiyi «Daşnaksütun» partiyası təşkil edir. «Daşnaksütun» bildirib ki, Türkiyəylə yaxınlaşma soyqırımının unudulması və uzun müddətdir mübarizə apardıqları düşmənə təslimçilikdən başqa bir şey deyil. Üstəlik, diaspor Türkiyənin sərhədlərinin tanınmasına da qarşı çıxır.

Xaçik Xaçaturyan
20-ci əsrin əvvəlində əcdadlarının osmanlıların idarəçiliyindəki Suriyanı tərk etdiklərini deyən Xaçik Xaçaturyan Yerevana məhz etiraz etməyə gəlib:

«Biz unuda bilmərik. Mənim atam genosid qurbanı olub. Niyə erməni diasporu var? Çünki Qədim Şərqi Ermənistan torpaqları - Qars, Ərdəhan, Vandan olan ermənilər xaricə qaçmağa məcbur olublar, biz bunu bağışlaya bilmərik. Genosid bir məsələdir, torpaqlarımız başqa məsələ. Biz bunu unuda bilmərik. Biz bu prezidenti heç vaxt bağışlamayacağıq. Hökumətlər gəlib-gedir, amma ədalət əvvəl axır qalib gəlir. Biz ədalət tələb edirik».

Ermənistan prezidenti Serj Sarkisyan məhz bu cür düşünənləri fikrindən daşındırmaq üçün 4 ölkəyə səfər edib, erməni diasporunun nümayəndələriylə çoxsaylı görüşlər keçirib. Amma getdiyi hər yerdə - Rusiya, Fransa, Livan və ABŞ-da erməni diasporu onun əleyhinə etirazlar təşkil edib.

Oktyabrın 2-də Parisdə 200 yaxın erməni Sarkisyanın səfərini pozub, onu «satqın» adlandıranda polislə qarşıdurmadan da çəkinməyib.

Həftəsonu Nyu-York və Los-Ancelesə səfərləri zamanı isə burdakı erməni diasporu 12 minlik mitinq keçirib, «Sarkisyan bizi satma!» və «Türkiyə genosidi qəbul et!»» şüarlarını səsləndiriblər.

Livanda yaşayan ermənilər Ermənistan-Türkiyə protokollarının imzalanmasına etiraz edirlər, 6 oktyabr 2007
Amerika Erməni Milli Konqresi Sarkisyanın səfəri ərəfəsində verdiyi bəyanatda Ankarayla Yerevan arasında imzalanacaq protokolları erməni xalqının hüquqları və milli birliyinə təhlükə olaraq qiymətləndirib.

Amma ABŞ-da yaşayan ermənilərin heç də hamısı Türkiyəylə münasibətlərin yaxşılaşdırılmasına pis baxmır.

Amerika Erməni Assambleyası, Ermənistan Apostol Kilsəsi və Pravoslav Kilsəsi, Ermənistan Mərhəmət İttifaqı «Daşnaksütun»la əks mövqe tuturlar.

Erməni-Amerika Humanitar Cəmiyyətindən Haiq Deranyan:

«Ermənistan hökuməti bilməlidir ki, erməni diasporu bu məsələyə emosional yanaşır. Çünki biz lap əvvəlindən soyqırımı ilə yaşamışıq. Amerikaya köçən ermənilərin ilk nəslinin nümayəndəsi kimi mən türklərin törətdikləri haqda əhvalatlarla böyüdülmüşəm. Odur ki, mən bu məsələdə çox həssasam. Amma emosional olmaqla bərabər, obyektiv də olmaq lazımdır, bütün ermənilər və ölkəmiz üçün yaxşı olan nədirsə onu etmək lazımdır».

S.Sarkisyan Amerikada olanda ABŞ prezidenti Barak Obama da onunla telefon söhbətində Türkiyəylə yaxınlaşmaq cəhdlərini dəstəklədiyini bildirib.

Erməni diasporunun protokolların əleyhinə çıxmasına Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan da münasibət bildirib. «Wall Street Journal»a müsahibəsində o deyib ki, «rəsmi Yerevan yürütdüyü siyasətin erməni diasporunun girovuna çevrilməsinə yol verməməlidir. Hökumətlər öz siyasətlərini davam etdirməyi bacarmalıdırlar».

Əvvəllər Amerikada yaşayan, indi isə Yerevandakı Erməni Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinə rəhbərlik edən Riçard Qiraqosyan isə deyir ki, Ermənistan rəhbərliyi Türkiyəylə sərhədlərin açılmasını çox istəyir. Çünki bu, blokada üzündən kasıb, köməksiz yaşayan ölkəyə dirçəlmək imkanı yaradacaq.
Riçard Qiraqosyan
Amma erməni diasporunun üzvləri artıq çoxdan ölkəni tərk ediblər, yaxşı şəraitləri olan yerlərdə yaşayırlar. İndi onları Ermənistanda qalan ermənilərin taleyindənsə, özlərini birləşdirən dəyərlər maraqlandırır:

«Diasporu birləşdirən ancaq yeganə bir dəyər var – soyqırımı, başqa heç nə. Onlar Türkiyəylə yaxınlaşmanı məhz yeganə dəyərlərinə təhlükə kimi görürlər».

Xaricdə yaşayan ermənilərin sayı 5.7, Ermənistan dövlətinin əhalisi isə 3.6 milyon nəfərdir. Ermənistanın özündə yaşayanlar, məsələn, 24 yaşlı Vahaq Qalstyan kimilər fikirləşir ki, sərhədlərin açılmasının onlara ancaq xeyri ola bilər:

«Məncə, sərhədlərin açılmasının bizə ancaq xeyri olacaq. Düzdür, keçmişi də unutmaq lazım deyil, amma bu məsələni də həll eləyib, sülh içində yaşayıb gələcəyə baxmaq daha doğru olar».

Ermənistan və Türkiyə arasındakı protokollar oktyabrın 10-da imzalanmalıdır.

Bir müddət əvvəl Riçard Qiraqosyan bildirmişdi ki, Ermənistan-Türkiyə yaxınlaşmasına maneə olmasın deyə, Azərbaycan və Ermənistan prezidentləri protokollar imzalanmazdan əvvəl görüşüb, Qarabağ münaqişəsinin həllində irəliləyiş olması haqda açıqlama verəcəklər. Bu açıqlama da Türkiyə rəsmilərinə imkan verəcək ki, rahatca protokolları imzalasın.

Elə az öncə ABŞ-ın Moldovadakı səfirliyi məlumat yayıb ki, Azərbaycan və Ermənistan prezidentləri oktyabrın 8-də axşam saat 6-da Kişinyovda ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşəcəklər. Tədbirə medianın da israrla dəvət edilməsi sonra birgə açıqlama olacağıyla bağlı ehtimalları artırır.
XS
SM
MD
LG