Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:48

Seymur Baycan "Qeyri-ənənəvi cinsi əlaqə" HEKAYƏ


Beş uşaq əkib, özünün bazardan alındığına, dünyaya durna dimdiyində gəldiyinə inananlardan deyiləm. Reallıqdır, bilirəm bütün uşaqlar dünyanın ən möhtəşəm himni - ah-uf sədaları altında yaranır.

On yaşına qədər bazarda uşaq satıldığını görmədim. Bizim rayonda ara günü bazarlığa gedən adama dəli kimi baxırdılar. Müəllimlərdən başqa, onları bazarda şagirdləri görə bilərdi, bunun üçün. Atam fizika, anam ədəbiyyat müəlliməsi işləyirdi, Trotski adına bir nömrəli orta məktəbdə. Nədənsə fizika müəllimlərinin boynu qeyri-simmetrik, əyri olur.

Həkimin uşağı xəstə, müəllimin uşağı tərbiyəsiz olar deyiblər. Altıncı sinifdə oxuyanda qonşu qızını, toyuq hini yerinə istifadə etdiyimiz zirzəmiyə soxmuşdum. 7-15 yaş arasında baş verən bütün günahlar Allahdan gəlir, onun diqtəsidir ki, bu və ya digər formada özünü göstərir. İnanın, nəyi hara dürtəcəyimi heç əməlli-başlı dərk elmirdim.

Sahibinə vulqar günləri xatırladıb göz dağı verən, gecələr sərxoş qaraltılara dirək olmaqdan başqa heç nəyə yaramayan köhnə maşının rolunu balaca uşaq sağa-sola hərlədib, ağzıyla olmayan təkərin, matorun səsin özü necə çıxardırsa, məndə özümü qonşu qızının arxasına elə sürtürdüm. Dedim axı, vallah, nəyi, hara dürtəcəyimi heç əməlli-başlı dərk eləmirdim.

Amma bilirdim, məndən səs çıxmalıdır. Qızın da əvəzinə səs çıxartmağa hazırlaşdığım vaxt atamın qeyri-simmetrik boynu alaqaranlıq zirzəminin qapısında göründü. Bizə, sonra toyuqlara baxıb "ay əclaf mən cəhənnəm, heç olmazsa toyuqlardan utan" dedi.

Ömrümdə ilk dəfə toyuqlardan utandım. Axşam ədəbiyyat məülliməsi - anam- Nizamidən, Nəvaidən "Biləcəri stansiyasında dayanan, fəhlə yoxluğundan boşaldılmayan vaqonlar boyda sitatlar gətirib, iki saat etikadan moizə oxuyanda tüküm də tərpənmədi.

"Nizami ona hədiyyə göndərilən kənizi özünə kəbinli arvad edib. Atalara qurban olum, kişilər boş yerə çənə işlətməyiblər, müəllimin uşağı tərbiyəsiz olar" - ədəbiyyat müəlliməsinin - anamın- moizəsindən yadımda qalan bunlardır. Qız onun şagirdiydi. İndi molla arvadıdır.

Yeriyəndə üstündən ətrafa "Əuzi billahi minəş şeytanir rəcim" kəlmələri tökülür. Evinə nəzir-niyaz gətirirlər, qısır arvadların, potensiyası zəif kişilərin belini çəkir. "Allahu əkbər" deyə-deyə. Əlinin altından keçən qısır arvadlar cüt-cüt doğur. Uşaqlardan atasına oxşayanı da tapılır, oxşamayanı da...

Ədəbiyyat müəlliməsi- anam, fizika müəllimi - atamla- evliliklərinin ilk beş ilində məni bəhanə edib hesabıma xeyli gəziblər. Ədəbiyyat müəlliməsi - anam- uşağa qala bilmirmiş. Qılıqlayıb, babamın atadanqalma iki qızıl onluğunu əlindən alıblar.

Anam hər dəfə Nizamidən, Nəvaidən, "Biləcəri stansiyasında dayanan fəhlə yoxluğundan boşaldılmayan vaqonlar" boyda sitat gətirib məni danlayanda sonda şablonlaşmış "minnət monoloqunu" söyləməyi də unutmur: "Sənə görə bir maşın dərman yemişəm, həkimlərə qucaq-qucaq pul xərcləmişəm, doqquz ay səni bətnimdə gəzdirmişəm". Çox mənasız sözlərdi.

Heç dəxli var, guya ərizə yazıb xahiş eləmişdim. "Minvod göyərtisinin, Rostov dondurmasının dadını nə verər"- bu da ədəbiyyat müəlliməsinin - anamın- şablon xatirələrindən sadəcə bir epizoddur. Kişinin qızı müalicəyə gedirmiş, məni doğmaq üçün. Hər dəfə "minnət monoloqunu" əzbərdən deyəndə heç tükümün də tərpənməməsi onu dəli edir.

Ədəbiyyat müəlliməsi -anam- istəyir ki, bu "monoloqdan" sonra mən kövrəlim. Nəhayət, beş il fizika müəllimi - atamı, ədəbiyyat müəlliməsi - anamı, gəzdirəndən sonra dünyaya gəlmişəm.

Boynum əyridir, amma sifətdən atama oxşamıram. Babam atadanqalma iki qızıl onluğunu mənə xərclədi. Müharibənin ac-susuz günlərində arxa cəbhədə nənəm nə qədər məşəqqət çəksə də, qızıl onluqlara toxunmağa əli gəlməyib. Sağ olsun, anbardar Həmidi, yaz-qış bir əlinin kölgəsi daima nənəmin üstünə düşüb, korluq çəkməyə qoymayıb.

Qoca arvadlar Həmidə qənə-qəni rəhmət oxuyurlar. Arxa cəbhədə Həmidin gecə-gündüz əlləşməsi hesabına ərsizliklərini hiss etməyiblər.

Babam Cəbrayıl rayonunun Minbaşlı kəndindən Berlinə qədər döyüş yol keçəsə də cəmi bir dəfə barıt iyi duyub. Onda da yaralanıb. Uzun müddət Polşada qospitalda yatıb, necəsini bilmirəm.

Berlin divarlarının qırıntılarını kibrit qutusuna yığıb turistlərə suvenir kimi on dollara satan xalqın nümayəndəsinin əlində qospitalda mümkün qədər çox yubanmaq nə çətin işdir? Ömrünün sonuna qədər qospitalda polayak qızıyla öpüşməsindən danışdı - ağzı və gözləri sulana-sulana.

Nənəm də deyirdi: "Sən orada kef çəkirmişsən, sağ olsun ambardar Həmidi, bir əli üstümdə olmasaydı acından ölərdim". Allah rəhmət eləsin! Heyf, babam polyak qızıyla evlənsəydi, indi mən də polyak ədəbiyyatı müəlliməsinin oğlu olardım.

Ədəbiyyat müəlliməsi - anam - evdə şagird hazırlayırdı. Birinci dəfə bizə gələndə ədəbiyyat müəlliməsinin anası kimi evdə xələt geyməsi Zibil Bəşirin oğlu Məhəmmədi yerindəcə qurutmuşdu. Şagirdlər müəllimlərin yemək yeməsini, yatmasını, tualetə getməsini təsəvvür edə bilmirlər. Bir ay gəlib-gedəndən sonra Zibil Bəşirin oğlu Məhəmmədin gözləri anamın -ədəbiyyat müəlliməsinin- evdə xələt geyməsinə öyrəşdi.

Ləqəblər rayon yerində adamın peşəsindən əməlindən, kompleksindən, xasiyyətindən xəbər - verir. Məsələn, ana tərəfdən babama "peçat" ləqəbi qoyublar. Notariat kontorunun müdiri vəzifəsində işləyəndə sənədlərlə bərabər, iyirmi yaşlı katibəsini də hərdən möhürləməyi unutmurmuş. Sovet hökuməti işdə məişət pozuntusuna yol verənləri bağışlamırdı.

Mitilini atıblar bayıra. Öləndə "kişinin başına nə gəlirsə, dililə, şeyinin ucbatından gəlir" sözlərini başdaşının üstünə yazılmasını vəsiyyət elədi. Anam dedi camaatdan ayıbdır, yoxsa oğlu - dayım- kişinin vəsiyyətini yerinə yetirəcəkdi. Çox mübahisə etdilər. Axırda kişinin qəbri başdaşısız qaldı.

Zibil Bəşir nişanlı vaxtlarında tez-tez qızgilə gedib arada sevgilisini zibil maşınıyla gözdən uzaq yerlərdə gəzdirərmiş. Adi yaz günlərinin birində Bəşirlə sevgilisi zibil maşınında gəzintinin zibilini çıxardırlar.

6-7 aydan sonra qızın göz deşən fiziki göstəricisi Bəşiri tələm-tələsik toy mağarı qurmağa məcbur edir. Bir gün uşaqlar küçədə futbol oynayanda Zibil Bəşirin oğlu Məhəmmədin vurduğu top qonşunun pəncərə şüşəsini sındırır. Dul arvad Xədicə başını şüşəsi sınıb yerə tökülmüş pəncərədən çıxardıb uşaqlardan topun hansı it balasının vurduğunu soruşur.

Hamı Zibil Bəşirin oğlu Məhəmmədi göstərir. Arvad başını bulayıb qışqıra-qışqıra deyir: "Zibil maşınında əkilən uşaq bundan artıq olmayacaq ki... "

Anam - ədəbiyyat müəlliməsi- ləziz yeməklər bişirməyi və "Biləcəri stansiyasında dayanan, fəhlə yoxluğundan boşaldılmayan vaqonlar" boyda bizə dəyərli sözlər miras qoymuş babalarımızdan uzun-uzadı sitatlar gətirməyi xoşlayır.

O, xalqımızın zəngin mətbəxə, folklora sahib olması ilə fəxr edir. Fizika müəllimi - atam, ədəbiyyat müəlliməsinin - anamın- bişirdiyi ləziz yeməkləri birnəfəsə gözünə təpsə də bunun əksini deyir: xalqın zəngin mətbəxə , folklora malik olması onun inkişafdan qalmasına sübutdur, bizim babalarımız iş görmək əvəzinə oturub sözləri bir-birinə calaq etməklə məşğul olublar.

Hətta söylədiklərinə özləri belə əməl etməyiblər, nənələrimiz isə fikirləşiblər, görəsən dana əti noxudla bişəndə yaxşı dad verər, yoxsa lobyayla. İnkişaf etmiş xalqların mətbəxi, folkloru çox kasıbdır, biz isə hansı kolu qaldırırıq altından böyük qəhrəmanlıq, nakam məhəbbət dastanı çıxır, yanında da yemək resepti. Anamla atam, ədəbiyyat müəlliməsi ilə fizika müəllimi arasında belə polemikalar daha çox badımcan dolması yeyəndə qızışır.

Müntəzəm arıqlayıb kökəlməkdən boşalmış iri döşlərinin üstünə başımı qoyanda, Aynadan, biologiya müəlliməsindən soruşuram:
- Uşaqlar səni məktəbdə necə çağırırlar ?

Şagirdlərin gündəliyinə qanı qara olanda iki, kefi göynən gedəndə beş qiymət yazan barmaqları ilə alnamı çırtma vurub üstümə qışqırır. İki ildir həftədə bir dəfə görüşürük. Qısqanmamaq, bir-birimizin işinə qarışmamaq əvvəlcədən kəsdiyimiz şərtlərdir.

Doğrusu, Aynanın, biologiya müəlliməsinin sifət və bədən qurluşu zövqümə uyğun deyil. Döşləri iri olsa da, budları bədəninə görə çox arıq görünür. Mən, əsil şərq kişiləri kimi yupyumru şişman qadınları sevirəm. Qəbiri başdaşsız qalan, notariat kontorunun sənədləri ilə bərabər iyirmi yaşlı katibəsini də möhürləyən babam həmişə deyərdi: "Fransız arvadını vuranda bütün günü əli ağrıyır, azərbaycanlı isə arvadını vurub işə gedir. Axşam evə qayıdanda görür ki, arvadın bədəni hələ də titrəyir".

Sual tərəfimdən bir də təkrarlanır. Ayna cavab vermək əvəzinə həmişəki kimi özündən uydurduğu əhvalatı danışır: "İnkvizasiya dövründə varlı əyanlar üçün Məryəm Ananın alter-eqoları hazırlanan sərt rejimli monastırların birində qəribə hadisə baş verir.

Qaba yundan paltar geyən, ən zəif yeməklərlə qidalanan rahibələrdən birini Allahın insana bəxş etdiyi ali hiss rahat buraxmır. Bir müddət müqavimət göstərsə də həyat virtual tərzdə aşılanmış süni hisslərə qalib gəlir, rahibəni ayda bir dəfə monastıra odun daşıyan arabaçının altına yıxır. Hamilə qalıb işin mahiyyəti üzə çıxanda baş rahibənin "kimlə günah işlətmisən" sualına "mən müqəddəs ruhdan hamilə qalmışam" cavabı verir.

Yəqin monastırda belə hadisələr tez-tez təkrarlanırmış. Qoca rahibə deyir: "Biz on dörd əsrdir insanları bir nağıla inandıra bilmirik. Birini də sən özündən uydurma". Mən qadın oldum, amma arvad ola bilmədim - bu Aynanın həyat loqotipidir. Uşaqlar səni məktəbdə necə çağırırlar? Cavab əvəzinə Ayna şagirdlərə ovqatına uyğun qiymət yazan barmaqları ilə alnıma çırtma vurur.

Şagird müəllimi adı ilə çağırmaz. Şagirdlər müəllimin yemək yeməyini, yatmağını təsəvvür edə bilmirlər, gəl ki, lüt soyunub kişi ilə yataqda sevişməsi ola. Elə düşünürlər, Aynanın uzun barmaqları yalnız onlara qiymət yazmaq üçün yaranıb. Daha bu barmaqlar qırmızı yazan qələmdən savayı heç nə tuta bilməz, məsələn, hər hansı kişinin qırmızı qanla dolmuş cinsi orqanını. Şagirdlərin təsəvvür belə edə bilmədikləri səhnələr məni dəhşətli dərəcədə ehtirasa gətirir.

Ayna qəribə qadındır, həmişə orqazm anında asqırır.

- Yaxşı da, cavab ver, şagirdlər səni məktəbdə necə çağırırlar?

Başım yenə cırtma yeyir...
XS
SM
MD
LG