Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:42

20 milyonluq abadlıq


Prezident İlham Əliyev Bakının Parlament və Mehdi Hüseyn küçələrinin əsaslı bərpa və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olur, 17 sentyabr 2009
Prezident İlham Əliyev Bakının Parlament və Mehdi Hüseyn küçələrinin əsaslı bərpa və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olur, 17 sentyabr 2009
«AYRILAN PULLARIN TƏYİNATI İLƏ BAĞLI MƏLUMAT YOXDUR»

Bakıda abadlıq işlərinin sürətləndirilməsinə daha 20 milyon manat ayrılmasıyla bağlı prezident sərəncam imzaladı. İndiyə qədər paytaxtın abadlaşdırılmasına və mənzil-kommunal təsərrüfatının yaxşılaşdırılmasına elə də az vəsait ayrılmayıb. Misal üçün paytaxtın mənzil-kommunal təsərrüfatının maddi-texniki təchizatının yaxşılaşdırılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) 2006-2007-ci illərdə 25 milyon, 2008-ci ildə isə 14 milyon manat vəsait ayrılıb.

Şəhər İnkişafı Mərkəzinin rəhbəri Fuad Cəfərli deyir ki, ayrılan pulların təyinatı ilə bağlı məlumat olmadığından həmin vəsaitin hara və necə xərclənməsi barədə konkret bir fikir söyləmək çətindir:

«Təyinatı olsaydı, deyərdik ki, bu vəsaitə nə qədər iş görülüb və nə qədər görülə bilər».

Amma F.Cəfərli Bakı kimi böyük şəhər üçün 20 milyon manatı o qədər də çox saymır. Mərkəz rəhbərinə görə, həmin vəsaitə yalnız paytaxtın mərkəzini abadlaşdırmaq olar. Amma ekspert hesab edir ki, icra hakimiyyətinə 20 milyon manat ayrılması o demək deyil ki, həmin vəsaitin hamısı indi aparılan abadlıq işlərinə sərf ediləcək. Onun fikrincə, ola bilər ki, həmin pulun bir hissəsi indiyə qədər görülən işlər üçün ödənilsin.

«20 MİLYARD VƏSAİT LAZIMDIR»

Qaldı kı bütün paytaxtın abadlaşdırılmasına, Fuad Cəfərli düşünür ki, buna milyardlarla vəsait gərəkdir:

«Lap infrastrukturdan başlamış ən son nöqtəyə qədər, rus dilində deyildiyi kimi, «pod klyuç» təhvil verilməsi üçün 20 milyon yox, 20 milyard vəsait lazımdır».

Bakı Şəhər İcra Hakimiyyəti isə indiyə qədər ayrılan pullara nə qədər iş görüldüyünü və son vəsaitin hansı təyinat üzrə xərclənəcəyini açıqlamır.

Amma bu ilin mayında keçirilən Gül bayramına 20 milyon manat vəsaitin ayrıldığı barədə qəzetlərin yazdığı məlumatları təkzib edən BŞİH-in ictimai-siyasi şöbəsinin müdiri Zaur Ramazanov bildirmişdi ki,
Fuad Cəfərli
20 milyon manat az məbləğ deyil, həmin pula bir mikrorayon salmaq olar.

«ÜSTÜ BƏZƏK, ALTI TƏZƏK»

Fikirlərini öyrəndiyim paytaxt sakinləri isə hesab edirlər ki, indiyə qədər ayrılan pullara nəinki mikrorayon salınmayıb, heç paytaxtda sona qədər abadlıq işlərinin aparıldığı elə bir küçə, prospekt də tanımırlar. Sakinlər deyirlər ki, onların gördüyü ən çox abadlıq işləri hələ ki, Heydər Əliyev prospekti ətrafında getməkdədir:

- Mən hesab edirəm ki, görülən abadlıq işləri çox aşağı səviyyədə aparılır. İşlər ayrılan pulların 50 faizinin mənimsənilməsilə görülür. Abadlıq işləri aparılan küçələrdən bir neçə metr aralı olan küçələrə baxın, görün hansı haldadır. Necə deyərlər, üstü bəzək, altı təzək.

- Bizim məmurlar üçün 20 milyon azdır. Hardasa 50-100 milyon bəlkə bəs edərdi. 20 milyonun heç 5 milyonunu yollara sərf eləmirlər. Əslində abadlaşdırma adıyla o pulların çoxu mənimsənilir.

- Qəzetlər də yazır, bunlar hamısı çirkli pulların yuyulmasıdır. Bir yolu düzəldirlər, açılışı olur, üç gün sonra da təzədən sökürlər, bunun harası abadlıq oldu? Yəni başdansovdu edirlər ki, pullar silinsin. Ümumiyyətlə, ayrılan pullara uyğun abadlıq işləri görülmür, hardasa həmin vəsaitin yarısı mənimsənilir.

BÜDCƏ VƏSAİTİ HESABINA ALINAN BAHALI KOL VƏ AĞACLARDAN ƏSƏR-ƏLAMƏT QALMAYIB


Bakının Xətai rayonunda dekorativ bitkilər satan Vüqar Əliyev isə abadlıq işlərinin bir qədər plansız aparıldığını düşünür. Onun dediyinə görə, Xətai prospektinin asfaltı bir neçə dəfə dəyişdirilib və hər dəfə də yolların ətrafına bahalı dekorativ kollar, ağaclar əkilib. Amma üstündən heç bir il keçməyib, indi həmin prospektdə yenidən asfaltlama işi aparılır. Büdcə vəsaiti hesabına alınan bahalı kol və ağaclardan isə əsər-əlamət qalmayıb, həmin prospektdə biri 8 min manata alınan palma ağacları isə baxımsızlıq üzündən çoxdan quruyub.

Hələ bu ilin əvvəlində YAP-çı deputat Səyavuş Novruzov da büdcədən ayrılan pulların təyinatı üzrə xərclənmədiyini söyləmişdi. Bakıya yağan yarım saatlıq yağışdan sonra paytaxtda hərəkət etməyin mümkün olmadığını bildirmişdi.
XS
SM
MD
LG