Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:46

Aydın Xan "Marşurut taksi sürücüsünün günlüyü..." (Manyak deyil!!!)


“Çağdaş ağrıların sözlüyü” silsiləsindən

“İndikilərin başına gətirdiklərimiz
gələcək nəsillərin ruhlarında çatlayacaq...”

Yazmadığım araşdırmamım ilk, həm də son cümləsi

“İnsan: kimdirsə, eləcə də sayğılandır onu...”
“13-lər Kitabı”mdan

Obaşdan, saat 05 30

- Hələ it qızına dedim ha: nə olsun ki, gəncəm, 21 yaşım var, canım sulu, qanım qaynardır, səhər erkən oyana bilmirəm axı...

Hökmən idi onu üç dəfə göylərə qaldırım.... Xeyir ola, ata-anasına borcluyam, yoxsa seks-maşın işləyirəm... - Kirayədaşımın - “Oyan, ə, işə gecikirsən!” – xəbərdarlığına dodaqaltı deyindim. Nə edim, indi əlimdən yalnız deyinmək gəlir...

Mən rayondan Bakıya işləməyə gəlmişəm, kənd uşağıyam, Bakının saysız-hesabsız avtobus marşurutlarının birində sükan fırladır, təkər oynadıram: əvvəllər yük maşını kimi istehsal və istifadə edilmiş, indi isə hansısa məmur tərəfindən ölkəyə idxal olunaraq Gəncədə içinə əl gəzdirilən, guya çoxtutumlu ictimai nəqliyyat vasitəsinə çevrilmiş köhnə “Mersedes” maşınının günəmuzd sürücüsüyəm.

İşlədiyim hər gün köhnə pulla 30 şirvan kirayə götürdüyüm maşının və yolun sahibinə, 3-4 şirvan tibbi müayinəyə, 7 şirvansa dizel yanacağına, bir iki şirvan dayanacaqlarda nəzarətçilik, eləcə də sərnişinçağıran vəzifəsini yerinə yetirənlərə, əgər bəxtim gətirməsə, 5-6 şirvan da yol polisinə verəndən sonra saat altıdan gecə saat ikiyə qədər təkər fırlatdığım, dizlərimin taqətini, gözümün qarasını, başımın sinirlərini gərildən, səbrimi daraldan, ömrümü dəfələrlə qısaldan bu "vəzifəmdə" mənə beş-on şirvan pul qalır.

Onu da, əgər qadınlara xərcləməsəm, mobil telefonum üçün kontur almasam, dostlarımla kafedə yeyib-içməyi saymasam, ayın o başında ödəməli olacağım kirayə haqqına, maşının xırda-para təmirinə görə atıram qırağa...

Səhər sübhdən, saat 06 00


Tibbi müayinənin pulunu gecədən ayırmışdım, süftə etməmiş uşaqlardan iyirmi qəpik aldım, sonra kənara qoyduğum məbləği lazımi şəxsə verdim: fitrə olsun, başıma sədəğə...

Həmişə belə olur, gecə qadınbazlıq edəndə, hərdən-bir seviş məsələsində ağını çıxaranda, səhərlər tezdən yuxudan ayıla bilmirəm, işə gecikirəm, həm də belim ağrıyır, sanki qollarıma, ayağlarıma bir tonluq daşlar bağlayırlar.

Dünən maşında cib telefonumun blütüz funksiyasını açıq saxlamışdım. Yaraşıqlı bir qadınla tanış oldum, özü nömrəmə ismarıc atıb gecə saat birdə məni yaşadığı şəhərin qırağındakı məhəlləsində gözləyəcəyini yazmışdı.

Bu gecə görüş yerinə gedib çatanda, təəccübləndim, hər iş günü səhər saatlarında maşınıma qədəm qoyan sərnişinin tanış simasını gördüm: əvvəlcə az qala özümü itirəcəkdim, amma sonra, türklər demişkən, kəndimə qayıtdım...

“- Bilirsən, hər dəfə sənin idarə etdiyin avtobusa daxil olanda, içimdə bir istək alovlanırdı: görəsən bu qarabuğdayı, enlikürək, baxışlarından intimlik yağan oğlanla yataq bölüşmək xoşbəxtliyi mənə qismət olacağmı?” – deyə ərindən altı ay bundan öncə ayrılmış, bu müddət ərzində əsl kişi üzünə tamarzı, sevgisinə həsəd qalmış qadının şeytansayağı dil tökməsi məni yolumdan azdırdı və növbəti dəfə belindən qucaqlayıb elə maşının arxa oturacağındaca onu ikinci kərə göylərə ucaltdım.

Sevgi, xüsusən də seviş məsələsində öz normamı əla bilirəm: iki dəfə bəsimdir, amma gecə mələyimin son sözləri - “Dörd aydır ki, mən yuxuda səninlə ancaq belə vəziyyətdə sevişirəm...” - və erotik filimlərdəki kimi yalnız dodaqlarıyla odlu hərəkətlərə keçməsinin qarşısında aciz qaldım.
Bunu sizə boyun oluram, bir başqasına deməyəsiz ha, nəinki Bakı, hətta Azərbaycan da balaca yerdir, gedər kənddə sevgilimin qulaqlarına çatar bu xəbər, məhəbbət böhranı keçirərəm... .

Görüşdən qabaq bədənimi su altında yaxşışa yumuşdum deyə, utanıb eləmədən qadının dodaqlarının paçamın arasında gəzdirməyinə etiraz etmədim: yoxsa, 16-17 saat maşında oturduğumdan bütün əzalarım tər-su içində olur, yuyunmasaydım, kəskin qoxumdan yazıq qız boğulardı...
İndi ölə-ölə maşınımı işə salıram...

- Nədi, qaqa, yenə axşam ovuna çıxmışdın? – dostlarımın zarafatına cavab verməyə belə canımda taqət qalmamışdı. Az yatdığıma görə gözlərim şişmişdi...

Alatoranlıq, saat 06 30


“- Balaca, qurbanın olum, gir qanımın arasına, gəl yardım əlini uzat qardaşına. Bu gün yanımda ol ki, yuxu huşumu aparmasın, kiminsə maşınını əzməyim...” – iş günlərində, sərnişin bol olan zaman mənim pulyığanım kimi çalışan 13 yaşlı, "Balaca" ləqəbli dostum Eminə telefon açıram.
Balacanın mobil telefondan eşidilən yeniyetmələrəxas şaqraq səsi az qala beynimi dağıda:

“- Sən nə danışırsan, Anar əmi, bu gün sentyabrın on beşidir, məktəbə getmək lazımdır, dərslər başlanır. Atam bilsə ki, məktəbə getməmişəm, ilk dərs gününü buraxmışam, məni öldürər.

Yox, yox, bir də yox, dərsə getməliyəm. Üz göstərmə, kömək edə bilmərəm!!!” – vicdansız, qiymətini qaldırır, guya dərsə gedib alim olacaq mənim üçün... Hər dəfə belədir, adi günlərdə ona bir şirvan verirəm, belə vaxtlarda isə əlacsız qalıb məzənnəsini qaldıran kimi o dəqiqə razılığını verir...

“- Yaxşı, məzələnmə mənimlə, bu gün sənə iki şirvan verərəm. Əlavə olaraq dostlarımın cib telefonuma yüklədiyi yeni efir videoklipi də köçürməyə də icazə verərəm...”

“- Anar əmi, and iç ki, dediklərini edəcəksən. Odəfəki kimi aldatmazsan?!”

“- Yekə oğlansan, birdən-ikiyə sözümdən qaçmışam?!”
“- Hərdən yolundan azırsan da, bəziləri kimi...”

Bu oğlan əsl çənədir: o qədər danışar, baş-qulağımı elə aparar ki, heç fasilədə mürgüləyə də bilmərəm.

Bir özünüz fikirləşin də: keçid dövrünü yaşayan, ağlındakı "pis-pis" fikirlərdən, ucuz və işlənmiş mobil telefonunda kinoulduz və model qızların şəkillərindən başqa bir şey barəsində ciddi düşünməyənlə bütün günü cənə-boğaz olmağın dəhşətini yalnız marşurut taksisi sürücüləri bilər...

Amma nə qayırım, belə daha yaxşıdır.

Səhər çağı – ertədən, saat 07 00

Günün belə vaxtlarında sərnişin seyrək olur: çoxlarının simasında isə gecə gördükləri yuxuların əksi hələ çəkilmir. Hərdən xoşlayıram ki, onların bəzilərinin içindəki yaşantıları təsəvvürümə gətirim.

Bax, bu qarı millətcə rus, ya da ermənidir: saçlarına qırmızı rəng qoymaqla deyil ki. Pensiyasını alıb yəqin və üz tutub şəhərin müxtəlif ticarət obyektlərinə - harada ucuz mal görəcəksə, onu satanla bir saat mübahisə edib qiyməti və satıcını sındıracaq, gününü beləcə maraqla başa vuracaq...

O qoca kişi Dənizkənarı parka üz tutub: əgər orada boş yer tapsa, özü kimi təqaüdçülərlə nərd, damino oynayacaq, tum satan yaşlı qadınlarla məzələnəcək, ölümünə bir gün də yaxınlaşacaq. Söz yox, əgər parkda guya təmir üçün hazırlanan, çəpərlənməyən guşə tapacaqsa.

Deyirlər, oktyabrın 15-də keçirilməsi nəzərdə tutulan növbəti prezident seçkiləri ilə əlaqədar hökumət insanların Bakı mərkəzində toparlaşmamasından ötrü belə sadə bir yolu seçib...

Bu xanım isə, çox güman, gecə öz həyat yoldaşından narazı qalıb - simasından, bir də yol boyu kişilərə işvəylə nəzər atmasından hiss olunur...

Bayaqdan yarıyuxulu vəziyyətdə yol gedən, iri sinələrinin dar paltarından bayıra atdanmağının fərqində olmayan, bununla da kənddən paytaxta yenicə gəlmiş kasıb tələbənin baxşıları tərəfindən intim nizələnməyə məruz qalan qadınısa üçüncü mikrorayon körpüsündə can satan yerdə bir dəfə özüm - onda şəhərə təzə-təzə öyrəşirdim - sınaqdan keçirmişəm...

- Ay oğul, zəhmət olmasa burada saxla...

- Bibi, bəlkə səni yaşadığın mərtəbəyə qədər aparaq... - Balaca heç dilini dinc saxlamır da...

- Yekə oğlansan, Ramazan ayında da adam yaşlı insanların qəlbinə toxunan söz işlədər...

İnsanların bəziləri hirsli, çoxları səbirsiz, digərləri susmağı xoşlayır, tək-tükü demaqoqluq edir, ayrı-ayrı şəxslər isə xoş sözlər eşitmək istəyir...
Bax, indi bu qalstuklu kişini özündən çıxarmaq məndən ötrü su içmək kimi asandır. İnanmırsız, tamaşa edin: qəfildən ayaqlarımı əyləcə basıram və hər dəfə olduğu kimi, o mənimlə deyinməyə başlayır... Sonra da məmurların qarasınca danışacaq, Avropa dəyərlərini reklam edəcək...

“- Ay oğlan bir az asta sur, mədəni ol,” – gördünüz, dedim axı o kişi həmin dəqiqə başlayacaq: - “Kartof kisəsi daşımırsan, ictimai nəqliyatla adamları mənzil başına aparırsan. Haçan öz şəxsi maşınını sürsən, onda istədiyin kimi idarə edərsən...”

Balacaya imkan verirəm ki, hirsli sərnişinin səbrini qaynatsın:

- Nə olub ki, dayday, qabağına piyadə keçdi də...
Kişi mənim canımdan əl çəkdi, düşdü uşağın canına:

- Bura bax, sən niyə dillənirsən, vəkillik etməkdənsə, burda pul yığmaqdansa, adam balası kimi məktəbə yollan, insan ol... Andropov dövründə yaşasaydıq, bu sürücünü də, sənin valideynlərini də, məktəbdəki müəllim və direktoru da, marşurut yiyəsini də, hətta əlaqədar vəzifə sahibi olan məmurları da basmışdılar dama...

Həmişəkindən fərqli olaraq, bu dəfə başqa sərnişinlər də xorla ona qoşulmadılar, yoxsa yarıyuxulu halda olduğumdan qulağıma başqalarının etiraz səsləri gəlmədi...

Əsl səhər vaxtı, saat 08 00

“- Boş yerlər, gəlin, yola düşür! Poltexnik, “Speys” televiziyası, 20 saylı məktəb, Fəxri xiyaban, Şəhidlər, Baksovet... Gəlin, buyurun, xanım, elə bu dəqiqə yola düşür.” – bir ağız reklamından sonra nəzarətçi başını maşının salonuna soxub mənimlə salamlaşdı və ardınca da: “- Anar, qardaş, bizi tamam unutmusan ha...”

Bir manat da bu havayıyeyənə uzatdım, “çoxsağol” əvəzinə:

“- Qaqa, qabaqkı maşın çoxdan gedib, sənin vaxtındır, daldakı özünü cıra-cıra yetirir. Yola düş də!!!” – cavabından nə mən razıyam, nə də pulyığan balaca. Yolun əsas hissəsini – sərnişinlərin bol olduğu tərəfləri keçmişik, heç bir şirvan da yığa bilməmişik, hardan məmnun olacağıq ki...

Günəşlə səhərin sevişdiyi vaxt, saat 09 00

Səhər yeməyi əvəzinə mənlə balaca adama toyuq dönəri ilə bir şüşə ucuzvari sərinləşdirici içki ötürdük içəri: ac qarına ləzzət verir. Hərdən ət dönərin mal və eşşək cəmdəyindən, toyuq dönərinin isə toyuq budundan hazırlandığı barədə şəhərdə çoxdan dolaşan söz-söhbət yadıma düşəndə ödüm ağzıma gəlir...

Amma əlacsızlıqdan yenə də toyuq dönəri ilə aclığıma qalib gəlmək istəyirəm...

...Yaman ilişdim, yol polisi maşınının dalımca haçan düşdüyünü bilmədim, düz qadağanedici nişanın yanında, dayanacaqdan kənarda saxladığıma, həm də iki sərnişindən alacağım 40 qəpiyə görə on manat “dala düşdüm”. Yol polisi əməkdaşına yarım saat dil-ağız tökdüm ki, maşınımı cərimə meydançasına aparmasınlar, rəsmi protokol yazıb, məni böyük məbləğdə pulla cəzalandırmasınlar.

Mən hələ onları inandıra bildim ki, gözlərim araq içdiyimə, yaxud nəşələndiyimə görə deyil, gecə az yatdığımdan şişib. Düzdür, bütün bu həngaməyə görə şəhər yol polisi idarəsində çalışan həmkəndlimə zəng etməliydim, çoxlu sim-kontur xərcləməliydim: hələ üstəlik, məndən sonrakı maşınların ikisini qabağa buraxmalı, avtobusdakı tək-tük sərnişinimi də itirməli oldum.

Bəlkə də bəxtim onda gətirdi ki, bir azdan - saat ondan sonra bu yoldan prezidenti aparan maşın karvanı keçəcəkdi deyə, yol polisi əməkdaşları küçəni boşaltmağa tələsirdilər...

Neçə dəfə söz vermişəm ki, dayanacaqdan kənarda maşın saxlamayım, yenə də iradəsizlik göstərirəm, özüm-özümlə bacara bilmirəm.... Yarıyuxuluydum deyə, arxaya lazımınca baxa bilməmişdim, diqqətim yayınmışdı, axırı da belə problemli qurtardı. Alın qanıyla qazandıqlarım bir anın içində getdi yol polis əməkdaşlarının cibinə: haramları olsun...

Gün keçən zaman, saat 12.20

- Anar əmi, mən artıq özümü saxlaya bilmirəm, bir yerdə maşını əylə, boşaldım da...

Balaca, elə biz sürücülər də kiçik işimiz olanda dalanlardan, bağlardan – ağacların dibindən yararlanırıq: bu dəfə isə seçkilərlə bağlı dairə seçki məntəqələri tərəfindən adamların keçdiyi yerlərdə torpağa sancılan lövhələrin birindən azca aralı saxlayıram maşını...

Balaca tez-bazar qaçıb özünü elə o tərəflərdəcə yüngülləşdirir: əslində özümün də təbii təlabatımı ödəmək vaxtıydı, amma vaxtın darlığından bunu sonraya saxlayıram...

Tezdən günorta vaxtı, saat 13 30

Balacayla qəlyanaltı eləməliyik: tanış dükandan ucuz, Bakının müxtəlif kiçik firmaları tərəfindən istehsal olunmuş və üstündə Qafqaz Müsəlmanları Rühani İdarəsinin xüsusi - "Halaldır" damğası vurulmuş kolbasa (yalan yazanın atasına lənət!!!), çörək, qazlı süfrə suyu alırıq, elə maşındaca qəzetdən süfrə salırıq. Aldığımız nemətləri ora düzürük.

Şirin-şirin yeyən zaman, qəzetin qoşa səhifəsindəki xəbərlərin başlıqlarını gözdən keçirirəm.

“Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası prezidentliyə yeddi nəfərin namizədliyini qeydə alıb...” – Birini yaxşı tanıyıram, bəs digər altı nəfər kimdir görəsən?

“Lənkəranda onuncu sinif şagirdi qısqanclıq zəminində sevdiyi qızı bıçaqlayıb...” – İlahi, insanlar nə yaman qəddarlaşıb, o gün olmur ki, onlarla şəxs bir-birini qırmasın, ya da müxtəlif intihar xəbərləri şəhərdə yayılmasın...

“ABŞ rəsmiləri xəbərdarlıq edir: Rusiya Gürcüstandan sonra Azərbaycana hücum edəcək...” – Bu neft hələ bizim qanımızı çox qaraldacaq.
“Türkiyə prezidentinin Ermənistana səfəri birmənalı qarşılanmayıb...” – Bu da yeni böyük qardaşımızın sədaqəti...

“İşbazlar məmurlarımıza iri məbləğdə pullar atıb aradan çıxıblar...” – Oğrudan oğruya halaldır...

“Azərbaycan Xalq Cəhbəsi Partiyası növbəti dəfə parçalandı...” – Bu məmləkətdə prinsipial bir şey qalmadı, pul çoxlarını sındırdı...
- Ə balaca, bu qəzeti cır tulla, başımızı ağrıtdı, gözümüzün qarasını apardı...

Günün ortası, saat 14 30

Sərnişinlərin çoxunu yaxşı tanıyıram, hətta elələri var ki, artıq mənə doğmalaşıblar. Hər hansısa iş günlərinin birində öyrəşdiklərimdən kimisə görməyəndə, ürəyim sıxılır, özümü birtəhər hiss edirəm.

Mənim arxamda oturan, bir qulağına sırğa taxmış, uzun saç saxlayan, həmişə də qulaqcıqlarla xarici musiqi dinləyən gədə, yaxud başındakı qara yaylığı heç vəcdə çıxarmayan qız, məktəbə gedərkən şit-şit zarafat edən yeniyetmə şagirdlər, nəvazişli baxışlarıyla qəlbimi ovsunlamış yaraşıqlı qadın, minən kimi kef-əhvalımı soruşan yaşlı kişi, eləcə də digərlərinı necə doğma saymayım özümdən ötrü?..

İndicə qabaqkı maşının sürücüsü ilə az qala əlbəyaxa olmuşdum, tanışlar güc-bəlayla bizi ayırdılar. Bu alçaq bu gün artıq ikinci dəfədir ki, vaxtıma girir. İşi-gücü sanki məni gözləməkdir. Mən gəlib dayanacağa çatan kimi ayağını basır qaza, olan-qalan tək-tük sərnişinləri də qamarlayıb aparır...

Yorğun günorta - axşama yaxın, saat 15 30

Uşaqlar mənə zəng edib bildirdilər ki, metronun Elmlər Akademiyası dayanacağı ətrafında polislər, video çəkiliş aparmaqla, xüsusi reydlər keçirirlər. Müəyyən edilmiş marşurut dayanacağında saxlamayan, sərnişinləri ayaqüstə daşıyan, eləcə də qeyri-standart avtobuslardan boşaldıb maşınları cərimə meydançasına aparır, yerindəcə protokollaşdırıb sürücülük vəsiqəsini sürücülərin əlindən alırlar.

Odur maşınımı marşurutuma uyğun dayanacağa deyil, yan küçəyə sürmək məcburiyyətində qalıram.

Əvəzində isə maşındakılar haqlı narazılıqlarını yüksək səslə dillərinə gətirirlər. Mən yüz faiz əminəm ki, boğazını ən çox yırtan, güya qanuni haqqını tələb edən bir neçə nəfər avtobusdan düşəndə pul verməyəcəklər.

Elə düşündüyüm kimi də olur. Hətta balaca pulyığanım da dilə gəlir:
- Elə bil atalarına borcluyuq, haramınız olsun...

Sonra da qabaqdakı və arxadakı maşınlarla, az qala, ralli yarışına çıxmağa məcbur oluram: əlbəttə, təkəm-seyrək sərnişinləri ələ keçirmmək üstündə özümüzü qırırıq. Salondakı bəzi sərnişinlər isə yenə təpki göstərirlər:

- Ay sürücü, avtoşluq etmək olmaz axı...

Axşam ərəfəsi, saat 17 00

Danışdıqlarımdan elə nəticə hasil olmasın ki, mənim çalışdığım sahə maraqsız, canyorucudur, xeyr!
Gəlin elə indicə avtobusda baş verən hadisəyə nəzər salaq...

Arxada oturan 30-33 yaşlı qadın birdən çığırır:

- Aaa, sən nə edirsən, ay qız? – və ayaq üstə qalxıb cəld qabağa addımlayır.
- Bağışlayın, mən bilə-bilə etmədim, uşağın urəyi getməsin deyə, üzünə su çilədim...

- Necə yəni bilmədim, şüşəni pencərədən kənara çıxarıb içindəki suyu üstümə səpməyin azdır, hələ üstəlik özünü təmizə də çıxarırsan... – deyə hirsli qadın əl çantasından kağız dəsmal çıxarıb qolunu silə-silə o biri sərnişinə acıqlandı.

Maşındakı digər iki yaşlı qadın isə onların arasında sülh yaratmağa çalışırlar. Hirsli xanım növbəti dayanacaqda deyinə-deyinə maşından düşür. “Günahkar” isə bilinmir özü-özüylə danışır, yoxsa sərnişinlərə dərdini eşitdirir:

- Mən yazıq nə edim. Ərim Rusiyaya iş dalınca gedib. Bir ildir ondan xəbər-ətər yoxdur. Mən də qalmışam üç balaca tifillə kirayələdiyim yarızirzəmidə yerləşən mənzildə. Özümüm də zobum var... - deyə əli ilə şişmiş boğazını göstərir: - Bir yerdən dayağım yox, atam-anam sağ olsaydı, dərdimi onlarla bölüşərdim, barı bacım-qardaşım qalsaydı, mənə həyan olardılar...

Sərnişin qadınlardan biri dilləndi:
- Bəs nə üçün işləmirsən?

- İşləyirdim, bir dəfə kafedə qabyuyanlıq etdim, ürəyim getdi, çıxartdılar işdən. Sonra çörək sexində bir neçə gün işlədim, oradan da çıxmalı oldum... Bu bədbəxtləri saxlamaq üçün nəsə etməliyəm, ya yox?

O biri qadın da mərhəmət duyğuları ilə söhbətə qoşuldu:

- Sən nə danışırsan, bu azarla isti təndirxanada işləyə bilərsən? Bəs nə üçün yardım üçün icra hakimiyyətinə, ya da əlaqədar orqanlara müraciət etmirsən.
- Hər yerə getmişəm, başlarından edirlər ki, bizlik deyil, get Prezident Aparatına, onlardan imdad dilə...

- Heç elə şey yoxdur, bu, məmurların işidir, canları çıxsın, vətəndaşın qayğısına qalsınlar...

Sonra da qadınlar türkəçarəliyin sirlərindən söhbət açdılar:
- Bilirsən, sən boğazına çoxlu-çoxlu yod sürt. Bəs niyə əməliyyat etdirmirsən?

- Ay xanım, mən yol pulu tapa bilmirəm, cərrahiyyə əməliyyatı üçün tələb olunan iki min beş yüz dolları haradan əldə edim...
- Yazıq...
- Allah köməyin olsun...
Qadınların hərəsi ona bir manat uzatdı...

- Bayaq marşurutka sürücüsünə deyirəm ki, pulum yoxdur. Konduktoru yumruğu ilə belimdən elə vurdu ki, gözüm qaraldı...
- İndi bəs hara gedirsən?
- İş axtarmağa, heç özüm də bilmirəm haranın külünü töküm başıma...

Avtobusdakı cavan bir oğlan isə düşəndə o qadın üçün də gedişhaqqını ödədi: onsuz da mən o bədbəxtdən pul almaq fikrində deyildim.
Belələri ilə gündə neçə dəfə rastlaşıram.

Bəzisi doğurdan da kasıb və yazıqdır, bir çoxu isə insanların mərhəmət hissləri ilə oynayıb asan pul qazanır.
Elələri də olur ki, yavaşca gedişhaqqı verə bilməyəcəklərini deyirlər, onları başa düşürəm, müsəlmançılıqdı da...

Qürub çağı, saat 19 00

Adamların işdən qayıdan vaxtıdır: şəhərin çolaq ictimai nəqliyyatına əsl sərnişin axını başlayır, gündəlik planın yarısını məhz bu zaman yerinə yetirmək mümkün olur.

Metro və yerüstü nəqliyyat vasitələrində xüsusi canlanma yaranır: kimisi evinə tələsir, başqaları blütuzla qızla tanış olur, digərləri dilənməklə pul qazanır, bəzi manyaklar isə sıxlıqdan bəhrələnərək xalxın qız-gəlininə, əgər cinsi azlığın nümayəndələridirlərsə, oğlan-uşağına sürtüşür, qeyriləri isə xamların ciblərini təmizləməklə qabağa düşmüş olur.

Eyniliklə, avtobus və ictimai sərnişin daşınma vasitələrini idarə edənlərin Əzrayılına çevrilmiş Nəqliyyat Nazirliyinin müfəttişləri sürücülərin, nəqliyyat polis əməkdaşları cibgirlərin, dilənçilərin, xırdavatçılar isə alıcılarının ovuna çıxırlar: bir sözlə şam qarışanda əsl böyük bazar başlanır Bakıda...

Həmin vaxtlar bizim – balacayla mənim ən çox işlətdiyimiz sözlər bunlar olur: “Xahiş edirik mehribanlaşın...", "Sıxlaşın da...", "Arxaya çəkilin!!!", Mümkünsə, dala gedin...”

Sərnişinlərin bəziləri də dilli-dilavərlikdə bizdən geri qalmırlar: “Deyirsən, arxa qapıdan çıxaq...”, “Arxada yer yoxdur, qaqaş...”, “O qədər mehribanlaşdıq ki, avtobusdan çıxandan sonra qohum olacağıq...”

Belədən baxanda, bir-birilərinin ayağını tapdalayan, sözün həqiqi mənasında, bu basabasda biri digərinin suyunu çıxaran sərnişinlərin o cəhənnəm əzabına necə tab gətirdiyinə həmişə heyrətlə diqqət edirəm. Nə etməli, hərənin öz problemi ilə əlbəyaxa olduğu zəmanənin diqtəsi ilə yaşayırıq, özümüzə uyğun hərəkət edirik də...

Əsl axşam, saat 20 30

Yenə vur-çatlasındır, yayın sonunda insanlar sanki sonuncu kərə şəhər mərkəzindəki sevimli Fəvvarələr bağını görməyə axışırlar. Basabasın gücləndiyi bir vaxtda balacanın sıxışdırıldığının şahidi olsam da, əlimdən bir şey gəlmir. Uzunsaçlı gədələrdən biri isə yazığı lap sıxıb qapıya tərəf, uşağın sifəti qıpqırmızı qızarıb. Hərdən fürsət tapıb balacaya diqqət edəndə onun dodaqlarının bəmbəyaz olduğunu görürdüm.

Baxışlarımla ona nəzər salır, sanki soruşuram: “Nə olub ə, sanki maşını çiyinlərində daşıyırsan?” Uşağınsa gözlərində elə bil qan damır: ürəyimdə hiss edirəm ki, nəsə baş verir, özü də o baş verən yaxşı heç nə vəd etmir, ancaq...

Birdən şapalaq səsi eşidirəm, arxasınca da qışqırırlar:

- Əlini çək, üzdəniraq oğlu, üzdəniraq...
- Mən nə etdim ki?..

Əvvəl elə düşündüm ki, yenə cibgirlərdir, son zamanlar onların sayı yaman çoxalıb, özü də dəstəylə minirlər maşına, yalandan basabas salıb sərnişinlərin cib telefonlarını, pullarını çırpışdırıb aradan sivişirlər.

İnsafən, yol pullarını artıqlamasıyla verirlər. Aralarında yaraşıqlı qızlar, gəlinlər də olur. Adamlara yazığım gəlir, hər halda nə iş adamı, nə məmur, nə də varlılar ictimai nəqliyyatdan istifadə etmir, əksinə, kasıb-küsüb, bir də ac ziyalılar daha çox biz avtobus sürücülərinə xeyri dəyir. İnsafən, biz maşının salonunda belə bir elan yapışdırmışıq: “İtmiş əşyalara görə sürücü cavabdeh deyil...” və "Hörmətli sərnişinlər, şəxsi əşyalarınızı cibgirlərdən qoruyun!!!"

Nəsə, maşını əyləyib tez yerimdən sıçrayıram. Cəld qapını açıb avtomobilin qabağından fırlanıram və sərnişinlərin salona girib-çıxdıqları yeganə qapının qarşısını kəsdirirəm.

Qapını açan kimi əvvəlcə balaca, sonra uzunsaçlı gədə çıxır, onların dalınca da o deyinən saqqallı kişi.
- Onu niyə buraxdın?

- Kimi?
- O üzdənirağı deyirəm, - hərlənib arxaya baxanda, uzunsaçlı gədənin qaçıb binaların arasındakı qaranlıqda yox olduğunu görürəm...
- Nə edib ki, o?

Kişi ətli dodaqlarını qulağıma yaxınlaşdırıb yavaşdan xəbərçilik edir:
“- Bu uşağın, - əli ilə balaca köməkçimi göstərir, - paçasının arasındakını əlləşdiridi...”

Mən hələ indi nə baş verdiyini anladım, ürəyimdə kişinin qarasınca deyindim: “Evitikilmişin oğlu, sanki dağdan gəlib, guya birinci dəfədir belə halla rastlaşır. Bir də ki, özün cavan olmamısan...”
- Balaca, ay dəcəl, sənin belə işlərin də var...

- Mən nə edə bilərdim ki... – deyə balaca kişi qızara-qızara mızıldandı...
Boynuma alıram, yorğun olmasaydım belə, o gədənin dalınca qaçmağa ərinərdim. Artıq milli bəlaya çevrilmiş bu maviləşmə o qədər yayılıb ki, baş açmaq olmur, xəstəlikdir, yoxsa dəb?

Sərnişinlərin xor-etirazına qazı basmaqla cavab verməli oldum...
Marşurutun başlanğıcındakı çayxananın kirli masasının arxasında oturub ayaqyoluna qaçan balacanı gözlədim. Uşaq deyildim: anladım ki, balaca canını rahatlamalıdır, yoxsa bayaqdan hirs vurub onun başına, artıq üçüncü sərnişinlə az qala əlbəyaxa olmuşdu...

Gecəyə uzanan ağrılar, saat 22 30

Siqnal versəm də, qışqırsam da, maşının fənərlərindəki işıqlarla xəbərdarlıq etsəm də, xeyri yoxdur, paytaxta yenicə gətirilmiş uzun avtobuslardan birinin xam sürücüsü hesabını gərəyincə götürmədiyindən, sürdüyü təptəzə "MAN"ı mənim idarə etdiyim köhnə maşına sürtdü.

Həmişə belə olur, metro dayanacaqlarının qarşısında, sərnişinlərin gur olduğu yerlərdə gün ərzində neçə-neçə avtobus bir-birinə dəyir, sürtülür, yan-yörəsi əzilir, kəsə sözlə, qiyməti yüz min avroyla ölçülən bahalı avtobuslar cındır gününə düşür...

Dünən, mən beşbətəri kənddən gəlmiş xam sürücülər tərəfindən büdcədən - xalqın cibindən kəsərək alınmış bahalı maşınlar heç bir il də paytaxt sakinlərinin xidmətində normal durdurulmur, tez bir zamanda maşınlar pis günə qoyulur. Amma deyilənlərə görə xaricdə ictimai nəqliyyatı idarə edən sürücülər üçün xüsusi kurslar təşkil edilir, onlar mötəbər dövlət komissiyasının imtahanından sonra xəttə buraxılırlar...

Mən hələ onu demirəm ki, Bakının küçələri dar olduğuna görə, paytaxtda iritutumlu avtomobillərin, eləcə də yekə sərnişin avtobuslarının fasiləsiz hərəkətinə imkan yoxdur. Odur ki, məmurların dövlət puluna – neft gəlirlərinə alıb gətirdikləri yekə avtobusların aqibəti heç də işıqlı deyil...

Bu sayaq düşüncələr mənim də ağlıma gəlir, qəzetlər də yazırlar, hərdən radiolarda da buna yaxın fikirlər səslənir: televiziya kanalları heç də, onlar yalnız şoular üçün - millətin başını qatmaqdan ötrü yaradılıb...

Amma böyük qazanc götürmək istəyən məmurların nə vecinə ki, büdcə pulları necə xərlənir, hara sərf olunur – təki faiz və daxili, eləcə də xarici "şirinliklərdən" onların cibləri -bank hesabları şişsin...

Axşamın gecəni əlləşdirdiyi vaxtlarda adamın ağlına və yaddına ya fəlsəfi fikirlər, ya intim düşüncələr, ya da siyasi məsələlər gəlir. Bu çağlarda bəzi sürücülər planını artıqlamasıyla yığdığından, xəttdən çıxarlar: bəzən bir çoxlarının xeyir-şər işləri düşdüyünə, uzaqbaşı axşamlar sifarişlə Bakı-Sumqayıt, yaxud rayonlara adam daşıdıqlarına görə maşınların sayı seyrəlir, dincəlməyə deyil, sadəcə, asudə nəfəs almağa imkan qazanırıq.

Vaxtın çoxluğu isə ağıllı adamların beyninin işləməsinə təkan verir...

Şəhər mərkəzindən - marşurut xəttimizin bir başından o biri tərəfinə yol götürmüşük. Balacanın gözləri axır, ayaqları yer tutmur. Sərnişin azdır, odur ona tapşırıram ki, gedib sonuncu sırada uzanıb gözünün yorğunluğunu alsın.

Gəlib onların Yasamaldakı məhəllələrinin yanından şütüyəndə balaca yardımçım yalvarıb-yaxardı ki, onu evə buraxım. Bu günün sabahı var deyə düşünüb, metro dayanacaqındakı bir-iki dəqiqəlik duruşdan yararlanıb onun halalca dörd manatını verdim. Balaca vicdansız cib telefonumdakı yeni videogörüntünü isə hələ səhərdən qamarlamışdı: düzü, bir elə də yeni deyildi, milli manısçalarımızdan kimsə məşuqlardan hansınasa barmağıyla seviş jesti göstərir, sonrasa lütlənib rəqs edirdi...

Qanlı gecə, saat 23 50

"Cəhənnəm olsun, yuxudan ötrü canımı verməyə hazıram. Bu dəfə də dairəni cızım - marşurut xəttini obaşına gedib, bu başını qayıdım, vəssalam. Qayıdım kirayələdiyim evdə başımı qoyum, uyum özümçün səhərə qədər..!" - düşünüb yorğun-arğın, amma ehtiyatı əldən sürüşdürmədən şəhər mərkəzinə tərəf istiqamət götürürəm...

Dünənki yerdən gecə sevişdiyim xanım maşına daxil olur. Nə qədər yorğun olsam da, gecənin xoş xatirəsindən içimə bir istilik süzülür sanki...

O düz mənim arxamda oturur, bir əlinin barmaqlarıyla sürücü kürsüsünü sərnişinlərdən ayıran şüşənin qırağından mənim kürəyimə, belimə toxundurur. Bədənimdən bir sevgi enerjisinin axdığının fərqindəyəm. Cib telefonuma onun nömrəsindən intim bir ismarıc daxil olur:

- "Senin heraretin indiye qeder sinemi yandirir..."

Cavablandırmaq imkanım olmadığından, telefondakı ürək şəkilərdən birini ona yollayıram. Qadının barmaqları mənim bədənimdə rəqs edir, canımdakı yorğunluğu bir seviş dincliyi əvəzləyirdi.

O, sanki baxışlarıyla soruşurdu: "Necəsən, bu gecənin sevişinə hazırsanmı?"

Qabaq güzgüdən onun baxışlarını oxşayıram: "Sənə sevgi bağışlamağa həmişə hazıram!!!" - düzü, özüm də bilirəm ki, ona yalan ünvanlayıram, amma nə etməli, qoy heç olmasa bu xoş yalan onun müvəqqəti xoşbəxtliyinin ömrünü uzadsın...

Maşındakı sərnişinlərin sayı barmaq hesabına gəlməz. Bir-iki yaşlı adam, polis əməkdaşı, arxada bayaqdan mazaqlaşmaqdan uymuş oğlanla qız, cavan gəlin və mənim gecəki məleykəm...

Marşurut xəttinin o başından geri dönəndə, o da məni müşahidə edirdi. Laxlaya-laxlaya gəlib metronun növbəti dayanacağına çatıram. Burada toydan gələn bir dəstə adam maşınıma doluşur. Aralarında yaşlı insanlar çoxdur.
Tanışım ayağa qalxıb, yaşlı bir kişiyə yerini təklif edir:

"Mən onsuz da qabaqda düşürəm".
Kişi dilucu etiraz etsə də, böyük məmnuniyyətlə onun yerini tutur.
Dəstəylə yanaşı üç nəfər cavan oğlan da özünü tələm-tələsik avtobusa dürtüşdürür: ilk baxışdan onlar mənim gözümə çox şübhəli göründülər - cibgirlərə oxşayırdılar...

Tanışım marşurut taksisinin lap qabağında özünə yer etdi: lap mənim yanımda durmuşdu. Oğlanlardan biri az qala onu sıxışdırıb mənim üstümə salmışdı. Hirslənsəm də, naməlum oğlana bir söz deyə bilmirdim. Düzünə qalsa, bəlkə də dirsəyimlə ona dəymək imkanının verdiyi xoş duyğulara görə susmuşdum.

Bakirə gecə, saat 00 40

Qəflətən qabağıma çıxan maşına görə əyləci necə sıxdımsa, "zərbədən" özümə gəldim və ağlıma batdı ki, birdən bu cibgirəoxşayanlar qızın mobil telefonunu çırpışdırar, biabır olaram.

Dünən seviş anlarımızın bəzi parçalarını onun və özümün telefonumun yaddaşına həkk etmişdik: guya, bir-birimizdən ötrü darıxanda, baxıb sakitləşərik...
Tez-bazar onun nömrəsini yığdım. Zəng səsi bayaqkı oğlanlardan birinin cibindən eşidildi:

- Telefonun üstündədir? – tələsik tanışımdan soruşdum və tez də ayağımı əyləcin üstünə sıxdım.
Mənimlə yanaşı həmin üç oğlan da maşından bayıra atıldılar.

…Qaranlıqda onlarla tutuşmağın heç bir mənası yox idi: güclər bərabərliyi cibgirlərin xeyrinəydi.
İnsafən, onlar yalvarışlı səslə xahiş etdilər:
- Qaqaş, olana fikir vermə, al telefonu, səs-küysüz aralaşaq.

Mənsə tərsliyimə saldım, əl-qol atmağa başladım. Tərslikdən sərnişinlərdən bir kimsə mənə havar çıxmadı, onları da qınamaq olmur, pis zəmanədir, hamı öz canının hayındadır...

Belimə sancılan bıçaq yorğun canımdakı bütün taqəti bədənimdən alıb-apardı.
Tanış gəlin artıq başımın üstündə durub üz-gözünü cırırdı:
"Bıçaqladılar, ilahi, onu vurdular..."

Son, saat .. ..
Mənim beynimdəsə, bütün ağrılara baxmayaraq, elə hey bircə fikir fırlanırdı:
"Heç olmasa, yarım ay xəstəxanada canım rahat dincələr..."

Bakı, 2008, sentyabr-oktyabr
XS
SM
MD
LG