Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:23

Maşını dayanacaqdan kənarda saxlayan sürücülərə 203 manat cərimə


Sürücülər iddia edirlər ki, onların bir çoxlarını maşını dayanacaqdan kənarda saxlamadıqları halda cərimə meydançasına gətiriblər
Sürücülər iddia edirlər ki, onların bir çoxlarını maşını dayanacaqdan kənarda saxlamadıqları halda cərimə meydançasına gətiriblər
Nəqliyyat Nazirliyinin Sərnişinnəqliyyat Departamenti maşını dayanacaqdan kənarda saxlayan avtobus sürücülərindən 203 manat cərimə tələb edir.

Bu barədə AzadlıqRadiosuna 2 gündür departamentin qarşısında maşınlarının nə vaxt qaytarılacağını gözləyən bir qrup sürücü məlumat verib.

206 saylı marşrut avtobusun sürücüsü Sədi Bağırov deyir ki, departamentin işçiləri onlara cəriməni banka ödəmək üçün rəsmi qəbz verməkdən də imtina edirlər.

Sürücünün sözlərinə görə, əslində 203 manat cərimə ödəməyə onların imkanı yoxdur. Ancaq sürücülər əmindirlər ki, ümumiyyətlə belə bir cərimə mövcud da deyil. Sadəcə, departamentin əməkdaşları bu yolla hansısa qeyri-rəsmi «planı» doldurmağa çalışırlar.

235t saylı avtobusun sürücüsü Yusif Şamilov isə deyir ki, pul vermək istəməyən sürücüləri departamentin qarşısından qovurlar.

Sürücülər iddia edirlər ki, onların bir çoxlarını maşını dayanacaqdan kənarda saxlamadıqları halda cərimə meydançasına gətiriblər. Digər tərəfdən, yaxşı olar ki, Nəqliyyat Nazirliyi belə reydləri keçirəndə yollarda yaranan tıxacları və dayanacaqların qarşısını kəsən taksiləri də nəzərə alsın.

Hadisə yerindən fotoreportaj hazırlamağa cəhd edən Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun əməkdaşı İdrak Abbasov bildirir ki, o, cərimə meydançasındakı maşınların şəklini çəkərkən departamentin əməkdaşlarının fiziki təzyiqinə məruz qalıb. Fotoaparatı və yazı ləvazimatları qeyri-qanuni müsadirə edilib, özü isə bir müddət zorla idarədə saxlanılıb.

Bütün bu deyilənlərə Nəqliyyat Nazirliyi mətbuat xidmətindən münasibət öyrənmək istəsək də cəhdlərimiz nəticəsiz qaldı. Sərnişinnəqliyyat Departamentindən məsələni araşdırıb özləri bizimlə əlaqə saxlayacaqlarını bildirsələr də bu baş vermədi.
XS
SM
MD
LG