Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:21

2-ci Dünya müharibəsinin birinci atəşlərini açan alman əsgəri


Herd Alşved (solda) Şərq cəbhəsində
1939-cu ildə onun 21 yaşı var idi. Artıq bir il idi ki, alman ordusunda əsgəri xidmət edirdi. O, avqustun 31-dən sentyabrın 1-ə keçən gecə vermaxtın mexanikləşdirilmiş artilleriya diviziyasının tərkibində Polşaya ilk hücum edənlərdən olub. Müharibənin ilk günləri onun hərbi hissəsi Sileziya vilayətində, Velun şəhəri yaxınlığındakı Polşa mövqelərinə zərbələr endirirdi.

Sonra Varşavanın alınmasında, Leninqradın mühasirəsində və Moskva üzərinə hücumlarda iştirak edib.

Bu gün Herd Alşvedin 91 yaşı var. O İkinci dünya müharibəsinin ilk döyüşlərinin sonuncu canlı şahidlərindən biri olmaqla yanaşı həm də bu hadisələr haqqında açıq danışmağa, belə ağır söhbətə razı olan az qala yeganə adamdır.

AzadlıqRadiosunun Berlindəki müxbiri Aleksandr Sosnovski ondan müsahibə alıb. Bu söhbətin tərcüməsini diqqətinizə təqdim edirik.

Aşveld xatırlayır:

- Polşaya hücum səhər tezdən, saat 4.45-də başladı. Əvvəlcə bizim hərbi hissə sərhədin əks tərəfindəki Polşa kəndini top atəşinə tutdu. Sonra məni atəşin dəqiqliyini idarə edən zabitlə birlikdə piyada qrupuna təhkim etdilər. Odur ki, mən piyada döyüşündə də iştirak etməli oldum. Biz Polşa tərəfə keçərək meşənin kənarına çıxdıq.

- Üçüncü reyxdə hərbi qulluq məcburi idi. 18 yaşından etibarən bütün kişilərin mükəlləfiyyəti var idi və müharibə başlayanda siz yenicə həddi-buluğa çatmışdınız. Bəs orduya çağırılmağınız necə oldu?


- Almaniyada hərbi mükəlləfiyyət olsa da, mən hələ əsgəri yaşımdan da əvvəl könüllü olaraq orduya yazılmaq istəyirdim. Hamburqda, Vansbek yaxınlığında ağır artilleriya hissəsi yerləşirdi. Düz bir il ərzində orada mənə hərbi təlim keçdilər. Lülələrinin diametri 15 santimetr olan uzaqvuran toplar idi. Bu tipli artilleriya uzaq məsafədə, gözlə görmədiyimiz hədəfləri ballistik atəşlər endirmək üçün nəzərdə tutulur və uzaq atəş rəhbəri tərəfindən idarə olunurdu.

- Sizin hərbi hissənin Polşa ilə sərhəddə göndərilməsi necə baş verdi? Hara göndərildiyinizi bilirdiniz?

- Mən müharibədən əvvəlki dövrü ancaq bu hərbi hissədə qulluq etdim. 1939-cu il avqustun 20-də axşam – yadıma gəlir, bazar günü idi, - hava qaralandan sonra bizim hərbi hissə Hamburq-Vansberq stansiyasındakı vaqonlara yükləndi. Oradan bizi dəmir yolu ilə Sileziyaya, Breslau (hazırkı Vrotslav) şəhərinin yaxınlığına gətirdilər. Oradan da hərbi əməliyyatların nəzərdə tutulduğu əraziyə yolladılar.

- Sizə əvvəlcədən bilirdiniz ki, tezliklə sizi döyüşə göndərəcəklər, yoxsa vermaxtın hərbi hissələrində belə söhbətlərə icazə yox idi?


- Əvvəlcə, ümumiyyətlə məlum deyildi ki, iş müharibəyə çatacaq, yoxsa yox. Amma heç nəyi istisna etmək də olmazdı. Stalinlə pakt hələ bağlanmamışdı. Avqustun 23-də Stalin və Hitler müqavilə imzalayandan sonra bizə aydın oldu ki, müharibə qaçılmazdır. Baxmayaraq ki, hələ müəyyən şübhə yeri də var idi. Avqustun 24-də axşamdan keçəndən sonra əmr gəldi ki, döyüş mövqelərini tutaq. Biz Almaniya-Polşa sərhədində Vielui şəhəri ilə üzbəüzdəki yüksəkliklərdə mövqe tutmuşduq. Mən sözün hərfi mənasında topçu deyildim, radiorabitəçi-teleqrafçı idim, rütbəmsə yefreytordu.

- Rabitəçinin işi o biri hərbi peşələrdən nə ilə fərqlənirdi?


- Mən 56 nömrəli 2-ci motorlaşdırılmış artilleriya alayında qulluq edirdim. Bizim bölməmiz 3 batareyadan ibarət idi. Bizə həm də «qanadlı bölmə» deyirdilər, çünki daimi mövqelərimiz olmurdu, bizi tez-tez bir daimi mövqedən başqasına keçirirdilər. Faktiki olaraq desant kimi döyüşlərin ən ağır nöqtələrinə atırdılar.

- Bilirsiniz, bizlərin ən çox verdiyi sual odur ki, almanlar Hitler uğrunda döyüşməkdən niyə imtina etmirdilər? Heç elə bir hiss keçirmisiniz, məsələn hücuma keçməyə həvəsiniz olmayıb?


- Kimsə əmri yerinə yetirməkdən imtina etsəydi, onu divara dirəyib güllələyərdilər. Bizdən heç kim soruşmurdu, həvəsin var, ya yox. Biz hücumda iştirak etməyə borclu idik.

- Müharibəni edərlər ideya uğrunda, azadlıq uğrunda, yaxınlarını qorumaq üçün. Sizin məqsədiniz nə idi, döyüşmək istəyiniz nəyin uğrundaydı?

- Bizim polyaklara nifrətimiz var idi. Çünki son bir ay ərzində polyaklar bizim sərhədlər boyu özlərini olduqca aqressiv aparırdılar. Bizim hücumdan bir-neçə gün əvvəl hətta sərhəd boyu səhra postları qurmalı olduq ki, düşmən əsgərləri sərhədi keçməsinlər. Bundan başqa, bizim təbliğat maşınımız gündəlik olaraq polyakların hücumları haqda xəbərlər yayırdı. Məsələn, polyaklar Almaniyadan Prussiyaya uçan təyyarəni Polşa ərazisi üzərində atəşə tutublar.
Herd Alşved
Halbuki biz Polşa ilə müharibə vəziyyətində deyildik. Hitler hakimiyyətə 1933-cü ildə gəldi, amma hələ bundan da əvvəl polyaklar bir milyona yaxın almanı «polyak dəhlizi» adlanan ərazilərdən qovub çıxarmışdılar (bu ərazilər əvvəllər Almaniyanın idi və Versal müqaviləsinə əsasən Polşaya verilmişdi). Onlar almanlara düşmən münasibət bəsləyirdilər. Odur ki, bizim də polyaklara nifrətimizin əsası var idi. Polşaya hücumdan sonra burada gördüklərimizdən aydın oldu ki, polyakların almanlara düşmən kimi baxması haqda xəbərlər həqiqət idi.

- Siz birbaşa hücumda iştirak edirdiniz, yoxsa döyüşü batareyanızın mövqelərindən müşahidə edirdiniz?

- Sentyabrın 1-də biz Varte çayına yaxınlaşdıq – polyaklar orada güclü müdafiə istehkamları qurmuşdular. «Pioner» tipli xüsusi döyüş qayığında biz çayı keçdik. Əvvəlcə polyaklar bizi şiddətli atəşlə qarşıladılar. Lakin biz çayı keçəndən sonra mövqelərini qoyub qaçdılar. Çayı keçən kimi biz durmadan marşla hərəkətimizi davam etdirdik. Polyaklar hər bir yaşayış məntəqəsini müdafiə edirdilər, lakin biz şəhərə və ya kəndə girən kimi onlar dərhal oranı tərk edirdilər. Odur ki, iş əlbəyaxaya gəlib çatmırdı. Beləcə, Vielun şəhərini keçdik, lakin gözlənilmədən bizi şimal istiqamətinə, Liza Qura qəsəbəsinə tərəf göndərdilər. Oradakı hərbi-təlim mərkəzində cəmləşən canlı qüvvə və artilleriya vasitəsilə polyaklar güclü müdafiə olunurdular. Bizim qarşımıza vəzifə qoydular ki, polyakların müqavimətini qıraq. Buna bizim 2 gün vaxtımız getdi.

- Belə bir fikir var ki, hitlerçi ordular Avropanı, o cümlədən Polşanı faktiki olaraq döyüşsüz ələ keçirdilər, sanki hərbi parad keçirirdilər. Döyüşməli oldunuz, ya hərbi parad məsələsi şişirtmə deyil?

- Orada bizim ilk itkilərimiz partizan hücumlarından sonra baş verdi. Onlar bizim ələ keçirdiyimiz rayonlarda fəaliyyət göstərirdilər. Mülki geyimdə gəzir və bizə elə vaxtlarda hücum edirdilər ki, həmin vəziyyətdə biz qətiyyən hücum olacağını gözləmirdik.

- Ümumiyyətlə vermaxtın müharibəyə hazırlığı necə idi? Deyilənlərə görə, alman ordusu əsgər corablarından isti qəhvəyə kimi hər şeylə təchiz olunurdu...

- Hələ Hamburq qarnizonunda bizə müxtəlif xəstəliklərə, məsələn taun xəstəliyinə qarşı peyvəndlər vuruldu, bizə kimlik nişanları verildi. Xüsusi əsgər kitabçaları paylayıb döyüş şəraitində özünü necə aparmaq haqda bizi təlimatlandırırdılar. Yemək və digər şeylərə gəldikdə isə, bizim bölmə «gecə təminatı qrupu» adlanan təchizat sisteminə daxil idi. Bir-neçə maşın idi, bizim qrupun arxasında yerləşən hərbi bazalardan hərbi hissələrə mal daşıyırdı. Səhər və axşam yeməyinə konservləşdirilmiş quru xörəklər, günortaya isə isti yeməklər verirdilər. Doğrudur, isti xörəkləri ancaq gecələr yemək olurdu, çünki gündüzlər əsasən döyüşlər gedirdi.

- Dediyiniz o kimlik nişanı hansı formada idi. Bildiyimizə görə, məsələn esesçilərin qoltuğunun altına döymə vurub qan qrupunu yazırdılar. Vermaxtda necə idi?

- Kimlik nişanları oval formada olan alüminium parçası idi. Hər iki tərəfində rəqəm və hərflər yazılırdı. Bunlar hərbi hissəni və şəxsin əsgər nömrəsini bildirirdilər. Müharibədən əvvəl hamımız tibbi müayinədən keçdik. Hər kəsin qan qrupu müəyyən edildi. Həmin nişanda qravirovka üsulu ilə şəxsin qan qrupu həkk edilirdi. Heç bir korroziya və aşınma metaldakı işarələrə təsir edə bilmirdi, odur ki, nişan sahibinin vacib nişanələrini buradan əldə etmək olardı.

- Polşa necə idi? Əhali sizi işğalçı kimi qarşıladı?

- Müharibənin ilk günləri biz çalışırdıq kəndlərə girməyək. Polşanın əhalisi bizə çox düşməncəsinə münasibət bəsləyirdi. Bizi hər yerdə dostcasına qarşılayan fransızlardan, belçikalılardan və hətta ruslardan fərqli olaraq o dərəcədə kinli idilər ki, biz sadəcə olaraq kəndlərdən yan keçirdik. İlk dəfə müharibə qurbanlarını mən Liza Quraya keçiriləndən sonra gördüm.

- Polşadan başqa harada döyüşmüsünüz?

- 1941-ci il iyunun 22-də hərbi hissəmiz Şərqi Prussiyada idi. Oradan biz Baltik dövlətlərinin ərazisinə daxil olduq. İlk məqsədimiz Tauroqten şəhərini ələ keçirmək idi. Oradan isə Latviya və Estoniya ərazisindən Pskov rayonu tərəfə hərəkət etdik. Oradansa Leninqrada istiqamətləndik. Biz Leninqradın aeroportuna qədər gəlib çıxmışdıq, hətta şəhər tramvaylarının sonuncu dayanacaqlarını görə bilirdik. Sonra tank diviziyası ilə birlikdə bizi yenidən Pskova qaytardılar, 1941-ci il oktyabrın 9-da isə artıq Smolensk ətrafında idik. Buradan Moskva üzərinə hücum başlayırdı. Kalininə qədər irəliləyib şəhəri ələ keçirdik. 1941-ci il noyabrın 29-da isə Moskvaya hücuma keçdik. Bax bu hücumda bizə əks-zərbə dəydi.

- Ən qorxunc xatirələriniz hansıdır?

- Rjev ətrafındakı dəhşətli döyüşlər. Ruslar bu döyüşə Flaşvolf - ətçəkən maşın adını vermişdilər! Orada bir milyona yaxın əsgər həlak oldu. 1943-cü ilin yanvarında biz bütün texnika və sursatı atıb oradan qaçmağa məcbur olduq. Bizim şəxsi heyəti yenidən təşkilatlanmaq üçün Fransaya göndərdilər.

- Müharibə şəxsən sizin üçün harada başa çatdı?

- Mənim sonuncu döyüşüm 1944-cü il avqustun 31-də Baranov yaxınlığında oldu. Bizim artilleriya bölməmizin komandirinə əmr gəldi ki, hücuma keçən sovet qoşun kolonnalarını məhv etsin. Lakin ruslar bizim niyyətimizi başa düşüb gecə qaranlığında öz mövqelərindən çıxdılar. Bütün mərmilərimiz boşa çıxdı. Səhərsə onlar əks-hücuma keçəndə mən ağır yaralandım. İl-2 təyyarəsinin bombası düz bizim zirehli maşına dəydi. Bununla da müharibə mənim üçün bitdi.

- Bəs müharibədən sonra?

- Müharibədən sonra ticarətlə məşğul oldum. Kiçik bir dükanım var idi.

- Ola bilər ki, bu sualım xoşunuza gəlmədi, amma nasist partiyası ilə hansı münasibətdə idiniz?

- Heç bir münasibətim yox idi. 1933-cü ildə, Hitler hakimiyyətə gələndə mənim cəmi 15 yaşım var idi və onu böyük rəğbətlə qarşıladım. Rəğbətim cəmi iki il çəkdi, nə qədər ki, Hitleryugendin üzvü idim (sizdə gənclər təşkilatı komsomol idi, bizdə isə Hitleryugend).

Sonra isə ölkədə gedən bəzi hadisələr məni tamamilə siyasətdən uzaqlaşmağa vadar etdi, mən tamamilə passiv idim.
XS
SM
MD
LG