Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 08:32

İranda «məhkəmə tamaşaları»...


Seçkidən sonrakı etiraz aksiyaları zamanı tutulanların məhkəməsi, Tehran, 16 avqust 2009

İranın ali dini lideri Ayətulla Əli Xameneyi avqustun 26-da Tehranda tələbələr qarşısında çıxışında əvvəlki fikirlərini az qala təkzib edib. O, etiraz aksiyalarına qoşulan müxalifətçilərin xarici qüvvələrə işləməsini iddia etməyin doğru olmadığını deyib. Hətta bildirib ki, kimsə belə bir ittihamlar irəli sürürsə, ciddi sübutlar təqdim etməlidir. Məhkəmələrin ehtimal və mülahizələri araşdırmaqla vaxt itirmək fikri yoxdur.

ABŞ-dakı Stenford Universitetindən İran məsələləri üzrə ekspert Abbas Milani deyir ki, dini liderin birdən-birə fikrini dəyişməsi təsadüfi deyil:

«Fikrimcə, Xameneyinin bu açıqlamaları qəfildən istiqaməti dəyişməyə oxşayır. Çünki cəmi bir neçə həftə əvvəl cümə namazlarında o, mühafizəkarların iddialarını dəstəkləyirdi. Həmin çıxışlar dini lider üçün düşünülməmiş addım idi. Odur ki, indi fikrini dəyişib, amma məncə, bu, çox gecikmiş addımdır».

Düzdür, Xameneyi son çıxışında yenə də ümumilikdə etirazların Qərb dövlətləri tərəfindən hazırlandığını deyib. Amma əlavə edib ki, camaatı bu etirazlara çıxaran müxalifət liderləri bundan xəbərsiz olublar və onların da bu cür işlərdə iştirakı İran rəhbərliyini məyus edib.

Şirin Ebadi
Xameneyinin bu son çıxışını çoxları İran rejimindəki mühafizəkarlarla islahatçılar arasında uçurumun dərinləşməsi ilə də izah edirlər. Əvvəlki illərdən fərqli olaraq repressiyaların artmasına baxmayaraq, artıq mühafizəkarların əleyhinə çıxışlar daha sərt və tez-tez eşidilir.

Məsələn, Ayətullah Hüseyn Əli Montazeri ali dini lider Xameneyini bu günlərdə diktatura qurmaqda və İran xalqının haqlarını tapdalamaqda ittiham edib. Üstəlik, Xameneyinin indi qurduğu sistemin İslama dəxli olmadığını, İslamı ləkələdiyini bildirib. Əli Montazeri Tehranda seçki sonrası etirazlara görə həbs olunanların məhkəmələrini də «İslam ədalətini gülünc vəziyyətə salan tamaşalar» adlandırıb.

Montazerinin dediklərini Nobel mükafatı laureatı, iranlı hüquq müdafiəçisi Şirin Ebadi də təsdiqləyir:

«Biz bu məhkəmələri ədalətin parodiyası kimi qiymətləndirə bilərik: məhkəmələr açıq elan edilib, amma hətta məhkumların ailə üzvləri də içəri buraxılmır. Məhkəmə tərəfsiz olmalıdır, amma bağlı qapılar arxasında saatlarla nələrsə müzakirə olunur. Onu deməliyəm ki, ədalətin parodiyasını xatırladan bu məhkəmə tamaşalarını nə İran xalqı, nə də beynəlxalq ictimai rəy ciddi qəbul edir. Onlar sadəcə, bizi narahat, özlərini isə biabır edirlər».

Səid Həcarian
Ş.Ebadi fikirlərini belə əsaslandırır ki, həbsdəki adamın nəzarət altında verdiyi ifadələrə istinad etməklə qərar çıxarmaq olmaz. Xüsusən də, əgər həmin adamın etirafları işgəncə və təzyiqlər altında verdiyinə əsaslı şübhələr varsa.

Ş.Ebadi misal kimi qoca bir ruhaninin – Səid Həcarianın adını çəkir. Məhkəmədə Həccarian heç kimin gözləmədiyi halda yol verdiyi səhvlərdən peşmançılıq duyduğunu və bağışlanmasını istədiyini bildirən kağızı oxuyub.

Amma hər kəsi heyrətləndirən heç də yaşlı Həcarianın bu etirafı deyil. Sui-qəsddən sonra iflic olan bu adam məhkəmə zalına əsgərlərin qucağında gətirilib, üstəlik, etirafını da kağızdan güclə - necə gəldi oxuyurdu.

Şirin Ebadi: «30 ildən çox İslam Respublikasına xidmət edən, indi əlilliyi ucbatından heç yazılanı da oxuya bilməyən Səid Həcarianın etirafları kimi tamaşalar təəssüf ki, ədliyyə sisteminin necə korlandığını göstərir. Bu cür etiraflara istinad edib qərar verən hakim ancaq özünü gözdən salır».

Etiraz aksiyaları yoluyla hakimiyyəti devirmək kimi ittihamları qəbul edən Həcarian seçkidən dərhal sonra həbs olunub, naməlum yerdə iki ay saxlanandan sonra bu həftə məhkəməyə çıxarılmışdı.
XS
SM
MD
LG