Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:50

Gənc fəallara yeni ittiham irəli sürülüb


Gənc fəallar bu il iyulun 8-də Bakıdakı «Livan» restoranında baş vermiş insidentlə bağlı həbs ediliblər
Gənc fəallar Emin Milli və Adnan Hacızadəyə yeni ittiham irəli sürülüb.

Bu barədə vəkil İsaxan Aşurov məlumat verib. Onun sözlərinə görə, Emin Milli və Adnan Hacızadəyə Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurma maddəsilə (127-ci maddə) ittiham irəli sürülüb.

Vəkil deyir ki, bu ittiham gənc fəallara avqustun 21-də irəli sürülüb.

Bundan əvvəl isə gənclər Cinayət Məcəlləsinin xulliqanlığa görə məsuliyyət nəzərdə tutan maddəsi (221-ci maddə) ilə ittiham olunurdular.

İsaxan Aşurov: «Nəzərinizə çatdırmaq istəyirəm ki, bu maddələr «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin ittiham olunduğu maddələrdir».

İ.Aşurov deyir ki, gənc fəalların avqustun 22-də başa çatan istintaqının sürprizləri bununla bitməyib. Vəkilin sözlərinə görə, o və həmkarı Elton Quliyev belə qərara gəliblərmiş ki, eyni vaxtda hər iki gənci müdafiə etsinlər. Hətta bu barədə vəkil qurumunun orderini istintaq orqanına təqdim də ediblərmiş. Amma sonradan cinayət işinin materialları ilə tanışlıq zamanı məlum olub ki, istintaq orqanı buna imkan verməyib.

İsaxan Aşurov Adnan Hacızadənin, Elton Quliyev isə Emin Millinin vəkilidir.

Gənc fəallar bu il iyulun 8-də Bakıdakı «Livan» restoranında baş vermiş insidentlə bağlı həbs ediliblər. Məhkəmə gənclər barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib.

Bir sıra beynəlxalq təşkilatlar bu həbsi gənclərin aktiv ictimai-siyasi fəaliyyəti ilə əlaqələndirib və Azərbaycan hakimiyyətindən onların azadlığa buraxılmasını tələb edib.
XS
SM
MD
LG