Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:21

Dayanacaqlara kim nəzarət edir?


Şəhərin ayrı-ayrı yerlərində müvəqqəti «parkovka» qiymətləri fərqlidir
Şəhərin ayrı-ayrı yerlərində müvəqqəti «parkovka» qiymətləri fərqlidir
«Gözlə, gözlə, hə, indi sür get!»

Nazim Əhmədov bir gündə dəfələrlə sürücülərə belə komanda verir. O, Bəsti Bağırova küçəsində təxminən 50 metrlik ərazidə yolun hər iki tərəfində dayanan maşınlara nəzarət edir. Gələnlərə yer, gedənlərəsə yol göstərir. O, Bakı şəhər İcra Hakimiyyəti Ticarət və Xidmət Departamentinin işçisidir.

N.Əhmədov deyir ki, göstərilən xidmətin haqqı 10 qəpikdir, amma bundan artıq verənlər də var. Hətta pul aldığı adamlara qəbz də verir. Amma mən ondan qəbzə baxmaq istədiyimi deyəndə o, həmin gün üçün verilən qəbzlərin artıq qurtardığını bildirdi:

«İndi üstümdə qurtarıb, sabah, ya birigün gətirib göstərərəm. Yığdığımız 10-15 manat olur».

Ondan təxminən 100-150 metr aralı olan həmin departamentin digər işçisi də sürücülərə verdikləri qəbzi mənə göstərə bilmədi.

Uzunluğu 300 metrdən çox olan Bəsti Bağırova küçəsindəki idarə və müəssisələrin qarşısında dayanan avtomobillərə dörd nəfər nəzarət edir. Onlardan biri polis, ikisi şəhər icra hakimiyyətinin, digərisə həmin küçədəki restoranın işçisidir.

Şəhid ailələri adından yığılan pullar

Avtomobillərin «parkovka»sına nəzarət edənlərə paytaxt Bakının hər küçəsində, hər tinində rast gəlmək olar. Onların bəziləri Bakı şəhər İcra Hakimiyyətinin işçiləri olsa da, bir çoxları haranın işçisidir, heç özləri də bilmirlər.

Cəfər Cabbarlı küçəsində təxminən 20 metr ərazidə dayanan maşınlara nəzarət edən Rəhim Salmanov deyir ki, o gündəlik yığdığı pulları əlillər cəmiyyətinə köçürür. Elə onu da əraziyə həmin cəmiyyət təyin edib:

«40 qəpik də verirlər, 20 qəpik də. Kimin nəyə gücü çatır onu verir. Məsələn, bax, burda rayonlara gedib gələn «xalturşik»lərdir, onlar 1 manat da verir. Cəbrayıl şəhid ailələri var. 14 ailədir. Hər həftənin sonu pulu ödəyirik o cəmiyyətə. Özümüzə də ayda 80-100 manat maaş verirlər. Bizdə burda gəlir az olur, aşağıda amma yaxşıdır. Orda maşın saxlayan çox olur».

Vaxtilə Bakıda olan 70 belə yolkənarı müvəqqəti dayanacaqların hamısına Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti nəzarət edirmiş. Amma indi Departament həmin mövqelərinin xeyli hissəsini itirib.

Departamentin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyir ki, vaxtilə onlar bu sahədən xeyli gəlir ələ edirmişlər. Amma sonradan bu sahəyə Nəqliyyat Nazirliyi və bələdiyyələr sahib çıxmağa başlayıblar. İndi bu sahədə aləm bir-birinə qarışıb, kim hara nəzarət edir heç kim bilmir:

«İndi bu sahədə son dərəcə nizamsız bir vəziyyət var. Artıq bu sahə idarəolunmaz bir vəziyyətdədir».

Həmsöhbətim deyir ki, vaxtilə 70 dayanacaqdan indi Departament 30-40-na nəzarət edir. Onlarda qiymət 10 qəpikdir və pul ödəyən avtomobil sahiblərinə qəbz də verilir.

İldə 2 milyon manat hara gedir?

«Azərbaycan bələdiyyə sistemi» jurnalının baş redaktoru Vüqar Tofiqli deyir ki, əslində, «gündüz dayanacaqları» bələdiyyələrin səlahiyyətinə aid məsələ olsa da, bu səlahiyyətlər onların əlindən 2002-ci ildə alınıb.

Baş redaktor deyir ki, «gündüz dayanacaqları» elə də nəzərəçarpan sahə olmasa da, hər il burdan əldə olunan gəlir 2 milyon manatdan artıqdır. Həmin vəsaitin isə heç 10 faizi büdcəyə gedib çıxmır.

Nəqliyyat Nazirliyində isə hesab edirlər ki, bütün dayanacaqlar nazirliyin nəzarətində olmalıdır. Nazirlikdə katibliyin rəhbəri Namiq Həsənov deyir ki, hazırda onlar daha çox taksi dayanacaqlarına və həmin dayanacaqların yanındakı «gündüz dayanacaqları»na nəzarət edirlər.

Şəhərin ayrı-ayrı yerlərində müvəqqəti «parkovka» qiymətləri fərqlidir. Qiymətlər 20 qəpikdən 1 manata qədər dəyişir. Pulu yığanlar məlumdur, amma «ay və il ərzində nə qədər vəsait toplanır» sualına sələhiyyətli qurumlardan cavab ala bilmədik.
XS
SM
MD
LG