Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:22

Dönərxanaların çoxunda kolbasaya yararlı ətdən istifadə olunur


«Ən əlçatanı elə dönərdir»
«Ən əlçatanı elə dönərdir»
«Bakıdakı dönərxanaların əksəriyyəti sanitar-gigiyenik qaydalara əməl eləmir, istifadə etdikləri ətsə keyfiyyətsizdir».

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayevin verdiyi məlumata görə, hazırda şəhərdəki dönərxanalarda yoxlamalar aparılır, qaydalara cavab verməyən dönərxanaların fəaliyyəti dayandırılır.

İmran Abdullayev deyir ki, əksər dönərxanaların işçiləri tibbi müayinədən keçməyib, istifadə olunan ətlərsə baytar nəzarətindən keçmir:

«Çoxu Hindistandan gətirilən ətlərdən istifadə edirlər, hansı ki, bu ətlər kolbasaya yarayır».

«İşçimin tibbi müayinədən keçməsinin dönərə nə dəxli var»

Bakıda 200-ə yaxın dönərxana var. Onlardan birinin sahibi Camal Dadaşov deyir ki, gündə azı 200-300 müştərisi olur. Onların da çoxu gənclər və uşaqlardır. Camal Dadaşovun da Gigiyena və Epidemiologiya Mərkəzinin yoxlamalarından xəbəri var. O, alıcılarını əmin eləyir ki, bişirdiyi ət keyfiyyətlidir:

«Mən dönərxanamın bağlanacağına inanmıram. Çünki qaydalara əməl edirəm».

Ancaq Camal da özünün və işçilərinin tibbi müayinədən keçmədiyini etiraf edir. Buna lüzum görmədiyini bildirir:

«İşçimin tibbi müayinədən keçməsinin dönərə nə dəxli var»...

«Hər gün günorta dönər yeməkdən mədəm xəstəliyə düşüb»

Bunu tələbə Sənan Babayev deyir. Əlavə edir ki, yaxın vaxtlarda dönərdən əl çəkmək fikri yoxdur:

«Çünki cibimə uyğundur. Tələbə adamam, evdə bişirməyə imkanım yoxdur, restoranda yeməyə pulum. Ən əlçatanı elə dönərdir. Demirəm keyfiyyətlidir. Ancaq ucuz və doyumludur».....

Sənan Babayev deyir ki, çox istəyərəm yediyim dönər keyfiyyətli olsun:

«Ancaq onun keyfiyyətli olub-olmadığını hardan bilə bilərəm?».

Dönərin üzü qızarır, içi isə çiy qalır

Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayevsə deyir ki, alıcı xarici görünüşündən də dönərin keyfiyyətli olub-olmadığını bilər:

«Dönərin alovla təması olmamalıdır. Hər tərəfi bişməlidir. Üzü bişib içi çiy qalmamalıdır. Bizdə dönərin üz hissəsini bişirirlər. Bişməmiş ətsə qırmızı olur, ətdə qanlı su izləri görmək olur. Bizdə ətdən başqa dönərə vurulan pomidor, xiyar və başqa qarışıqlar da saatlarla çöldə qalır. Çünki əksər dönərxanalarda soyuducu da yoxdur. Ən yaxşı nəzarətçi əhalidir. Onlar keyfiyyətsiz dönər almasalar, dönərçilər də bilərlər ki, əslində necə hazırlanmalıdır».

İmran Abdullayev deyir ki, xüsusilə yayda bu cür dönərləri yemək təhlükəlidir:

«Yay vaxtı 30-35 dərəcəlik temperatur mikrobun inkişafı üçün ən yaxşı temperaturdur».

Gigiyena və Epidemiologiya Mərkəzi toyuq dönərinin satışını isə tamamilə ləğv edib. Çünki toyuq ətinin infeksiyalaşma ehtimalı daha böyükdür. Qadağa ilə bağlı qərar 2006-cı ildən çıxarılsa da, son vaxtlar toyuq dönərinin satışı yenə artıbmış. Bu dəfə isə tamam yığışdırılıb. İmran Abdullayev deyir ki, normalara cavab verməyən yerlərdə toyuqdan qril hazırlanması da ləğv olunacaq.

Hazırda Bakıda 200-dən artıq dönərxana var. Dönərin qiyməti 1 manat 20, 1 manat 50 qəpikdir.

İyun ayında Bakıda 37 nəfər dönərçi cərimə olunub, 4 dönərxanasa bağlanıb.
XS
SM
MD
LG