Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:36

Neft Akademiyasında kütləvi qətllə bağlı daha iki nəfər həbs edilib


«Dövlət Neft Akademiyasında baş vermiş kütləvi qətllə bağlı daha iki nəfər həbs edilib».

Bu barədə Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun mətbuat xidmətlərinin birgə yaydıqları məlumatda bildirilir. Həbs edilənlər cinayəti törədən Fərda Qədirovun Daştəpə kəndində qonşusu olmuş Nəcəf Süleymanov və «Marneuli-Bakı» sərnişin avtobusunun sürücüsü Ariz Qabulovdur.

Məlumatda bildirilir ki, Fərda Qədirovun əvvəllər Rusiya və Gürcüstanda yaşaması, həmçinin Ukrayna və Belarusa gedib-gəlməsi ilə bağlı əlaqələrinin müəyyən edilməsi, iş üçün əhəmiyyət kəsb edən istintaq hərəkətlərinin aparılması məqsədi ilə istintaq-əməliyyat qrupunun üzvləri həmin ölkələrə ezam olunublar.

Rusiyanın hüquq mühafizə orqanlarının yaxından köməyi ilə aparılan istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, Fərda Qədirov Podolsk şəhərinə 2004-cü ilin əvvəlində gedib və 2006-cı ilin mart ayınadək valideynləri ilə birlikdə qardaşı Şeydanın qaynanası Ayna Tahirbəyovanın mənzilində kirayədə yaşamaqla «Qrast-info» firmasında işləyib. Bundan sonra o, Marneuli rayonunun Daştəpə kəndinə gəlib və ordan Podolsk şəhərində yaşayan valideynlərinin yanına qayıdaraq 2006-cı ilin dekabr ayınadək onlarla birlikdə yaşayıb.

FƏRDA ERMƏNİLƏRİN ZAVODUNDA İŞLƏYİB

Bu tarixdən 2008-ci ilin mart ayınadək bacısı Yeganənin, əmisi qızı Gülyanağın və onun qardaşının yaşadığı Stavropol diyarı, Nevinnomıssk rayonunun Barsukovskaya qəsəbəsində qalaraq yenidən Podolsk şəhərinə qayıdıb. Orada Azərbaycan Respublikası vətəndaşının saxta pasportunu əldə edərək «Abilena» firmasında işə düzəlib. Az müddət sonra firmanın rəhbərliyini xəbərdar etmədən işdən çıxıb, işlədiyi günlərin əmək haqqını ödəməyəcəkləri təqdirdə isə müəssisənin rəhbərliyinə hədə-qorxu gəlib. İstintaqla Fərda Qədirovun 2008-ci ilin aprel ayından Podolsk şəhərində fəaliyyət göstərən, baş direktoru və sex rəisi keçmiş Bakı şəhər sakinləri Aleksandr Koçarov və Eduard Mkrtumyan olan, onlardan başqa daha 28 nəfər erməninin işlədiyi zavodun parket sexində çalışması müəyyən edilb.

Şirkətin rəhbərləri Fərda Qədirovun qeyd edilən müəssisədə işlədiyini inkar etsələr də, Rusiya hüquq mühafizə orqanlarının bilavasitə yaxından köməyi və istintaqla əldə edilmiş təkzibolunmaz dəlillər, o cümlədən Fərda Qədirovun müəssisənin ərazisinə keçməsi barədə buraxılış vərəqələri, digər sənədlər və şahid ifadələri ilə onun 2008-ci ilin aprel-avqust aylarında həmin müəssisədə işləməsi sübuta yetirilib. Həmçinin F.Qədirovun valideynləri istintaq zamanı verdikləri ifadələrində Fərdanın həmin müəssisədə işlədiyini, zavodun rəhbərliyinin və əksər işçilərinin milliyyətcə erməni olduqlarını, onlar ilə yaxın münasibətlərini gizlətmiş, işdən çıxmasının və Gürcüstana qayıtmasının məqsədinin isə guya vətənində yaşamaq istəyi ilə izah ediblər.

AZƏRBAYCANIN SAXTA PASPORTU AŞKAR EDİLİB

F. Qədirovun valideynlərinin yaşadığı Podolsk şəhərindəki evdə aparılan axtarış zamanı onun adına yazılmış və Ukraynaya gedib-gəlməsi barədə ştamp vurulmuş Azərbaycanın saxta ümumvətəndaş pasportu aşkar edilərək götürülüb.

Araşdırmalarla həmin pasportun hazırda Rusiyanın Bryansk şəhərində yaşayan, Zərdab rayonunda anadan olan Azərbaycan vətəndaşı Ceyhun Şirinovun adına verildiyi müəyyən edilib və o, istintaqa cəlb olunub.

Ceyhun Şirinov ifadəsində pasportun istifadə müddətinin 27.11.2007-ci ildə bitməsi ilə əlaqədar Moskvada Rəşid adlı şəxsə verdiyini və onun vasitəsilə 8 min rubla yeni pasport aldığını bildirib. Bu faktla əlaqədar aidiyyəti nazirliklərdə araşdırmalar aparılır.

Fərda Qədirovun Podolsk şəhərində yaşadığı müddət ərzində bir neçə telefondan istifadə etməsi də müəyyən olunub və həmin dövrdə əlaqələrinin araşdırılması istiqamətində tədbirlər həyata keçirilib.

İstintaq araşdırmaları ilə o da müəyyən edilib ki, Fərda Stavropol diyarında bacısı Yeganənin evində yaşadığı müddətdə orada taksi sürücüsü işləyən milliyyətcə rus olan qəsəbə sakininə bildirib ki, Moskva şəhərində zavodda işlədiyi zaman, ermənilərlə azərbaycanlılar arasında münaqişənin olmasına baxmayaraq, ermənilərlə yaxın münasibət və ünsiyyət saxlayıb. O, azərbaycanlıların ona pul vermədikləri halda, erməni dostlarının borc verdiklərini minnətdarlıq hissi ilə danışıb.

FƏRDA SİLAHI QANUNİ ƏLDƏ EDİB

Gürcüstanın hüquq mühafizə orqanlarının yaxından köməyi ilə Fərda Qədirovun Marneuli rayonunun Daştəpə kəndində yaşayan qohumları, qonşuları, orta məktəb yoldaşları, əlaqə saxladığı şəxslər, cinayətdə istifadə etdiyi tapançanın alınması üçün sənədlər vermiş müəssisə və təşkilatlarda çalışanlar, ona silahı satmış «Kula ARMS Corciya» Məhdud Məsuliyyətli Cəmiyyətin işçiləri dindirilib, müvafiq arayışlar alınıb və iş üçün əhəmiyyət kəsb edən sənədlər götürülüb.

İstintaq göstərib ki, Fərda Qədirovun «Makarov» tipli tapançanı və bu silahın patronlarını Gürcüstanın qanunlarına əsasən, ancaq saxlamaq hüququ olduğu halda, o, həmin silahı qanunsuz olaraq üstündə gəzdirib. 2008-ci ilin payızında isə Marneuli şəhərində yerləşən fotoatelyeyə gələrək birinci dəfə qara eynəkdə əlində tapança tutmuş vəziyyətdə özünün seçdiyi payız fonunda, ikinci dəfə isə eyni formada ağ fonda cəmi dörd fotoşəkil çəkdirərək onları sevdiyi qıza göndərmək istəyib...

Fərda Qədirovun «Makarov» tapançasını və patronları alması faktı üzrə aparılmış istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, milliyətcə erməni olan Gürcüstan vətəndaşı Sergey Qriqoryan əvvəlcədən razılaşdıqları kimi silah və patronları almaq, lazım olan sənədləri əldə etmək üçün 2008-ci ilin oktyabr-noyabr aylarında Fərda Qədirovla dörd dəfə zəngləşərək görüşüb. O, sonuncunu Tbilisi şəhərində yerləşən «Kula ARMS Corciya» Məhdud Məsuliyyətli Cəmiyyətə, patrul polisi məntəqəsinə, tibbi arayış almaq üçün «İntermedi» tibb mərkəzinə aparmaqla zəruri sənədlər toplayıb.

FƏRDANIN GƏLİŞİNİN MƏQSƏDİ «SEYİD QASIM» KİMİ TANINAN HƏMYERLİSİNİ ÖLDÜRMƏK OLUB

Fərda Qədirovun Bakıya gəlməsinin səbəbləri araşdırılarkən onun həmkəndlisi və cinayəti törətməkdə köməkçisi qismində iştirak edən Nadir Əliyevə gəlişinin məqsədinin «seyid Qasım» kimi tanınan həmyerlisi Qasım Əsgərovu öldürmək olmasını bildirdiyi müəyyən edilib. Aparılmış araşdırmalarla məlum olub ki, 2004-cü ilin yay aylarında Marneuli rayonunun Daştəpə kəndində yaşadıqları vaxt Fərda Qədirovla həmkəndlisi Qasım Əsgərov arasında şəxsi münasibətlər zəminində münaqişə baş verib və Fərda Qədirov onu vurub yıxıb. Bir müddət sonra Fərda Qədirov valideynləri ilə birlikdə Rusiyaya gedib, Qasım Əsgərov isə 2006-ci ilin oktyabrında oğurluq etdiyinə görə məhkum olunub. 2008-ci ilin dekabr ayında cəzaçəkmə müəssisəsindən azad edidikdən sonra ailəsi ilə birlikdə işləmək üçün Bakıya gəlib və Qaraçuxur qəsəbəsində kirayə tutduqları mənzildə yaşayıb. Bakıda F. Qədirov öz həmyerliləri vasitəsilə Qş Əsgərovun yaşadığı ünvanı öyrənib və planını həyata keçirmək məqsədi ilə 2009-cu il mart ayının axırlarında Qaraçuxur qəsəbəsinə gəlib. O, Qasım Əsgərovun yaşadığı evə yaxınlaşarkən təsadüfən sonuncunun oğlu Rasimlə rastlaşıb və gəlişinin səbəbi ilə maraqlandığını gördükdə dərhal oradan uzaqlaşıb. F. Qədirov Qasım Əsgərovun oğlunun toy mərasiminin harada və nə vaxt keçiriləcəyini hər vasitə ilə Nadir Əliyevdən öyrənmək istəsə də buna nail olmadığından, planlaşdırdığı cinayəti həyata keçirə bilməyib.

TAPANÇANI GÖMRÜK NƏZARƏTİNDƏN ARİZ QABULOV KEÇİRİB

Martın 12-də Fərda Qədirov tapança və patronları götürərək Marneuli-Bakı avtobusunun sürücü köməkçisi Ariz Qabulova müraciət edib, sonuncu onu Bakı şəhərinə aparacağını və mənzil ilə təmin edəcəyini vəd edib. Sərhəddə digər sərnişinlərlə bərabər Fərda Qədirov da piyadalar üçün nəzərdə tutulmuş nəzarət məntəqəsinə daxil olaraq yoxlamadan keçib. Həmin vaxt yanındakı şəxsə ailənin yeganə uşağı olduğunu bildirərək, özünü Ramin adı ilə təqdim edib. Bakıya çatdıqda Ariz Qabulovla birlikdə onun qardaşının adına olan mənzilə gələrək kirayənişin qismində yaşayıb. Cinayətin törədilməsi ərəfəsində, yəni 2009-cu il aprelin 27-28-də Ariz Qabulov Fərda ilə görüşüb və iki gün onunla həmin mənzildə qalıb.

Cinayətdə Fərda Qədirovun köməkçisi qismində iştirak edən həmkəndlisi Nadir Əliyev istintaqa verdiyi ifadəsində Bakı şəhərində olduğu müddətdə iki dəfə Fərdanın yaşadığı mənzilə getdiyini, orada qaldığı vaxt sonuncunun ona tapançanı və dolu patrondaşları göstərdiyini, öz planları haqqında danışdığını bildirib. Həmçinin silahdan istifadəni öyrənmək üçün Gürcüstanda yaşadığı evdə məşq etdiyi zaman Nəcəf Süleymanovun da yanında olduğunu, silahın Azərbaycana gətirilməsində isə Ariz Qabulovun kömək göstərdiyini deyib.

Bu istiqamətdə aparılan istintaq araşdırmaları ilə məlum olub ki, Bakıya gəldikdən sonra Fərda Qədirov 2009-cu il martın 31-də Nəcəf Süleymanovla telefon əlaqəsi saxlayıb, lakin sonuncu onunla ünsiyyətdən yayınmaq üçün başqa nömrəli telefondan istifadə edərək Fərda Qədirovun 50-dən artıq zənginə cavab verməyib.

Ariz Qabulov əvvəlcədən hazırlaşmaqla Fərda Qədirova məxsus «Makarov» tapançası və patronları gömrük nəzarətindən gizli şəkildə keçirməklə qaçaqmalçılıq cinayəti törətdiyinə görə Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah və onun komplekt hissələrini saxlama və daşıma) maddələri ilə təqsirləndirilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Fərda Qədirovun Marneuli rayonunun Daştəpə kəndində qonşusu olmuş və Bakı şəhərində daim əlaqə saxladığı Nəcəf Süleymanov, Fərdanın əldə etdiyi silah və patronları özü ilə Bakı şəhərinə gətirdiyini və ağır cinayət törədəcəyini bildiyi halda, bu barədə hüquq mühafizə orqanlarına məlumat vermədiyinə görə Cinayət Məcəlləsinin 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) maddəsi ilə təqsirləndirilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

FƏRDA SPİRTLİ İÇKİ ALUDƏÇİSİ OLMAQLA TÜFEYLİ HƏYAT TƏRZİ SÜRÜB

Bütün bunlarla bərabər, araşdırmalar göstərib ki, Fərda spirtli içki aludəçisi olmaqla tüfeyli həyat tərzi sürüb, yaxın qohumları, qonşuları və tanışları ilə ünsiyyətdən yayınaraq özünəqapanmış vəziyyətdə yaşayıb. Davranışında qeyri-adekvat hərəkətlər müşahidə edilib, daim öz-özü ilə danışıb, pula həris olduğu halda işləməkdən yayınıb. Varlanacağı təqdirdə yaxınlarından heç biri ilə əlaqə saxlamayacağını bildirməklə valideynlərinin ona qarşı laqeyd münasibəti ilə əlaqədar həmişə özünü alçaldılmış sayıb. Qeyri-sağlam, ictimai mənəviyyata zidd həyat tərzi keçirməsinin məntiqi nəticəsi olaraq aparılmış tibbi-tədqiqatlarla meyitindən götürülmüş qanında «siflis» xəstəliyi aşkar edilib.

İstintaq-əməliyyat tədbirləri ilə Fərda Qədirovun dəfələrlə olduğu, Bakı şəhərinin Nərimanov rayonunda yerləşən «Eko» barında əxlaqsızlıq yuvasının təşkil edildiyi və bar işçilərinin oradakı saunada zöhrəvi xəstəliyə tutulmuş qadınların müəyyən pul müqabilində intim münasibətdə olmalarına şərait yaratmaları müəyyənləşdirilib. Bu fakt üzrə cinayət işinin materiallarından Cinayət Məcəlləsinin 244.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən əxlaqsız yuvaları saxlama) maddəsi ilə iş ayrılaraq, istintaq aparılması üçün Daxili İşlər Nazirliyinə göndərilib.

Hazırda cinayətin təşkilatçılarının, təhrikçilərinin, cinayətdə istifadə edilən silahın ölkəyə gətirilməsində iştirak edən başqa şəxslərin, cinayətin məhz Neft Akademiyasında törədilməsi səbəblərinin, Fərda Qədirovun və onunla əlaqəsi olanların Bakıda yaşadığı müddətdə digər cinayətlərdə iştirakının olub-olmamasının, xərclədikləri pulların əldə edilmə mənbələrinin müəyyənləşdirilməsi, habelə Rusiya Federasiyası, Gürcüstan və Ukraynada işin hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Aprelin 30-da Neft Akademiyasında 12 nəfər öldürülüb, 13 nəfər isə yaralanıb. Hadisəni törədən Fərda Qədirov da özünü öldürüb.
XS
SM
MD
LG