Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:44

«Dünyanın harasında olsam Azərbaycanı təbliğ edəcəyəm»


ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders
ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders
Diplomatik missiyasını başa vuran ABŞ-ın Azərbaycandakı səfiri Enn Ders iyunun 10-da səfirliyin iqamətgahında jurnalistlərlə vida görüşü keçirib. Azərbaycanda Amerikanın maraqlarını müdafiə etməkdən qürur duyduğunu deyən səfir bu ölkədən xoş təəsürratlarla ayrıldığını deyib. «Dünyanın harasında olacağamsa Azərbaycanı təbliğ edəcəyəm» deyən səfir, hara getməyindən asılı olmayaraq Azərbaycan dilini də öyrənməyi davam etdirəcəyini bildirib. Daha sonra xanım Ders jurnalistlərin suallarına cavab verib.

-Xanım səfir, Azərbaycanda olduğunuz müddətdə sizi daha çox sevindirən və kədərləndirən hallar hansılar olub?


-Azərbaycanda olduğum vaxt məni ən çox sevindirən hal mənim insanlarla təmasda olduğum hallar, Azərbaycan tarixi, Azərbaycan mədəniyyəti barədə məlumatlar aldığım zaman olub. Siz bilirsiniz ki, mən Azərbaycan dilini öyrənirdim. Dil bilmək bacarığı, mənəm imkan vermişdi ki, insanllarla öz dilində ünsiyyət qurum. Bilirsiniz ki, dil bilmək bacarığı ola bilər öz-özlüyündə xırda bir məsələdir, amma bu bizim dostluğumuzu rəsmi müstəvidən şəxsi müstəviyə keçirir. Adamlarla ünsiyyətdə olduğum zaman görürdüm ki, adamlar ürəklərini mənə açırlar. Azərbaycanda üç il ərzində tanış olduğum azərbaycanlılara öz minnətdarlığımı bildirirəm.

O ki qaldı Azərbaycanda yaşadığım kədərli məqamlara, sadəcə həmin məqamlar mənim ailəmdən kənar düşdüyüm vaxtlara təsadüf etmişdir. Mənim dörd övladım var. Onlardan üçü vaxtaşırı olaraq Azərbaycana gəlib gedirlər. Burda yaşayıblar. Amma onlar Amerikaya qayıdan da mən onlardan ayrı düşürdüm və bu məni çox kədərləndirirdi.

-Burda çoxlu tanış jurnalistlər var. Amma sizin tanıdığınız bir neçə baş redaktor burda yoxdur, onlar həbsdədirlər. Siz bir aydan sonra gedirsiniz və onları görməyəcəksiniz. Onlara sizin son sözünüz nə olardı?

-Sadəcə icazənizlə mən yenidən bu ismarışı təkrar edərdim ki, ABŞ ona inanır ki, azad tərzdə fəaliyyət göstərən mətbuat, ümumiyyətlə azadlığın və azad cəmiyyətin bir zəminini təşkil edir. Cənab Obama Qahirədəki çıxışında onu da qeyd etmişdir ki, ifadə və söz azadlığı mühüm azadlıqların biridir. Və biz düşünmürük ki, jurnalistlər peşəkar fəaliyyətə və şər-böhtan əsasında həbsxanada vaxt keçirməməlidirlər.

-Xanım səfir, Obamanın Bakıya səfər edəcəyilə bağlı mətbuatda bəzi məlumatlar səslənir bu barədə nə deyə bilərsiniz?

Səfir bir qrup Azərbaycan jurnalisti ilə
-ABŞ səfiri kimi fəaliyyət göstərdiyim zaman çox istəyərdim ki, prezident Obama Azərbaycana, Bakıya səfər etsin. Bir səfir kimi bu təşəbbüsün tərəfdarı kimi çıxış edirəm. Sadəcə bu istiqamətdə hər hansı bir konkret qərar qəbul olunmayıb. Amma çoxlarının yadındadır ki, artıq cənab Obama Azərbaycanda olub.

- Siz Azərbaycanı tərk edirsiniz bundan sonra da Azərbaycan dilini öyrənəcəksinizmi və bir də burdan gedəndən sonra turist kimi Azərbaycana gələcəksinizmi?

- Mən əlimdən gələni edəcəyəm ki, bundan sonra da Azərbaycan dili dərslərimi davam etdirim. Düşünürəm ki, artıq o səviyyəyə gəlib çatmışam ki, mən sizin sualı Azərbaycan dilində cavablandıra bilərəm.

-Xanım səfir, ABŞ Dövlət katibinin müavini Flip Qordonun regiona səfəri başlayıb. Ermənistanda olub, bu gün Gürcüstandadır, sabah (iyunun 11-də) Azərbaycana gəlir. Onun Bakıda keçirəcəyi görüşlər barədə məlumat vermənizi istərdik. Bir də Ermənistan mətbuatı yazır ki, Flipp Qordon orda olanda Dağlıq Qarabağ münaqişəsinin həlli prosesilə bağlı üç prinsip irəli sürdüyünü yazır. Birincisi ərazi bütövlüyü, ikincisi xalqların öz müqəddəratını təyinetmə və üçüncüsü isə güc tətbiqi olmadan münaqişənin həll edilməsi. ABŞ həmişə bəyan edib ki, münaqişənin həllində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Amma bu prinsiplərdən biri xalqların öz müqəddəratını təyin etməsi prinsipi var. Sadəcə soruşmaq istərdim ki, Amerikanın mövqeyində dəyişiklik olub yoxasa bu erməni mətbuatının uydurmasıdır?

-Tamamilə doğru dediniz ABŞ Dövlət katibinin Avropa və Asiya məsələləri üzrə katibinin müavini məhz bu bölgəyə səfər edir. Cənab Qordon səfər zamanı ölkə rəsmiləri, ictimai qurumların nümayəndələri və jurnalistlərlə görüşlər keçirəcək. Cənab Fillip Qordon iki həftə əvvəl bu vəzifəyə təyin edilən zaman Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla regiondakı münaqişələr və cərəyan edən digər hadisələrə nəzər yetirib. Və bundan sonra da bu prosesləri diqqət mərkəzində saxlayacaq. Bu Filip Qordonun regiona ilk rəsmi səfəridir. O ki qaldı ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi kimi ciddi və acınacaqlı məsələyə dair mövqeyi dəyişməyib. O qeyd olunan üç prinsipə gəldikdə demək istərdim ki, bu sözü gedən üç prinsip ATƏT-in Minski qrupu çərçivəsində cərəyan edən proseslərə təkan verən prinsiplərdir. Üç prinsipin tətbiqinə gəlincə, bu bilavasitə münaqişəyə daxil olan iki tərəfin qərarından asılı olacaq.

-Sizi əvəz edəcək səfirə nələri tövsiyə edərdiniz?

Səfir Elmar Hüseynovun atası Sabir Hüseynovla söhbət edir
-Məsləhət və tövsiyələrim ondan ibarət ola bilər ki, Azərbaycan mediası ilə təmasda olduğu zaman fəal olmaq və media prinsiplərini həmişə dəstəkləmək lazımdır.

- Siz burda olduğunuz zaman ən xoş və kədərli hallarınızdan danışdınız, amma mən sizdən keçən bu üç ili professional nailiyyətlər baxımından dəyərləndirməyinizi xahiş edəcəyəm. Siz səfir olduğunuz müddətdə Amerika radioları Azərbaycanda FM tezliyində yayımını dayandırdı. Ümumiyyətlə sizin bu üç ildə göstəriciləriniz necə olub və ölkənin demokratiya sahəsində göstəriciləri necə dəyişib?

- Sadəcə yadıma gəlir ki, üç il bundan əvvəl Azərbaycana gəldikdə BTC, bilavasitə öz fəaliyyətinin sürətini yığmaq dövrünü yaşayırdı. Azərbaycana enerji ehtiyatlarından yenicə gəlir gəlməyə başlayırdı. Bu isə özü-özlüyündə Azərbaycana çoxsaylı dəyişikliklər idxal etdi. Ola bilsin həmin dəyişikliklər yaxşı olub, ola bilsin müəyyən dəyişikliklər xoşagələn olmayıb. Sadəcə bu kimi dəyişikliklərin son nəticə etibarı ilə nə gətirəcəyini gözləməliyik. Sadəcə olaraq bu vaxt tələb edir. O ki qaldı demokratik dəyişikliklərə və demokratiyanın inkişafı sahəsində olan hər hansı bir irəliləyişə mən bilirəm ki, Azərbaycan artıq demokratiyanın inkişafı istiqamətində bağlılığını bildirmişdir. Azərbaycanın bu bağlılığı və niyyəti çoxsaylı sənədlərdə öz əksini tapıb. Eyni zamanda Azərbaycan beynəlxalq demokratik təşkilatların təşkil etdiyi təşəbbüslərə qoşulub. Bununla yanaşı bilirəm ki, Azərbaycan qərbyönlü bir dövlətdir və bu istiqamətdə öz inkişafını təmin etmək istəyir. Bununla yanaşı bilirəm ki, Azərbaycan güclü dövlətdir. Demokratik dəyişiklikləri təmin etmək üçün Azərbaycanın kifayət qədər resursları və potensialı mövcuddur. Başa düşürəm ki, demokratik dəyişikliklər bir gün, bir gecə ərzində baş verməyəcək. Sadəcə bunun təminatı üçün addımlar atmaq lazımdır. ABŞ-ın mövqeyinə gəldikdə cənab Obama Qahirədəki çıxışında yenidən bəyan edib ki, Birləşmiş Ştatlar məhz Azərbaycanda demokratiya istiqamətində inkişafın təminatı sayəsində Azərbaycanın güclü tərəfdaşı olaraq qalacaq. Cənab Obama Qahirədəki çıxışında onu da dedi ki, həqiqi demokratiya insanların iradəsinə əsaslanan demokratiyadır. Cənab Obama öz fikrini yekunlaşdıraraq dedi ki, heç bir dövlət başqa dövlətə idarəçilik formasını tətbiq edə bilməz.

-Sizin Azərbaycan ədəbiyyatından, folklorundan nümunələr çəkməyiniz həmişə diqqəti cəlb edir. Siz Litva poeziyası, ədəbiyyatı və bu ölkənin dililə maraqlanmağa başlamısınızmı?

-Sadcə bir vacib amil var ki gərək onu nəzərə alasınız. Prezident Obama mənim Litvada səfir olmağımla bağlı namizədliyimi irəli sürsə də, Senat buna qərar vermədiyi üçün hər hansı fəaliyyət barədə danışmaq çox tez olardı. Bu baxımdan da mən hazırda ABŞ-ın Azərbaycana təyin olunmuş səfiriyəm. Vaxtımın hər dəqiqəsindən istifadə edərək Azərbaycan ədəbiyyatı, Azərbaycan dili barədə bacardığım qədər məlumat toplamağa çalışıram.
XS
SM
MD
LG