Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:29

İranın Azərbaycandakı konsulluğunda seçki məntəqəsi yaradılıb


Prezident Mahmud Əhmədinejatın seçki kampaniyası. Tehran, 2 iyun 2009
Prezident Mahmud Əhmədinejatın seçki kampaniyası. Tehran, 2 iyun 2009
İranda keçiriləcək prezident seçkisi ilə əlaqədar bu ölkənin Azərbaycandakı konsulluqlarında seçki məntəqəsi yaradılıb.

«Seçki məntəqəsi iyunun 12-də seçkiyə start verilən kimi açılacaq və 10 saat müddətində fəaliyyət göstərəcək». Bu barədə «Trend»ə İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Abbas İsgəndəri məlumat verib.

Mətbuat katibinin sözlərinə görə, səfirlikdə səkkiz nəfərlik seçki komissiyası yaradılıb və komissiyanın sədri səfir Məhəmməd Baqir Bəhramidir. «Komissiyada səfirlik əməkdaşları və Azərbaycanda yaşayan tanınmış iranlılar təmsil olunur», - o deyib.

İsgəndəri bildirib ki, ötən prezident seçkisində Azərbaycanda yaradılmış seçki məntəqəsində 700 İran vətəndaşı iştirak etmişdi.

İranda prezident seçkisi iyunun 12-də keçiriləcək. Prezidentliyə namizədlər indiki dövlət başçısı Mahmud Əhmədinejad, İran İnqilab Qvardiyasının sabiq komandiri Möhsün Rezayi, Milli Etimad Partiyasının sədri Mehdi Kərrubi və İranın sabiq baş naziri Mirhüseyn Musəvidir.

Seçkilərdə dünyanın 130 ölkəsində yaşayan İran vətəndaşları iştirak edəcək. Bu məqsədlə Seçki Məcəlləsinin şərtlərinə uyğun olaraq xarici ölkələrdə 304 seçki məntəqəsi yaradılıb, həmin ölkələrdə yerləşən səfirlik və nümayəndəliklərə 450 min səsvermə bülleteni göndərilib.

İranda prezident seçkisi dörd ildən bir keçirilir. Bu il Azərbaycanda 1000-ə yaxın İran vətəndaşının prezident seçkisində iştirakı gözlənilir.

İranın Bakıda və Naxçıvanda baş konsulluqları fəaliyyət göstərir.
XS
SM
MD
LG