Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:23

«Əndican dərsləri»


İslam Kərimov etirazları qan içindi boğdu
İslam Kərimov etirazları qan içindi boğdu
«Bizim Yol»: 2005-ci ilin 14 mayında Özbəkistanın 4-cü böyük şəhəri olan Əndicanda (320 min əhali) xalq qiyamı başa çatdı. Məğlubiyyətlə. Böyük qanla. İslam Kərimov etirazları qan içindi boğdu. «Tərəqqipərvər bəşəriyyət» və demokratik Qərb minlərlə adamın qətlinə görə Kərimova «gözün üstə qaşın var» demədi. Məmməd Süleymanov «Əndican dərsləri» sərlövhəli köşə məqaləsində belə yazır.

«Əndicandan sonra təkcə cəsəd qalıqları yox, həm də faciənin dərsləri qaldı. O dərslər isə öyrədir – Məğlublar həmişə haqsızdır. İnsan haqları və demokratiya Qərb üçün şirmadır. Vətəndaşlar üçün Ən böyük təhlükə mənbəyi qeyri-məhdud səlahiyyətlərə yiyələnmiş diktatordur. Dövlət terrorizmi bağışlanır. Siyasi-iqtisadi maraqlar geosiyasətdə hər şeydən üstündür…

…Sonralar hamı unutdu ki, mayın 13-də şəhər türməsinə və məhbusların azad olmasına qədər şəhərdə düz bir həftə dinc etiraz nümayişləri keçirilib. Kərimovla dialoq çağırışları səslənib. Və prezident-diktator bunların heç birinə məhəl qoymayıb».

«Yeni Müsavat»: «Şəxsən mənim üçün Qarabağ probleminə baxış tamam ayrı bir sualdan başlayır. Ümumiyyətlə, hansısa xalq özünün bir problemini digər problemlərindən ayırıb həll edə bilərmi? Şəxsən mən buna inanmıram. Belə bir şey ilk baxışdan ağlabatan görünə bilər, amma heç nəzəri cəhətdən də real deyil. Qarabağ probleminə də bu cür baxmaqdan savayı doğru yol görmürəm». Bunu Şahvələd Çobanoğlu yazır:

«Bu hakimiyyətdəkilər öz şıdırğı gəlirlərindən, tamahlarından, mənsəblərindən imtina etmədiyi üçün Azərbaycanın azad ərazilərini zülmün tapdağına çevirir və həm də özlərini elə göstərirlər ki, Qarabağ problemini həll etmək istəyirlər. Bəlkə özlərinə də bu istək səmimi görünür. Amma bu istək nə doğrudur, nə də səmimi. Bunun ikisi bir araya sığmır: həm ölkənin sərvətlərini oğurla, həm də Qarabağı sev. Bu, absurddur».

«Səs» qəzeti: «Qlobal iqtisadi böhran dünya ölkələrinin əksəriyyətində ciddi problemlər yaradıb. Böhrandan zərər çəkən ölkələrdə iş yerləri kütləvi ixtisara salınıb, istehsal xeyli aşağı düşüb, əhalinin alıcılıq qabiliyyəti azalıb. Azərbaycana da qlobal böhranın müəyyən təsirləri olsa da, bu, özünü yuxarıda qeyd etdiklərimiz formada göstərməyib. Böhran ölkəmizdə daha çox qiymətlərin ucuzlaşması və əhalinin alıcılıq qabiliyyətinin artması ilə müşayiət olunub ki, bunun da mənfi təsir olduğunu söyləmək olmaz». Qəzet «Azərbaycanda qlobal böhranın müsbət təsirləri» məqaləsində belə yazır.

«Üç nöqtə»: «Türkiyəyə satılan qazın qiyməti 200-300 dollar arasında dəyişəcək». İqtisadi ekspert Əli Əlirzayev belə deyir:

«Düzdür qardaş ölkə kimi Türkiyə-Azərbaycan arasında iqtisadi-siyasi əməkdaşlığının uzun tarixi var. Bu əməkdaşlıq başqa ölkələrdəki kimi adi deyil, strateji tərəfdaşlığa söykənir. Amma bu demək deyil ki, Azərbaycan öz məhsulunu satarkən biznes maraqlarını gözləmələidir. Bu elə məsələdir ki, beynəlxalq hüquq normaları çərçivəsində öz həllini tapmalıdır. Yəni müqavilələrə uyğun olaraq qiymətlərə vaxtaşırı yenidən baxılmalıdır. Qiymət dəyişərkən dünya bazarındakı situasiya nəzərə alınmalıdır».
XS
SM
MD
LG