Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:31

Tosif Həsənli "Divarlar" (Hekayə)


Balaca, ekranı qaralmış köhnə televizor indiyə qədər onlara heç nə göstərməmişdi. Gəldikləri gündən onu belə görmüşdülər. Bəlkə də nə vaxtsa kökü uzaqlarda olan, donuq baxışları öz üzərində hiss etməkdən yorulmuş, acığa düşüb gözlərini birdəfəlik yummuşdu. Onu görənləri görmək istəmirdi; ona baxanlara baxmaq istəmirdi. Özünü kor etmişdi bəlkə də, amma danışırdı.

Nəhəng və vahiməli qəbri xatırladan bu havasız kazarmada divarlar var; saysız-hesabsız, boz, kirli, qəhvəyi divarlar. Zahirən bir-birinə hədsiz dərəcədə oxşayan əsgərlərin hər biri sanki digərlərindən divarlarla ayrılıb. Hər biri öz divarları arasında yaşayır; hər biri öz divarından boylanır digərinin divarına.

Qara qutu danışırdı və Əzimovdan başqa hamı onun varlığını unutmuşdu.

“Uzun illərdir ki, Azərbaycan torpaqları işğal altındadır”.

Uzun illər. Uzun və uzaq illər... Bu səs Əzimova tanış idi; bu sözlər də. Ancaq nədənsə hər dəfə bu cümlənin təsirinə qapılırdı. Stulunu televizora bir az da yaxınlaşdırıb, qulağını ekrana dirəmişdi. Dəmir stəkana tünd, palçıq kimi əsgər çayı süzmüş, stəkanı iki əlinin arasında tutmuşdu. Əlləri isindikcə çay soyuyurdu.

“Baxmayaraq ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri Ermənistan qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edir, bu günə qədər bu qətnamələr icra olunmur”.

Gözlərini qaranlıq ekrana zilləmişdi Əzimov; dördbucaq qaranlıq isə aramla, dərindən nəfəs alaraq danışırdı. Uzun müddət idi ki, Əzimov yaşamağı beləcə hərəkətsiz qalmaq kimi dərk edirdi.

Dörd nəfər iki çarpayının arasına qoyduqları balaca kətilin üzərində domino oynayırdı, bir nəfərsə diqqətlə kənardan oyuna tamaşa edirdi. Heç biri danışmırdı. Domino daşlarının şaqqıltısı qara qutudan gələn uzaq səsə qarışırdı.

“Azərbaycanın bütün istiqamətlərdə atdığı addımlar çox uğurludur”.

Üst-üstə yığılmış domino daşlarının şaqqıltısı alqış səslərini xatırladırcasına bürüdü kazarmanı.

Öz divarlarının arasında bir də Haşımov vardı; çarpayısında uzanmışdı. Heç kim görmürdü onu; divarları hər kəsinkindən daha qalın idi Haşımovun. Gülsənəmi düşünürdü. Onunla nə vaxtsa üz-üzə gəldiyini xatırlamırdı. Çünki qonşusuydu Gülsənəm, parta yoldaşıydı; həmişə yan-yana olmuşdular, məktəbə yanaşı getmiş, yanaşı qayıtmışdılar, parta arxasında yan-yana oturmuşdular; yan-yana yaşamışdılar uşaqlıqlarını, bir-birlərini yan-yana sevmişdilər. Çox vaxt Gülsənəmin üzü canlanmırdı Haşımovun xəyalında; gözünün qabağına gətirə bilmirdi o üzü. Ona elə gəlirdi ki, doğulandan bəri Gülsənəm ilə var olmuşdu; sanki ayrı bir üzü yox idi Gülsənəmin; Haşımovun üzünün bir parçasıydı o üz. Ancaq sevdiyinin bədəni ayrı bir əraziydi, başqa bir mövcudluq sahəsiydi. İndi bunu damarlarına qədər hiss edirdi.

“Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu olmamışdır və olmayacaqdır”.

Gülsənəmin ərazi bütövlüyü... Düşündükcə böyüyürdü Haşımov, yekəlirdi, divarlarına sığmırdı.

Hər gecə gəlirdi Gülsənəm; hər gecə havasızlıqdan əziyyət çəkən kazarmanın qonağı olurdu. Sakitcə içəri keçir, kor televizorun qabağından, domino daşlarının şaqqıltısı arasından süzülüb Haşımovun çarpayısına yaxınlaşır, paltarlarını soyunub onun yanında uzanırdı. Gələn kimi Haşımovu soyundururdu Gülsənəm.

Yenə gəlmişdi ayaqlarının ucunda. Haşımovun bədəninə hopmuşdu. Kazarmanın təngə gətirən havasızlığını Haşımov hiss etmirdi artıq; Gülsənəmin nəfəsini udurdu. Bədəninin hər yeri onun nəfəsiylə nəfəs alır, onun nəfəsiylə dirilirdi.

“Biz başqa sahələri inkişaf etdirdiyimiz kimi, hərbi sahəyə də böyük diqqət göstəririk”.

Getdikcə bədəni əriyirdi Haşımovun. Hər şeyi unutmuşdu – aclığını, yalnızlığını, ayaqlarındakı yaraları, hər şeyi... Bütün ağrılarını unutmuşdu. Qara qutu görmürdü, heç kəs görmürdü; sanki hamı, hər şey yox olmuşdu. Təkcə Gülsənəm var idi; kirli dərisilə, damarlarından sürətlə axan qanla üstünə uzandığı Gülsənəm.

Qara qutu susmurdu.

“Çünki Azərbaycan hələ də müharibə şəraitindədir!”

Var gücü ilə sıxmışdı özünə Gülsənəmi, əritmişdi öz içində. Sevdiyinin bədənini özünə həbs etmişdi; işğal etmişdi onun torpaqlarını.

“Müharibə bitməyib!”

Nəfəsi kəsilmək üzrə idi. Başdan-ayağa öz tərində islanmışdı. Divarları bir-bir çökürdü Haşımovun.

Müharibə... Qara qutunun çıxışı... Domino daşlarının alqış sədaları... Gülsənəm...

“...və Azərbaycan ordusu torpaqlarımızı hərbi yolla azad edəcəkdir!”

Bütün bədəni titrəyirdi. Qollarını kənara açmış, dərindən nəfəs alırdı.

Qara qutu susdu.

Artıq heç nə düşünmürdü Haşımov, zehni boşalmışdı. Sadəcə bayıra çıxmaq, tərli bədənini soyuq küləkdə qurutmaq, siqaret çəkmək istəyirdi. Ancaq özünü o qədər çəkisiz, o qədər yüngül hiss edirdi ki, ayağa qalxsa, ayaqlarının yerə dəyməyəcəyindən, havadan asılı qalacağından qorxurdu.

***

Qaranlıq susan kimi Əzimov oturduğu yerdən qalxdı, əllərinin arasında bumbuz olmuş, dadına heç cür öyrəşə bilmədiyi çayı birnəfəsə başına çəkdi, öz-özünə “yenə kimsə qaranlıqdan öləcək” deyib yatağına uzandı. Heç kim Əzimovun nə dediyini eşitmədi. Əzimovun əsgər yoldaşları da bu ölkənin bütün insanları kimi anlamadıqları, dərk etmədikləri adamı vaxt keçdikcə ümumiyyətlə eşitmirdilər.

Birdən, lap yaxınlıqda güllə səsləri eşidildi. Hamı bir nəfər kimi yerindən dik atıldı. Bayırda kimsə müvazinətini saxlaya bilməyib yerə yıxılmışdı. Ancaq qısa müddətdə güllə səsi kəsilmiş, hər tərəfi sükut bürümüşdü.

Əsgərlər qorxudan dörd açılmış gözlərini bir-birlərinə zilləmişdilər. Bəlkə də ilk dəfə bu qədər diqqətlə baxırdılar bir-birlərinə. Domino oynayanlardan biri gözlərini hürkmüş sifətlərdən çəkib Haşımovun çarpayısına baxdı. Haşımov yerində yox idi. Üstündə “H” yazılmış kirli adyal sürüşüb çarpayıdan düşdü; və qara qutunun yanında addım səslərinə oxşar hənirti eşidildi. Sanki kimsə Haşımovun yatağından çıxıb iti addımlarla kor televizorun qabağından keçmişdi. Birdən kazarmanın qapısı öz-özündən açıldı, soyuq külək vıyıltıyla içəri doldu.
XS
SM
MD
LG