Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 09:45

«Ümidlə gözləyirəm ki, onun adına döngə olacaq»


Emin Abdullayev
2 il bundan əvvəl Azərbaycan Dövlət Neft Akademiyasında ölənlər arasında Gəncənin Natavan qəsəbəsində kasıb ailədə böyümüş 20 yaşlı Emin Abdullayev də var idi. Onların evində anım mərasimi keçirilirdi. Divarda Eminin böyüdülmüş son zəng şəkli asılmışdı. Ailəsinə təsəlli verməyə gəlmiş yaxınları onun xatirələrindən danışırdılar.

Anası İlya Abdullayeva 2 il bundan əvvəl oğlu ilə telefonla son danışığını xatırladı:

«DEDİ ÇOX DARIXIRAM»

- 2 il bundan əvvəl onunla danışmışdıq. Dedi çox darıxıram. Amma sonra qara xəbəri gəldi. Əvvəl qızım zəng edib dedi. Gəncədə hazırlıqda olarkən yoldaşlarından eşitmişdi. Sonra da televizordan eşitdik. Dəhşət idi...

- Sizcə qatillər tapılıb?

- Mən onları axtarıb tapa bilmərəm ki, hökumət bunu etməlidir. Keçən il məhkəmə bitdi. 4 nəfər tutuldu. Amma narahatam. Yəqin hökumət bilir ki, onlar həqiqi qatillərdir ya yox. Qəzəbim sonsuzdur, amma neyləyə bilərəm. O, savadlıydı, ağıllıydı. Orada həm oxuyurdu, həm də restoranda ofisiant işləyirdi.

TƏK TƏSƏLLİ

İlya xanım
İlya xanımın tək təsəllisi yaşadıqları qəsəbədəki adsız döngələrin birinə Eminin adının verilməsi vədidir. Deyir ki, icra qurumları onların ailəsinə söz veriblər ki döngələrdən biri məhz Eminin adını daşıyacaq.

- Ümidlə gözləyirəm ki, onun adına döngə olacaq. Bu, təsəllim olacaq... Baxmayaraq ki, ona şəhid statusu vermədilər....

Eminin bacısı Leyla isə qəhərdən danışa bilmir. Onun atası da danışa bilmədi. Ailəyə səbir diləyib getmək istəyirdim ki, bir qrup gənc əllərində qərənfil buketi ilə mərasimə gəldilər.

Bəziləri Eminin hazırlıq yoldaşı, bəziləri isə sağlığında onu tanımayan gəncəli gənclər idi.
XS
SM
MD
LG