Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:47

Şah İsmayıl Xətai. Bayatılar


Xətayi, can arxına,
Əhli-ürfan arxına.
Mə’rifətdən su gəlib,
Tökülür can arxına.

Könül vermə nadana,
Haqqı inkar edənə,
Müridəm, haqq demişəm
Məhəbbət xanadana.

Xətayim der bayağı,
Atılandır bayağı,
Quşlarda nə quşu var,
Təpəsində ayağı?

Xətayiyə han gəldi,
Mürdə cismə can gəldi,
Yə’qubi-zar оlmuşam,
Yusifi-Kən’an gəldi.

Xətayiyəm, xəttaram,
Həq sirrinə səttaram,
Həkimlərin dərmanı,
Təbiblərə əttaram.

Xətayiyəm bir halım,
Əlif üstündə dalam.
Sufiyəm təriqətdə,
Həqiqətdə abdalam.

Xətayim, ver cəvablən,
Qırmızı gül gülablən,
Səndən can əsirgəməm,
Zira kim, bir hesablən.

Xətayi Mehdi оldu.
İmamlar cəhdi оldu,
Gətir, getdi qəm-qüssə,
Şadilik vaxtı оldu.

Xətayi, işin düşər,
Gəlib-gedişin düşər,
Dişləmə çiy löqməni,
Yerinə dişin düşər.
XS
SM
MD
LG