Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:30

«Gül bayramı»na etiraz edən gənclərin həbsi başlandı


Əbülfəz Qurbanlı
Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslıya da 3 sutka həbs cəzası verilib.

Bu barədə «Azadlıq» radiosuna onun anası Başxanım Abbaslı məlumat verib.

Həbs olunan 5 müxalifətçinin hamısı hazırda Binəqədi qəsəbəsindəki təcridxanada saxlanılır.

***

«Amerika səfirliyi müxalifətçi fəalların həbsindən narahatdır».

ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Terri Devidson «Azadlıq» radiosuna belə deyib.

«Demokratik cəmiyyətin əlaməti sərbəst toplaşmaq və söz azadlığıdır. Ümid edirik ki, bütün azərbaycanlılar bu hüquqların tərəfdarıdır».

***
«Müsavat Partiyasının fəalları Əhəd Məmmədov, Murad Kərimov və Yalçın Abbaslıya 3 sutka həbs cəzası verilib».

Bunu «Azadlıq» radiosuna Müsavat Partiyası mətbuat xidmətinin əməkdaşı Mehman Kərimli deyib. O bildirib ki, gənclər Binəqədi qəsəbəsindəki müvəqqəti saxlama təcridxanasına aparılıb.

Amma Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı haqda məlumat yoxdur.

T. Abbaslı bu səhər saxlanılıb. Valideynləri onun Nəsimi rayonu 22-ci polis bölməsində olduğunu deyir. Ancaq bölmədən bu məlumatı təkzib ediblər.

***

AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı polisə tabe olmamaq ittihamı ilə həbs edilib.

Bunu «Azadlıq» radiosuna AXCP təşkilat şöbəsinin müdiri Şahin Əfəndi deyib.

«Nərimanov Rayon Məhkəməsi inzibati qaydada 10 sutka həbs cəzası kəsib, polisə tabe olmamaq ittihamı ilə. Əbülfəz 5-6 gənclə evə gedirdi. İki «Jeep»də olan şəxslər «28 may» metrosunun yaxınlığında onu maşına mindirib polis məntəqəsinə aparıblar. Orada da ona qarşı ittiham irəli sürüblər ki, polisə müqavimət göstərib. Əbülfəzin özü belə hadisənin olmadığını deyir».

***
«Azərbaycan hökuməti tələbə etirazından, Azərbaycanda yaranacaq tələbə hərəkatından qorxduğu üçün bu metoda əl atır» - Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Rüfət Hacıbəyli bu fikirdədir.

Mayın 8-də ADP-nin qərargahında keçirilən forumdan sonra Müsavat Partiyasının 4 üzvü saxlanılıb.

Rüfət Hacıbəyli: «Axşam forumdan sonra Murad Kərimova polis bölməsindən zəng oldu və onu apardılar. Daha sonra Əhəd Məmmədlini, Yalçın Abbaslını tutdular. Bu səhər isə Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslını evdən çıxıb iclasa gələrkən aparıblar».

Mayın 8-i axşam saat 21.30 radələrində özünü polis əməkdaşları kimi təqdim edən mülki geyimli şəxslər AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlını saxlayıblar. Mayın 9-da Ə.Qurbanlıya 10 sutka iş kəsilib.

Bunu «Azadlıq» radiosuna AXCP Gənclər Komitəsinin üzvü Elçin Həsənov bildirib.

Elçin Həsənov Əbülfəz Qurbanlının döyülərək maşına mindirildiyini deyib:

«Biz mətbuata məlumat verəndən sonra bizə zəng gəlib ki, başınızı hər işə soxmayın. «Gül bayramı»na çıxmayaq deyə, ayağımızı sındırmaqla da hədələyiblər».

AXCP-dən verilən məlumata görə, Əbülfəz Qurbanlı hazırda Binəqədi rayonunun müvəqqəti saxlanma təcridxanasındadır.

Rüfət Hacıbəyli və Elçin Həsənov
Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslının valideynləri isə «Azadlıq» radiosuna deyiblər ki, oğulları Nəsimi rayonunun 22-ci polis bölməsindədir. Ancaq polis bölməsindən bu adda şəxsin bölmədə olmadığını dedilər.

Saxlanılan müsavatçılardan Murad Kərimovun isə səhər saat 9-dan Yasamal rayon Məhkəməsində olduğu bildirilir.

AXCP Gənclər Komitəsinin üzvü Elçin Həsənov beynəlxalq təşkilatlara və xarici səfirliklərə müraciət edir ki, gənclərin təhlükəsizliyinin təmin olunması üçün addımlar atsınlar.

Müsavat Partiyasından Rüfət Hacıbəyli müxalifətçi gənclərin saxlanmasına baxmayaraq, mayın 10-da dinc etiraz aksiyası keçirmək niyyətində olduqlarını deyib:

«Dinc etiraz etmək istəyirik, həm universitetlərdə təhlükəsizliyimizin təmin olunmamasına, həm də rüşvət və digər neqativ hallara. Başqa niyyətimiz yoxdur, bunu siyasiləşdirmək lazım deyil».
XS
SM
MD
LG