Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 12:28

Toqquşmalarda azı 30 nəfər yaralanıb


Xəsarət alanların əksəriyyəti aksyaçılar olub
Xəsarət alanların əksəriyyəti aksyaçılar olub
Tbilisdə polislə müxalifət tərəfdarları arasında toqquşmalarda azı 30 nəfər yaralanıb. Xəsarət alanların da əksəriyyəti aksyaçılar olub. Müxalifət Saakaşvilini siyasi və iqtisadi böhranla mübarizə apara bilməməkdə, əksinə vəziyyəti gərginləşdirməkdə ittiham edirdi. Bu günə kimi polis aksiyaları ancaq müşahidə edirdisə, bu gün xüsusi vasitələrdən istifadə edib, dağıtmağa çalışıb.

Müxalifət toqquşmalarda polisi ittiham edir. Həm də təkcə toqquşmaların başlamasına görə yox, aksiyaçılara qarşı aşırı güc tətbiq etməkdə də. Müxalifət liderlərindən keçmiş spiker toqquşmalardan sonra keçirdiyi mətbuat konfransında deyib ki, polis dinc aksiyaçılara qarşı rezin güllələrdən və dəyənəklərdən istifadə edib və insanlar da başlarından vurulublar. Burcanadze dediklərinə sübut kimi, hadisə yerindən götürdüyünü iddia etdiyi rezin güllə də nümayiş etdirib:

«Hər kəs göz, alın və gicgah nahiyəsindən yaralanıb. Polis deyir ki, rezin güllələrdən istifadə etməyib. Amma elə birini mən götürüb, saxlamışam və bütün dünyaya göstərmək istəyirəm».

Rəsmilər isə rezin güllələrdən də, aşırı gücdən də istifadə etdiklərini təkzib edirlər. Daxili İşlər nazirinin müavini Eka Zquladze Gürcüstan televiziyasıyla Burcanadzenin ittihamlarını cavablayıb.

Nazir müavini deyib ki, əksinə müxalifət tərəfdarları polisə taxta parçaları və daşlarla hücum ediblər. Polis isə bunun müqabilində ancaq özünü qorumaq üçün minimum gücdən istifadə edib:

«Xəbərdarlıq etməliyəm ki, polisə hücum etmək, polisi vurmağa cəhd etmək çox ciddi cinayətlərdir və buna imkan verilməyəcək. Bu halda polis gücdən istifadə edəcəkmi? Edəcək, ancaq qarşılıqlı, proporsional dərəcədə, hücumun qarşısını almaq üçün lazım olan qədər».

Tbilisidəki toqquşmalarla eyni gündə NATO Gürcüstan hökumətini və müxalifəti danışıqlar stolu arxasına qayıtmağa və mübahisələrini dialoqla yoluna qoymağa çağırıb. Amma Alyans hökuməti də çağırıb ki, söz və toplaşmaq azadlığını təmin etmək, dinc aksiyaçılara güc tətbiqindən çəkinmək üçün lazım olan bütün tədbirləri həyata keçirmək lazımdır.

Müxalifət liderlərindən biri, Gürcüstanın BMT-dəki keçmiş səfiri İrakli Alazania müxalifətin bugünkü aksiyasından öncə jurnalistlər vasitəsilə hər kəsə eyni müraciəti edib:

«Biz zorakılığın qarşısını almalıyıq. Bütün siyasi partiyalar, siyasi qüvvələrin təmsilçiləri və hökumət bu məsələdə ortaq mövqe nümayiş etdirməlidir. Və problemlərimizi ən qısa zamanda keçiriləcək bir görüşlə dialoq şəklində həll etməliyik. Mən inanıram ki, danışıqlar siyasi böhrandan yeganə çıxış yoludur».

Gürcüstandakı toqquşmalar və bundan öncə Saakaşvili hökumətinin Rusiyanı hərbi qiyam cəhdində ittiham etməsinin fonunda, okeanın o tayında – Vaşinqtonda ABŞ prezidenti Barak Obama Rusiyanın Xarici İşlər naziri ilə görüşüb. Lavrovu ölkə başçılarının qəbul otağında qəbul edən Obamanın bu görüşdə Gürcüstandakı vəziyyəti müzakirə etdiyi bildirilib.
XS
SM
MD
LG