Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 12:48

«Saakaşviliylə Gürcüstanın gələcəyi yoxdur»


Rusiyanın NATO-dakı nümayəndəsi Dmitri Roqozin
Rusiyanın NATO-dakı nümayəndəsi Dmitri Roqozin
Dünənki hərbi qiyam haqda məlumatlar və Rusiyanın etirazlarına baxmayaraq Gürcüstanda bu gün NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində hərbi təlimlər başlayıb. Onlarla ölkədən 1100-ə qədər əsgərin qatıldığı təlimlər bir vaxtlar Sovet və rus qoşunlarının olduğu «Vaziani» hərbi hava bazasında başlanıb.

Fransa və Kanadadan olan NATO əsgərləri artıq burda qərargah qurublar. İlk günlərdə böhran hallarında davranış təlimləri keçirilməsi planlaşdırılır. Mayın ikinci yarısında isə daha geniş miqyaslı sülhməramlı əməliyyatlar məşq ediləcək.

«Vaziani» hərbi bazası mayın 5-də hökumətə tabe olmaqdan imtina etdiyi iddia olunan Muxrovani hərbi hissəsinin bir neçə kilometrliyində yerləşir. Mayın 5-də Saakaşvili hökuməti bu bazadakı 500 əsgəri və tank bölüyünü Rusiyanın təxribat planına uyğun olaraq təlimləri pozmağa cəhd etməkdə suçlamışdı. Qiyam cəhdi sülh yoluyla dayandırılsa da, Moskva Tbilisinin növbəti ittihamlarını cavabsız qoymayıb.

Rusiyanın NATO-dakı nümayəndəsi Dmitri Roqozin Saakaşvilinin ittihamlarını «dəlilik» kimi qiymətləndirib:

«Bütün Gürcüstan vətəndaşları və dünyadakı hər kəs görür ki, Saakaşviliylə Gürcüstanın heç bir gələcəyi ola bilməz».

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov isə bu gün Saakaşvili hökumətinin özünü NATO təlimlərindən istifadə edib, Rusiyanı təxribata çəkmək istəməkdə ittiham edib:

«Gürcüstanın indiki rəhbərliyi bu cür təxribatların tərəfdarı olduğunu əvvəllər də nümayiş etdirib və əminəm ki, bu təxribatın bizim qarşı çıxdığımız NATO təlimləri ərəfəsində baş verməsi də təsadüfi deyil».

Lavrov NATO təlimlərinə etiraz olaraq ölkəsinin mayın 19-da keçirilməsi nəzərdə tutulan NATO-Rusiya danışıqlarında iştirakdan imtinasını da bu gün bir daha təkrarlayıb.

Mayın 5-dən 6-sına keçən gecə isə növbəti Rusiya-Gürcüstan söz savaşı BMT-də yaşanıb. Gürcüstanın təşkilatdakı nümayəndəsi Aleksandr Lomaya Moskvanı avqustdakı savaşdan sonra imzalanan atəşkəs sazişinə əməl etməməkdə ittiham edib. Lomaya Rusiya qoşunlarının Abxaziya və Cənubi Osetiya separatçı regionlarının sərhədlərini qorumaq adı altında regiona yerləşdirilməsinə işarə edib:

«Rusiya davamlı olaraq işğal etdiyi Gürcüstan ərazilərində silahlı qüvvələrinin və hərbi texnikasının sayını artırır. Qanunsuz olaraq yüzlərlə rus əsgəri sərhədçi adı altında Tsxinvali regionu və Abxaziyayla sərhədə toplanır».

Düzdür, Rusiyanın BMT-dəki nümayəndəsi Vitali Çurkin bu ittihamlara eyni üslubda cavab verib. Tbilisinin sözügedən regionların yaxınlığına hərbi qüvvə topladığını və növbəti hücuma hazırlıq görüntüsünü müşahidə etdiklərini bildirib. Rusiya NATO-yla əməkdaşlığını daha da genişləndirmək üzrə olan BMT-yə də diplomatik xəbərdarlıq edib. Bildirib ki, belə gərgin situasiyalarda təlimlərini təxirə salmayan bir blokla əməkdaşlıqda daha ehtiyatlı davranmaq doğru olardı.

BMT-nin Nyu-Yorkdakı qərargahında bu cür ittihamların səsləndiyi vaxtda, Vaşinqtonda, ABŞ Müdafiə Nazirliyindən Brayan Vaytman deyib ki, son hadisələr Amerikanın Gürcüstanla olan uzunmüddətli əməkdaşlıq planlarını dəyişdirə bilməz.

ABŞ Gürcüstana dəstəyini bir daha təkrarlasa da, NATO-nun mayın 6-da başlanan təlimlərində bəzi post-sovet ölkələrinin nümayəndələri və Moskvanın müttəfiqi olan Serbiya qatılmayıb. Keçmiş Sovet respublikalarından Moldova və Ermənistan Tərəfdaşlıq Proqramının iştirakçısı olsalar da, son anda Gürcüstandakı təlimlərə qatılmaqdan imtina ediblər.

Ermənistanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, müxalifətdən olan deputat Stepan Safaryan «Azadlıq» radiosuna deyib ki, rəsmi Yerevan Moskvanın təzyiqiylə bu addımı atmaqla səhv edib:

«Təəssüf ki, bu qərarın verdiyi mesaj budur ki, «bəli, biz hansısa 3-cü ölkənin arzusunu yerinə yetirmək üçün qonşumuzla strateji əməkdaşlıqdan imtina etməyə də hazırıq».

Ermənistan və Moldovadan fərqli olaraq Qazaxıstan bir neçə həftə əvvəldən təlimlərə qatılmayacağını bildirmişdi. Amma mayın 5-də ABŞ Dövlət katibinin köməkçisi Roz Qottemöller deyib ki, Qazaxıstanın təlimlərə qatılmamaqla bağlı qərarını başa düşmür. Və hesab edir ki, dövlətlər özləri, müstəqil olaraq bu cür təlimlərə qatılıb-qatılmamaqla bağlı qərar verməlidirlər.
XS
SM
MD
LG