Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:32

Dini icmaların yenidən qeydiyyatı tələb olunur


«Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətlərinin artırılmasına böyük ehtiyac var»
Mayın 6-da Milli Məclisin İnsan haqları komitəsi «Dini etiqad azadlığı haqqında» qanuna 10-dan çox əlavə və dəyişikliyi bəyənərək parlamentə göndərib. Komitənin sədri Rəbiyyət Aslanova deyir ki, konstitusiyaya əlavə və dəyişiklərin edilməsi bu qanuna da yenidən baxılmasını zəruri edirdi. Ancaq hələ konstitusiyaya əlavə və dəyişikliklərdən əvvəl də bəzi ekspertlər hesab edirdilər ki, bu qanun dövrün tələblərinə cavab vermir. Son əlavə və dəyişikliklərdən sonra qanunun dövrün tələblərinə cavab verib-verməyəcəyi isə mübahisəlidir.

Yeni əlavəyə görə, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması qadağan edilir. Üstəlik, əgər parlament bu əlavə və dəyişiklikləri qəbul etsə, dini icmalar bu il sentyabrın 1-nə kimi yenidən qeydiyyatdan keçməli olacaqlar. Dini icmalara hüquqi şəxs kimi baxılsa da, onların qeydiyyatı zamanı daha çox sənəd tələb ediləcək. R.Aslanova deyir ki, dövlətin təhlükəsizliyi qeydiyyat prosesində bəzi dəqiqləşdirmələri zəruri edir:

- Bu dini icma hansı zərurətdən yaranır? Onu kimlər yaradır? Məramları nədir? Bilirsiz bu, mili təhlükəsizlik və ən mühüm dəyərlərimizdən olan - islam dəyərlərinin qorunması baxımından çox vacibdir.

Parlamentin İnsan hüquqları komitəsinin başqa bir üzvü, millət vəkili Fazil Qəzənfəroğlu isə düşünür ki, daha çox sənədlərin tələb edilməsi dini icmaların qeydiyyatında məhdudiyyətlər yaradacaq:

- Dini icmalara sentyabrın 1-nə kimi vaxt verilməsi düzgün deyil. Əgər qanun yenidən qəbul edilsəydi, bunu başa düşmək olardı. Əgər bu əlavələr hansısa təşkilatın nizamnaməsində ziddiyyətlər ortaya çıxarırsa, onlara bir ay vaxt vermək olardı ki, nizamnamələrini qanuna uyğunlaşdırsınlar. Yoxsa bürokratik süründürməçilik ortaya çıxır.

Üstəlik, bu qanunda çoxdan mübahisə doğuran bir məqam hələ də saxlanmaqdadır. Qanuna görə, qeydiyyat üçün müraciət edən dini icmalar Qafqaz Müsəlmanları İdarəsindən təqdimat almalıdırlar. Bir sıra dini icmalar isə sual edirlər ki, nədən eyni hüquqlu bir dini icma onlara qeydiyyat üçün təqdimat verməlidir.

Rəbiyyət Aslanova:

- Ona görə də Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətlərinin artırılmasına böyük ehtiyac var. Düzdür, bu məsələ bu əlavə və dəyişikliklərdə öz əksini tapmadı. Ancaq inanıram ki, bu məsələ də gələcəkdə öz həllini tapacaq.

Ancaq Qafqaz Müsəlmanları İdarəsinə əlavə səlahiyyətlərin verilməsi ilə mübahisələrə son qoyulacağını düşünmək sadəlövhlük olardı. İndidən bəzi icmalar iddia edirlər ki, bunun özü də bərabərlik prinsipini pozacaq.

Dini Etiqad və Vicdan Azadlıqları Mərkəzinin rəhbəri İlqar İbrahimoğlu isə deyir ki, qanuna edilən son əlavə və dəyişikliklər vicdan azadlığı sahəsində geriləmədir:

- Ölkədə necə ki, söz və mətbuat, sərbəst toplaşmaq azadlığı sahəsində geriləmə baş verir, eyni vəziyyəti vicdan azadlığı sahəsində də görürük. Burda qəribə heç nə yoxdur.

İlqar İbrahimoğlu deyir ki, dövlətin təhlükəsizliyi ilə vicdan azadlığı arasında dəqiq sərhəd müəyyən edilməlidir. Dövlətin təhlükəsizliyi adı altında vicdan azadlığının boğulması yolverilməzdir.
XS
SM
MD
LG