Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:34

Meksikalılar «donuz qripi»nə görə amerikalıları ittiham edir


Yerli həkimlərin fikrincə, xəstəliyi qəsəbəyə həmin zibillikdən gələn milçəklər və ağcaqanadlar yayıblar
Yerli həkimlərin fikrincə, xəstəliyi qəsəbəyə həmin zibillikdən gələn milçəklər və ağcaqanadlar yayıblar
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Dünya Səhiyyə Təşkilatı, Dünya Heyvanların Sağlamlığı Agentliyi və ABŞ-ın yoluxucu xəstəliklər və epidemiyalarla mübarizə İdarəsinin ekspertləri bu gündən Meksikada araşdırmalara başlayırlar. «Donuz qripi»nin ilk olaraq qeydə alındığı Verakruz dağı ətrafındakı La Qloriya qəsəbəsində.

«Donuz qripi» yayılmamışdan hələ həftələr öncə, aprelin 13-də burda ilk dəfə kəskin respirator xəstəlikdən – sonradan məlum olduğu ki, məhz «donuz qripi»ndən 4 yaşlı oğlan uşağı ölüb.

Qəsəbənin bütün sakinləri – 450 nəfərin hamısı kütləvi olaraq bu xəstəlik simptomlarından şikayət ediblər və onların hamısında «donuz qripi» tapılıb.

Amma meksikalılar bu xəstəliyə yoluxmalarına görə amerikalıları ittiham edirlər. Daha konkret olaraq, qəsəbə yaxınlığında donuz yetişdirən ABŞ şirkətini. Sakinlər iddia edirlər ki, xəstəliyi qəsəbənin yanındakı donuz zibilliyi yayır. Həmin zibilliyə amerikalı donuzsaxlayanlar donuzların tullantılarını və kəsilən heyvanların qalıqlarını atırmışlar.

Yerli həkimlərin fikrincə, xəstəliyi qəsəbəyə həmin zibillikdən gələn milçəklər və ağcaqanadlar yayıblar. İndi beynəlxalq ekspertlər La Qloriyada bu iddiaları araşdırırlar.

Ancaq hələ araşdırmaların nəticəsi məlum olmasa da, ekspertlər indidən «donuz qripi»ylə bağlı bəzi yanlış təsəvvürlərin yayılmasının qarşısını almağın vacibliyini bildirirlər. Onların fikrincə, ən yanlış təsəvvür odur ki, guya donuz ətini yeməklə də bu xəstəliyə yoluxmaq olar.

Britaniyadakı Aberdin Universitetinin mikrobiologiya professoru Hag Pennington deyir ki,
«donuz ətindən heç bir yoluxma riski yoxdur, heç bir!»

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş baytarı Cozef Domenek bildirir ki, «donuz ətini yeməklə xəstəliyə yoluxmaq olar» iddiası həm donuz saxlayanları pis vəziyyətdə qoya bilər, həm də xəstəlikdən yanlış yolla qorunmaq istəyən insanları.

ABŞ-ın Yoluxucu Xəstəliklərlə Mübarizə və Nəzarət Mərkəzinin icraçı direktoru Riçard Besserin və başqa alimlərin sözlərinə görə isə, xəstəliyi «donuz qripi» adlandırsalar da, əslində söhbət insan, quş və donuz qriplərinin bir orqanizmdə mutasiyaya uğrayan yeni formasından gedir.

Alimlərin izahına görə, hər hansı bir şəkildə əvvəlcə qrip olan hansısa canlıya bu qriplərin digər növləri də keçib və virus həmin orqanizmdə mutasiya edib. Sadəcə bu mutasiya olunmuş qrip virusu - H1N1-ə ilk dəfə donuzlarda rastlandığından xəstəliyin adını donuzlarla bağlayıblar. Amma əslində bu, qripin yeni fərqli formasıdır.

Odur ki, indi bəzi ölkələrin - Rusiya, Ukrayna, Qazaxıstan, Çin, İndoneziya, Azərbaycan - Şimali Amerikadan donuz əti və ümumiyyətlə heyvan mənşəli məhsulların ixracına qadağa qoyması təsirli olmaya da bilər.

Məsələn, artıq İsrail kimi həm müsəlman, həm də yəhudi əhalisi donuz əti yeməyən bir ölkədə də artıq iki «donuz qripi»nə yoluxma halı qeydə alınıb. Hətta Səhiyyə nazirinin müavini Yakov Litzman deyib ki, «Tövrat»da murdar sayılan heyvanın adını dilə gətirməmək üçün xəstəliyin adını da dəyişib «Meksika qripi» demək lazımdır.

İş ondadır ki, ABŞ və başqa ölkələrdəki donuz sənayesinin lobbiçiləri də indi ciddi kampaniyaya başlayıblar ki, xəstəliyin adını dəyişdirsinlər. Onların fikrincə «donuz qripi» sözü onların biznesinə ciddi ziyan vurur və insanları donuz ətindən çəkindirir deyə, xəstəliyi «Şimali Amerika qripi» adlandırmaq lazımdır.

Bu gün Kambocanın Baş naziri Hun Şen xalqa müraciət edib ki, donuz ətini yeməkdən qorxmaq lazım deyil, panika əsassızdır. Şen xalqını donuz əti yeməyə davam etməyə çağırıb, amma ki, yaxşıca bişirildiyinə əmin olandan sonra...

Dünyanın donuz saxlayanları və yeyənləri xəstəliyin adıyla bağlı müzakirə açdığı bir vaxtda alimlər xəstəliyin dərmanı üzərində çalışırlar. Daha doğrusu, peyvəndi. Çünki daha əvvəlki quş qripi və Sars virusunda işlədilən «Tamiflü» və «Relenza» kimi dərmanların bu qrip virusunu da nəzarətə ala bildiyi artıq təsdiqlənib.

Haq Pennington: «Biz artıq bilirik ki, «Tamiflü» və onun kimi dərmanlara qarşı yeni virus həssadır. Bu, virusun inkişafını dayandırır. Konkret olaraq xəstəyə necə təsir elədiyini demək üçünsə hələ çox tezdir. Bəzi adamlar bu dərmanla uzun müddət müalicə olunublar, amma yenə də infeksiya keçiriblər - odur ki, «Tamiflü»nun konkret təsirini demək olmur. Dəqiq bildiyimiz odur ki, «Tamiflü»ylə müalicə olunan xəstələr xəstəliyi daha yüngül keçirirlər, əlamətlər birdəfəlik sağalmasa da, xəstəliyin müddəti azalır».

Xəstəliyin müalicəsi üçün ən önəmli amil - vaxtında və düzgün diaqnozun qoyulmasıdır. Amma «donuz qripi»nin əlamətləri elə digər qriplər kimidir, belə necə bilmək olar ki, kimsə adi qripə yox, məhz «donuz qripi»nə yoluxub. Və ya əksinə. Aberdin Universitetinin mikrobioloqu Penninqton bu sualın cavabında deyir ki, «donuz qripi» hələlik Meksikada geniş qeydə alınıb deyə, əsasən Meksikaya səyahət edən və ya belələriylə kontaktda olan adamlarda qrip əlamətləri varsa, şübhələnməyə dəyər.

O ki qaldı xəstəliyə tutulmanın qarşısını ala bilən - yəni immunitet yarada bilən peyvəndin hazırlanmasına, Penninqton deyir ki, yaxın 6 ay içində kütləvi tətbiq oluna bilən peyvəndi gözləmək mənasızdır. Nəzərə alanda ki, indiki qrip peyvəndləri – cəmi altı ay əvvəl hazırlanan dərman «donuz qripi»nə qarşı müdafiəni təmin etmir, altı ay sonra ortaya çıxacaq yeni peyvəndin də hansısa yeni virus növünə qarşı immunitet yaratmasına heç kim təminat vermir.

«AZADLIQ» RADİOSU İNDİ DƏ TELEVİZORUNUZDA. ƏTRAFLI MƏLUMAT ÜÇÜN BURA DAXİL OL.
XS
SM
MD
LG