Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:23

«Triest modeli» Qarabağ münaqişəsinə tətbiq edilə bilərmi?


Triestin ərazisi 84,5 kv. km, əhalisi isə 211 min nəfərdir
Triestin ərazisi 84,5 kv. km, əhalisi isə 211 min nəfərdir

Bir çox ekspertlər yeni modelin tətbiq olunacağı təqdirdə Dağlıq Qarabağın mübahisəli ərazi kimi müəyyənləşdiriləcəyindən ehtiyatlanır


Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağ (DQ) münaqişəsinin həllində «Triest modeli»ndən istifadəni istisna etmir. Ancaq bunun üçün Qarabağın azərbaycanlı icmasının da rəyini öyrənməyin lazım olduğunu deyir.


Triest İtaliyanın tərkibindədir, Venesiya-Culiya Muxtar Vilayətinin paytaxtıdır. Bu şəhər vaxtilə Yuqoslaviyanın tərkibində olub. 1945-ci ildə İkinci Dünya Müharibəsindən sonra Triestin iki hissəyə bölünməsi barədə saziş imzalanıb. İki il sonrasa Paris müqaviləsi ilə Triestin bir hissəsi müttəfiq qüvvələrə, digər hissəsi isə Yuqoslaviyaya verilib. 1975-ci ildə Triest tamamilə İtaliyanın tərkibinə keçib.


Triest azad zonasının daimi statusu barədə imzalanmış sənəddə deyilir ki, bu ərazinin müstəqilliyi BMT-nin Təhlükəsizlik Şurası tərəfindən təmin edilir. Bu ərazi hərbsizləşdirilir və neytral sayılır. Onun öz bayrağı və gerbi, qubernatoru, İdarə Şurası, Xalq Məclisi və məhkəməsi var. Azad zona polis və təhlükəsizlik xidmətini yaradır. Ərazinin qubernatorunu Yuqoslaviya və İtaliya rəhbərliyi ilə məsləhətləşmədən sonra BMT-nin Təhlükəsizlik Şurası təyin edir.


Xarici İşlər naziri Elmar Məmmədyarov deyir ki, «Triest modeli» yüksək status deməkdir və bu, Ermənistanla aparılan sülh danışıqlarında müzakirə olunur: «Dünyada ən yüksək səviyyəli muxtariyyətlər var. Uzağa getməyək, Rusiya Federasiyasını götürək, Tatarıstanın Konstitusiyası onlara icazə verir ki, lap xaricdə nümayəndəlik açsınlar. Mən Vaşinqtonda olanda orda Tatarıstanın ayrıca nümayəndəsi vardı, onun öz ofisi, büdcəsi var idi. Ancaq Tatarıstan Rusiya Federasiyasının tərkibindədir, Başqırdıstan da eynən belədir».


Cənab Məmmədyarovun sözlərinə görə, «Triest modeli» bəzi dəyişikliklə Azərbaycana tətbiq oluna bilər. Ancaq indidən bu məsələdən danışmaq həm tez, həm də çətindir, çünki belə bir modelin tətbiqi üçün DQ-da yaşayan azərbaycanlıların da fikrini öyrənmək lazımdır.


Rəsmi Bakı müxtəlif vaxtlarda bəyan edib ki, DQ-ya Azərbaycan tərkibində yüksək status verməyə hazırdır. Ancaq «Triest modeli»nin DQ-ya yüksək status verəcəyinə şübhəylə yanaşanlar da var. Məsələn, politoloq Rasim Musabəyov deyir ki, «Triest modeli» heç də yüksək status demək deyil: «Mübahisəli ərazi müəyyənləşdirilir, orada beynəlxalq nəzarət təmin olunur, sonradan arbitraj vasitəsilə həmin ərazi bölünür. «Triest modeli» bundan ibarətdir. Elmar Məmmədyarovdan soruşmaq lazımdır ki, sən Qarabağ deyəndə nəyi nəzərdə tutursan? Yalnız Dağlıq Qarabağı, yoxsa işğal olunmuş bütün əraziləri? Sən bu əraziləri mübahisəli ərazi kimi qəbul etməyə, bu ərazilərdə beynəlxalq nəzarəti təmin etməyə, məsələnin sonradan arbitraj məhkəməsində həll olunmasına hazırsanmı?»


Dağlıq Qarabağ münaqişəsinin həllinə hansısa modeli tətbiq etməyin düzgün olmadığını deyənlər də var. Onların fikrincə, bu vaxtacan təklif olunmuş bütün modellər DQ-ya azadlıq vermək deməkdir. Məsələn, Aland adaları, Brüssel modelləri təklif olunub. Yaxud Kosovo müstəqillik əldə edərsə, bunun Dağlıq Qarabağa tətbiq oluna biləcəyi barədə fikirlər səslənib.


Keçmiş dövlət müşaviri Vəfa Quluzadə də bu fikirdədir ki, nəinki Triest, heç bir model Dağlıq Qarabağ münaqişəsinin həllinə tətbiq oluna bilməz: «Biz təcavüz etməmişik ki, torpaqlarımız beynəlxalq arbitraja getsin. Ermənilərin torpaqları beynəlxalq arbitraja getməlidir. Moskva və Yerevana beynəlxalq arbitraj tətbiq olunmalı, nəzarət edilməlidir ki, bir daha başqasının torpağına təcavüz etməsinlər. Məsələni heç bir modelin müzakirəsinə vermək olmaz. Bu, Azərbaycan torpaqlarının verilməsi deməkdir».


«Zerkalo» qəzetində siyasi icmalçı Rauf Mirqədirovun yazdığına görəsə, Azərbaycan tərəfi danışıqlarda təkid edir ki, azad zonanın qubernatorunu zona rəhbərliyi və beynəlxalq təşkilatlarla məsləhətləşmədən sonra özü təyin etsin. Yəni rəsmi Bakı Dağlıq Qarabağ üzərində formal suverenliyini saxlamaq istəyir, Böyük Britaniyanın bəzi keçmiş koloniyaları ilə münasibətləri kimi...


Ekspertlərin rəyinə görə, «Triest modeli»nin bir neçə müsbət tərəfləri də var. Belə ki, DQ heç də tam müstəqil dövlətə çevrilmir. Azad zona statusu ona yalnız imkan verir ki, iqtisadi, texniki, sosial-mədəni məsələlərin həllilə məşğul olan beynəlxalq konvensiya və təşkilatlara qoşulsun. Amma bu cür status onun nə BMT, nə də başqa siyasi, hərbi birliyə üzvlüyünü mümkün etmir. Belə bir statusda Dağlıq Qarabağı Ermənistan da daxil olmaqla, heç bir ölkə müstəqil dövlət kimi tanıya bilmir.


Eyni zamanda Elmar Məmmədyarov bildirir ki, bu halda Dağlıq Qarabağın azərbaycanlı icmasının da rəyi mühümdür. Əgər söhbət yalnız DQ-dan gedərsə, yəni onun ətrafında işğal olunan digər rayonlar nəzərə alınmazsa, bu halda da vəziyyət o qədər də Azərbaycanın xeyrinə görünmür. Çünki bu münaqişədən əvvəlki statistik məlumatlarda Dağlıq Qarabağda ermənilərin sayı azərbaycanlılardan çox göstərilirdi. Bu halda da azərbaycanlıların mövqeyi həlledici olmaya bilər.


XS
SM
MD
LG