Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:34

Məşqlərdə Pavlyuçenko əvəzinə qolu onun tərcüməçisi vurur


Roman Pavlyuçenko
İngiltərənin «Tottenhem» futbol komandasının baş məşqçisi Harri Rednapp komandanın hücumçusu, rusiyalı Roman Pavlyuçenkonun hələ də ingiliscə danışa bilməməsindən narazıdır.

Bu haqda xəbər verən «Daily Telegraph» yazır ki, baş məşqçinin fikrincə, dili bilməyən Pavlyuçenko onun göstərişlərini başa düşmür, bu isə komandanın oyununa təsir edir. Rednapp «Vest Hem»lə oyunu misal çəkir:

«Oyunun son dəqiqələrində ona qışqırdım ki, rəqibin sağ kənar yarımmüdafiəçisinə qarşı oynayıb onun hücuma keçməsinə mane olsun. Mənim sözlərimi başa düşsəydi, oyun başqa axarda gedərdi».

Həmin oyunda Pavlyuçenko əvəzedici kimi meydana çıxıb «Tottenhem»ə qələbə gətirən qolun müəllifi oldu. Rəqib komanda hesabı bərabərləşdirmək üçün aramsız hücumlara başlayanda isə Rednapp qərar verir ki, hesabı saxlasınlar. Lakin Pavlyuçenkoya nə qədər qışqırsa da, rusiyalı futbolçu onun istədiyi kimi müdafiəyə çəkilmədi.

Sonuncu Avropa Çempionatından sonra məhşur futbol klublarının diqqətini özünə cəlb edən Pavlyuçenkoya ən əlverişli təklifi «Tottenhem» etdi. Lakin Rusiyanın «Spartak» klubundan «Tottenhem»ə keçdiyi 7 aydan artıq vaxt ərzində o hələ də ingilis dilini kifayət qədər başa düşmür. Hələ də məşqlərə tərcüməçi ilə gəlir.

Rednapp bunu yarızarafat, yarıciddi belə təsvir edir:

«Bu, bir problemdir. Məşqlərdə daim onun yanında tərcüməçi qaçır. Bir də görürsən topu qaldırırlar, Pavlyuçenko əvəzinə tərcüməçi irəli çıxıb topu kəllə ilə qapıya vurur».
XS
SM
MD
LG